…Qlobal dəyər zəncirinə inteqrasiya İqtisadiyyat

…Qlobal dəyər zəncirinə inteqrasiya

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Sənaye sahələrinin inkişafı, diversifikasiya və qlobal dəyər zəncirinə inteqrasiya" mövzusunda seminar keçirilib. Nazirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, kiçik və orta sahibkarların iştirak etdikləri seminarda qlobal dəyər zəncirləri və onların beynəlxalq bazar cərəyanlarının formalaşmasında rolu müzakirə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, seminarın əsas məqsədi Azərbaycanda aparılan islahatlara töhfə verməkdən ibarətdir. Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulması çox vacib bir istiqamətdir. Bu gün Azərbaycan yeni iqtisadi modelə qədəm qoyur və biz ölkədə aparılan bütün iqtisadi islahatları, iqtisadi inkişafı məhz qlobal və regional dəyər zəncirləri baxımından nəzərdən keçiririk. Çalışırıq ki, ölkənin bütün iqtisadi potensialı məhz qlobal və regional dəyər zəncirlərinin bir hissəsi olsun.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, hazırda biz Azərbaycanın strateji yol xəritəsinin hazırlanması prosesindəyik. Bu prosesdə çox böyük ictimai aktivik və inklüzivlik təmin edilib. Strateji yol xəritəsinin hazırlanması uğurla davam edir. Bütün beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, beynəlxalq konsaltinq şirkətləri, ictimai təşkilatlar bu prosesdə fəal iştirak edir. Hesab edirəm ki, bu sənədin əsas xüsusiyyəti hərtərəfli inklüzivliyin təmin edilməsi olacaq.
"Bildiyiniz kimi, biz yeni iqtisadi model yaratmaq ərəfəsindəyik. Artıq Azərbaycan post-neft erasındadır və bu era yeni iqtisadi modelin formalaşdırılmasının tələbidir. Yeni iqtisadi model qlobal dəyər zəncirinə inteqrasiya şəraitində formalaşdırılmalıdır. Yəni biz elə sahələrdə iqtisadiyyatın diversifikasiyasını təmin etməliyik ki, həmin sahələr sonradan bizə qlobal dəyər zəncirlərinə qoşulmağa imkan versin. Qlobal dəyər zəncirinə qoşulmaq o vaxt uğurlu olacaq ki, biz iqtisadiyyatda rəqabət üstünlüyümüz olan sektorlar üzrə ixtisaslaşmanı təmin edə biləcəyik və həmin sektorların inkişafı üzrə dəstək siyasətini həyata keçirəcəyik", - deyə E.Mikayılov diqqətə çatdırıb.
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, IFC həm sərmayə, həm də özəl sektora investisiya qoyuluşu, həm də hökumətə biznes mühitin yaxşılaşdırılması sahəsində məsləhət xidmətləri göstərir. IFC üçün Azərbaycan şirkətlərinin inkişafı regionda və qlobal səviyyədə təmsilçiliyi bizim üçün çox əhəmiyyətlidir. IFC dünyanın 100-dən artıq ölkəsinə sərmayə qoyur, qlobal korporasiyalarla əməkdaşlıq edir.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" ilə əlaqədar İslahatlar üzrə Məsləhətçi Proqramının aparıcı mütəxəssisi Melissa Rekas Mets "Diversifikasiya, qlobal dəyər zəncirləri və müəssisələrin inkişafı" mövzusunda təqdimatla çıxış edib. Seminarda mikro, kiçik və orta müəssisələrin inkişafını dəstəkləmək üçün vasitələrin müəssisələrin növləri və ehtiyaclarına uyğunlaşdırılması çərçivəsində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədilə "Doing Business" hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası sentyabrın 9-dək Bakıda səfərdədir.