EBRD-nin ölkə üzrə rəhbəri: Son üç ildə Azərbaycana yatırımlarımız artıb İqtisadiyyat

EBRD-nin ölkə üzrə rəhbəri: Son üç ildə Azərbaycana yatırımlarımız artıb

“Son üç ildə Azərbaycana yatırımlarımız artıb, ötənilki investisiyaların 80%-i yaşıl iqtisadiyyata yönəlib”.

“APA-Economics” xəbər verir ki, bunu Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində çıxışı zamanı Bankın Azərbaycan üzrə rəhbəri Natali Muravidze deyib.

4 milyard dollardan çox sərmayə, 200-ə yaxın layihə

Muravidze bildirib ki, EBRD uzun illərdir Azərbaycanla tərəfdaşlıq edərək daha dayanıqlı, inklüziv və şaxələndirilmiş iqtisadiyyata keçid prosesinə dəstək verir. Bankın investisiyaları enerji, infrastruktur, maliyyə sektoru və kiçik və orta sahibkarlığın dəstəklənməsi kimi müxtəlif sahələri əhatə edir.

“İndiyə qədər Azərbaycanda təxminən 200 layihə üzrə 4 milyard dollardan çox investisiya həyata keçirmişik. Təkcə ötən il ölkəyə 200 milyon dollara yaxın sərmayə qoymuşuq ki, bunun da 80%-i yaşıl iqtisadiyyatla bağlı layihələrə yönəlib”, – deyə o vurğulayıb.

Maliyyədən daha çox islahatlara dəstək

EBRD nümayəndəsi qeyd edib ki, bankın fəaliyyəti təkcə maliyyələşdirmə ilə məhdudlaşmır, həm də ölkədə struktur islahatlarına töhfə verir. Bu çərçivədə Azərbaycanın ilk bərpa olunan enerji hərracının təşkili, hidrogen strategiyası üzrə baxış sənədinin hazırlanması, dövlət-özəl tərəfdaşlığı (PPP) qanunvericiliyi və Gəncə şəhəri üçün “Yaşıl Şəhər” planlaması kimi təşəbbüslər bankın dəstəyi ilə həyata keçirilib.