Əmlak Komitəsindən yeni elektron xidmətlər İqtisadiyyat

Əmlak Komitəsindən yeni elektron xidmətlər

Əmlak sahibləri dövlət reyestrindən məlumatları internet vasitəsilə əldə edəcəklər

Tərlan

Dünən Əmlak Məsələləri Dövlət Komitəsi "Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə" adlı ictimai təqdimat keçirib. Tədbir yeni elektron xidmətlərin, eləcə də daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi ilə əlaqədar elektron xidmətin ictimai müzakirəsinə həsr olunub. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mərkəzi aparatı, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Informasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, aidiyyəti dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.
Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri dövlət reyestrindən məlumatları internet vasitəsilə əldə edəcəklər. Bununla bağlı ərazi qeydiyyat idarələrinə ərizələrin yazılması, idarələrə müraciət edilməsinə ehtiyac qalmayacaq. Bu xidmət əhali, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün faydalı olacaq. Sədr müavini qeyd edib ki, komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda 20 interaktiv, 2 informativ xidmət vətəndaş və əmlak sahiblərinin istifadədir.
İlin sonuna qədər elektron xidmətlərin sayı artırılacaq. İl ərzində istifadəyə veriləcək xidmətlərə icarə haqqı borcları haqda məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi haqda məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və başqa xidmətlər olacaq. İndiyə qədər elektron xidmətlər vasitəsilə 51 600 elektron müraciət daxil olub.
Xatırladaq ki, komitə tərəfindən martın 3-dən etibarən əmlaka dair arayışların verilməsi ilə əlaqədar onlayn xidmətlərin tətbiqinə başlanılıb. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) almaq üçün ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. Arayışların onlayn rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olur.
Yeni mexanizmə görə notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndərilir, əlavə proseduralar aradan qaldırılır, çeviklik təmin edilir. Bundan əlavə, vətəndaşlar öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə biləcəklər.
ƏMDK xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda da xidmətlər göstərir. Əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac olmayacaq. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri də alınıb.
İlk belə xidmətlərdən daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin sakinləri faydalanıb. Belə ki, aprel ayında Sumqayıt şəhərində sakinlər üçün yaşayış ünvanlarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi nəqliyyat vasitəsində qeydiyyat xidmətləri göstərilməyə başlanılıb.
Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.
Qeyd edək ki, ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Bu da əhaliyə xidmətlərin müasir üsullarla, çevik və rahat şəkildə göstərilməsini təmin edir. Bu nəqliyyat vasitələrinin köməkliyi ilə Bakı və respublikanın regionlarında yaşayan vətəndaşlara və əmlak sahiblərinə yerindəcə qeydiyyat xidmətləri göstərilir. Qarşıdakı dövrdə qeyd olunan nəqliyyat vasitələrinin sayı artırılacaqdır. Komitə tərəfindən belə xidmətlərin daxil olan müraciətlər əsasında aprel ayında Bakı, Gəncə və Yevlax şəhərləri, Abşeron və Xaçmaz rayonlarında da təşkili nəzərdə tutulur. Növbəti aylarda da belə xidmətlərin Bakı və regionlar üzrə təşkili davam etdiriləcək.
Qeyd edək ki, 2013-cü ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb və təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya planının məqsədi Komitənin fəaliyyətinin daha müasir, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.