Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır İqtisadiyyat

Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10325,9 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6278,7 mln. dollar, idxalın dəyəri 4047,2 mln. dollar təşkil edib, nəticədə 2231,5 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 41,9%-i Avropa İttifaqı ölkələri, 12,6%-i MDB üzvü dövlətləri, 45,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb. İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.