DGK beynəlxalq toplantıda təqdimatla çıxış edib İqtisadiyyat

DGK beynəlxalq toplantıda təqdimatla çıxış edib

Kolumbiyanın Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi, Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi və Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının (AIOEA) 1-ci iclası keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, beynəlxalq toplantıda komitə sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev təqdimatla çıxış edib.
Təqdimatda öncə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və müstəqilliyin möhkəmləndirilməsi, eləcə də ölkənin tərəqqisi yolunda əldə edilən uğurlardan bəhs edilib. Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, yerləşdiyi coğrafi məkanın əhəmiyyəti barədə ətraflı məlumat verilib, eyni zamanda, ölkənin zəngin neft və qaz resursları ilə tanındığı bildirilib. DGK sədri müasir Azərbaycan tarixinin acı reallığına - ölkənin Ermənistan hərbi qüvvələri tərəfindən işğala məruz qalmasına da toxunaraq, Ermənistanın işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini, lakin bu qətnamələrin yerinə yetirilmədiyini də diqqətə çatdırıb.
Təqdimatda Azərbaycanın yerləşdiyi əraziyə görə Asiya və Avropa arasında logistik mərkəz olduğu, buradan Şimal-Cənub və Şərq-Qərb kimi nəqliyyat dəhlizləri daxil olmaqla, hava, dəniz və dəmir yollarının keçdiyi, eləcə də qədim İpək yolunun mühüm hissəsi olması barədə məlumat verilib. Azərbaycanda son illər tranzit axını və ticarət dövriyyəsinin artması - logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin həyata keçirildiyi bildirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xüsusi önəmi qeyd edilib. Azərbaycan Gömrük Xidmətinin yaranma tarixi, onun funksiyaları və hüquqi bazası barədə də ətraflı danışılıb.
Sonra A.Əliyev dünya üzrə bütün gömrük idarələrinin üzləşdiyi əsas problemlər - qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, malların dəyərinin aşağı və ya yuxarı göstərilməsi, əqli mülkiyyət hüquqlarının pozulması və digər gömrük hüquqpozmalarına toxunaraq, Azərbaycan gömrüyünün ən müasir yoxlama avadanlıqları ilə təchiz edildiyini, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələrinin, eləcə də "Hədəf" mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
"Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində ölkənin gömrük xidməti qarşıdakı vəzifələr və yeni çağırışlara uyğun olaraq daim dəyişir", - deyə çıxışına davam edən A.Əliyev əlavə edib ki, Azərbaycan Gömrük Xidmətinin sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla, qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib. Bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurulub və müasir yoxlama avadanlıqları ilə təchiz olunub. Komitə sədri deyib ki, idxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılmış digər mühüm addım sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə "Yaşıl dəhliz" və digər sürətli keçid sistemlərinin tətbiqidir. Bununla yanaşı, gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla, bir çox gömrük xidmətlərinin elektron əsasda göstərilməsi təmin edilib.
Bundan başqa, ÜGT-nin Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və malların, eləcə də nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır. Həmçinin ötən ildən başlayaraq risklərin idarə edilməsi sistemi VAİS çərçivəsində fəaliyyət göstərir. Bununla yanaşı, tranzit yük maşınlarına GPS qurğuları quraşdırılır. Bu, "Hədəf" mərkəzindən onların izlənilməsinə və təyin edilmiş marşrutdan yayındıqları zaman mobil qruplar sayəsində zəruri tədbirlər görməyə imkan yaradır.
O da diqqətə çatdırılıb ki, Azərbaycan gömrük xidməti ticarətin asanlaşdırılması və əməkdaşlığın gücləndirilməsi məqsədilə gömrük hüquqpozmalarının qarşısının alınması, əməkdaşların təlimi, ilkin məlumat mübadiləsi və gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması kimi sahələrdə ikitərəfli və çoxtərəfli əsasda bir sıra sazişlər imzalayıb. Azərbaycan gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2014-cü ildə Azərbaycan Gömrük Xidməti və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərində "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda Qlobal Konfrans keçirilib. 2015-ci ildə Bakıda keçirilən digər mühüm tədbir DGK-nin ev sahibliyi etdiyi və ÜGT tərəfindən təşkil edilən 10-cu PICARD konfransı olub. Bundan başqa, Azərbaycan Gömrük Xidməti Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə birgə tələbə konfransları keçirir ki, indiyədək iki belə konfrans (2016-cı və 2017-ci illərdə) təşkil olunub.
Daha sonra A.Əliyev bildirib ki, Azərbaycan gömrük xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür. ÜGT ilə olduqca fəal əməkdaşlıq edir. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də fəaliyyət göstərir. Çıxışının sonunda komitə sədri Azərbaycandakı Kinoloji Mərkəzin fəaliyyətinə ayrıca toxunaraq bildirib ki, burada narkotik vasitələrin, silah-sursatın, banknotların axtarışı üzrə itlərin təlim alması üçün zəruri avadanlıq və təlimçilər var. Mərkəzdə təlim almış itlər bir neçə beynəlxalq yarışın iştirakçısı və qalibidir. Mərkəzdə əməkdaşlıq əsasında, bir neçə ölkənin gömrük xidməti əməkdaşları üçün xüsusi təlimlər təşkil olunub və Azərbaycan Gömrük Xidməti təlim almış itləri həmin ölkələrin gömrük xidmətlərinə hədiyyə edib. Sonda "Odlar yurdu - Azərbaycan" adlı videoçarx nümayiş olunub.