Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizmi formalaşdırılır İqtisadiyyat

Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizmi formalaşdırılır

Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizmi formalaşdırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin 24 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət borcu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə İlinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu layihəsi hazırlanıb.

Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Eyni zamanda layihədə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.