
Yaqub Piriyev: "Yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil, bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur"
Tərlan
"Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil. Bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur". Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması məsələsi barədə danışan Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin müdirinin müavini Yaqub Piriyev APA-ya açıqlamasında deyib ki, Avropa Kredit Transfer Sistemi (AKTS) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempi, həmdə ödəmə imkanları sinxronlaşacaq.
Y.Piriyevin sözlərinə görə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq: "Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaq. Bu tədris prosesinin yenidən qurulması, maliyyələşdirmə mexanizminin yaradılması və insan resursları imkanlarının artırılmasına ehtiyac yaradacaq. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcək. Bu mexanizm ömür boyu təhsil və tədrisin iş bazarı ilə əlaqəsini daha da möhkəmləndirəcək".
Nazirlik rəsmisi qeyd edib ki, ali təhsildə müasir və şəffaf idarəetmə modelinin qurulması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini tələb edir. Onun sözlərinə görə, bu baxımdan ali təhsilin idarə olunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin ictimailəşməsi prosesi sürətlənməlidir.
Qeyd edək ki, neçə illərdir BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə ciddi təhsil islahatlarının aparılmasını, imkansız ailələrin uşaqlarına isə təhsil almaları üçün dövlət tərəfindən uzunmüddətli güzəştli təhsil kreditlərinin verilməsini təklif edib. Əgər belə olarsa, pullu özəl ali təhsil müəssisələrində oxuyan tələbələr indiki kimi diplom almaq naminə deyil, yalnız biliklərə yiyələnmək üçün çalışacaqlar. Təsadüfü deyil ki, Qərbdə ali məktəblərdə təhsil haqqının nə qədər olması o qədər də önəmli sayılmır. Əsas diqqət universitetin adına-sanına, onun diplomlarının hörmətinə və etibarlılığına, buraxdığı məzunların səviyyəsinə yetirilir. Tələbə isə pul ödədiyinə görə yüksək təhsil almağı quru diploma pul verməkdən üstün sayır. Habelə ali məktəblər arasında ad, imic uğrunda, daha yaxşı təhsil vermək sahəsində mübarizə gedir, rəqabət mühiti yaranır. Hətta bunun ilk işartıları artıq Azərbaycanda var. Təsadüfü deyil ki, ölkədə özəl ali məktəblər arasında ən yaxşıları məhz Xəzər və Qafqaz Universitetləri sayılır. Çünki bu ali məktəblərdə rüşvət yoxdur, diqqət daha çox təhsilin keyfiyyətinə yönəldilir. Belədə həm də dövlət büdcəsi ali məktəbləri maliyyələşdirmək yükündən azad olar. Hətta bir müddət ali məktəbləri vergidən azad etmək olar. Sonra isə onlar özləri qazanclarından vergi ödəməklə büdcəyə xeyir gətirəcəklər. Büdcəyə gələn həmin vəsaitlər orta və ibtidai təhsilin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə yönəldilə bilər.
Şübhəsiz ki, kasıbın da ali təhsil almaq hüquqları var. Amma Azərbaycanda bu iş o qədər bahalı bir məsələyə çevrilib ki, çoxları imkansızlıq ucbatından övladlarını oxuda bilmir. Əlbəttə, belədə sual ortaya çıxa bilər ki, bəs yoxsul və kasıb uşaqları pullu ali məktəblərdə necə oxuya bilərlər?
BAXCP-nin İqtisadiyyat Komissiyasında hesab edirlər ki, bu məsələnin də çox sivil qaydada həlli yolu var. İnkişaf etmiş ölkələrdə kasıb uşaqları ailələrinin təhsil haqlarını ödəyə bilməməsinə baxmayaraq, onlar oxuyub yüksək postlara yiyələnirlər. Bunun üçün onlar dövlətdən faizsiz kredit alıb, təhsil haqqını ödəyirlər. Ali məktəbi bitirib işləməyə başlayanda isə götürdükləri krediti geri qaytarırlar. Sadəcə olaraq kredit məsələsində hökumət təhsil alanlara maksimum güzəştə gedir. Yəni, onlardan kreditin faizini almır, habelə tələbənin məzuna və mütəxəssisə çevrilib iş tapmasını, qazanc əldə etməsini gözləyir. Belədə tələbə də kredit götürdüyü üçün öz ixtisasını yüksək səviyyədə mükəmməl öyrənməklə özünə iş tapıb, pulu qaytarmağa çalışacaq. Göründüyü kimi bu da təhsilin inkişafına əlavə stimul verəcək və cəmiyyət də bundan qazanacaq. Hamı indiki kimi diplom sahibi olmağa deyil, mütəxəssis kimi yetişməyə, sayılıb-seçilən, adı-sanı olan, yüksək təhsil verən ali məktəblərdə oxumağa can atacaq.
Bu məqsədlə tezliklə "Təhsil kreditləri haqqında" qanun qəbul olunmalı, burada kreditlərin verilmə qaydaları, şərtləri, müddəti və s. dəqiq öz əksini tapmalıdır. Hər il dövlət büdcəsindən və ya Heft Fondundan bu məqsədlə 30-50 milyon manat vəsaitin ayrılmasına ölkənin indiki maliyyə potensialı da tam imkan verir. Bütün bu addımlar atılmadan biz təhsilimizi inkişaf etdirə bilməyəcəyik. Bu sahədə cəsarətli addımların atılmasına, islahatların aparılmasına ehtiyac var. Hətta dövlət ali məktəblərini çox ciddi şərtlər daxilində özəlləşdirmək olar. Ali məktəblər kimlərinsə müəssisəsinə çevrildikdən sonra həmin məktəblərdə kadrların seçilməsi prinsipləri də tamamilə fərqlənəcək. Univerisitetlər daha sanballı, bilikli və adlı-sanlı pedaqoqları, alimləri öz sıralarına cəlb etməyə, onlara yüksək əməkhaqqı verməyə can atacaq. Ali məktəblər təhsil verdiyi sahələr üzrə tələbələrə daha çox tələbat olması uğrunda rəqabət aparacaq. Tələbə uğrunda açıq mübarizə gedəcək. Belədə təhsil alanların da təhsilə münasibəti kökündən dəyişəcək. Tələbə də, işə götürən də kəmiyyəti deyil, keyfiyyəti seçəcək.
İndi insanlar sanki savad, bilik almaq, mütəxəssis olmaq əvəzinə diplom əldə etməyə pul xərcləyirlər. Tələbə rüşvət verir ki, müəllim ona qiymət yazsın. Bununla da ilk növbətə öz evini yıxmış olur. Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə şey yoxdur. Quru diplom dalınca qaçan minlərlə tələbəmiz universiteti bitirdikdən sonra iş tapa bilmədiyindən şikayətlənir. Əslində günah birinci onun özündədir. Çünki tələbə təhsilə xərclədiyi pulun əvəzində ali məktəbdən yüksək keyfiyyətli tədris tələb etməlidir ki, gələcəyin peşəkar mütəxəssisi kimi yetişsin. Belədə ona iş tapmaq da, pul qazanmaq da asan olacaq...