BTQ-yə mane olmaq mümkün deyil İqtisadiyyat

BTQ-yə mane olmaq mümkün deyil

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin gecikməsi bəzən iqlim şəraiti, relyef və digər məsələlərlə əsaslandırılsa da, bu mühüm layihənin başa çatdırılmasına mane olan digər səbəblər də var.
Bu sözləri BayMediaya açıqlamasında BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəylinin qənaətinə görə, BTQ-yə tam avtonom bir layihə kimi yanaşmaq doğru deyil: "Çünki bu halda layihənin gecikməsinin qlobal geosiyasi səbəbləti anlaşılmır. BTQ Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi üçün mühüm nəqliyyat birləşməsidir. Yəni körpü funksiyasını yerinə yetirir. BTQ olmadan TRACECA da demək olar ki, yoxdur. TRASEKA" beynəlxalq nəqliyyat dəhlizi Şərqlə Qərb arasında digər iki marşruta, Transokean daşımaları və Transsibir magistralına alternativ olan bir layihədir. Bu isə o deməkdir ki, layihənin tam şəkildə reallaşması Rusiyanın marağına uyğun deyil. Bu layihə Çin və Asiya ölkələrinin mallarının Avropaya daşınması üçün ən qısa yoldur. Layihənin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyur və bu da geosiyasi, həm də geoiqtisadi baxımdan Moskvanın maraqlarına uyğun deyil. Layihədə maraqlı olanlar isə Avropa İttifaqı, Çin və Rusiyanın nəzarətindən çıxmağa çalışan Asiya ölkələridir. - BTQ eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də nəqliyyat birləşməsidir. Cənub-Qərb Nəqliyyat Dəhlizi Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsi Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaq. Alternativ marşrutlarda çatdırılma vaxtı 35-37 gün təşkil edir. Göründüyü kimi bu layihədə də Rusiya kənarda qalıb. Eyni zamanda Hindistanla dünya bazarında rəqabət aparan Çin də Cənub-Qərb Nəqliyyat Dəhlizində maraqlı deyil. Lakin BTQ həm də TRACECA-nın tərkib hissəsi olduğu üçün Çin bu mühüm nəqliyyat birləşməsinə maneə yaratmaq istəməz. - Rusiyanın Azərbaycanın iştirakı ilə maraqlı olduğu yeganə layihə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihədə isə BTQ yer almır. Qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizi Cənub-Qərb Nəqliyyat Dəhlizinin alternatividir və Hindistandan yüklərin İran, Azərbaycan və Rusiya ərazisindən keçərək daşınmasını nəzərdə tutur. Bütün bunları nəzərə aldıqda, BTQ-nin reallaşmasına ən çox maneə yaradan ölkənin Rusiya olduğunu deyə bilərik. Lakin Rusiya nə qədər çalışsa da başa çatmasına qısa müddət qalmış bu layihəni sıradan çıxara bilməz. Sadəcə icra prosesinin vaxtında başa çatmasına maneə yarada bilər".