Milli Məclisdə büdcə müzakirələri davam etdirilib İqtisadiyyat

Milli Məclisdə büdcə müzakirələri davam etdirilib

2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələrinin müzakirəsi Milli Məclisin dünənki plenar iclasında davam etdirilib.
İclasda hökumət üzvləri və digər vəzifəli şəxslər iştirak edib. Qeyd edək ki, büdcə müzakirələri bu gün başa çatacaq.
Deputatı Çingiz Qənizadə deyib ki, Azərbaycanda polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır: "Araşdırmalar zamanı məlum olur ki, DİN-nin tabeçiliyində olan polis müstəntiqlərinin icraatında 20-25 arası material və cinayət işi var. Ona görə də işin obyetivliyindən söhbət açmaqda çətinlik çəkirik. Bakı, Sumqayıt, Gəncə şəhərlərində ən azı 2-3 müstəntiqin sayı artırılmalıdır".
Deputat qeyd edib ki, biz büdcəyə daxilolmaların müxtəlif yollarını fikirləşməliyik: "Vergi xidməti vasitəsilə büdcənin doldurulması üçün göstərilən prinsiplər heç vaxt dayanıqlı və müsbət nəticələrə gətirib çıxara bilməz. Müxtəlif sahələrdə vergi azadolmalarını tətbiq etmişik. Bəzən sual verirlər ki, bizim bəzi iş adamları niyə Gürcüstana iş qurmağa gedirlər? Niyə biz iş adamlarının Gürcüstana üz tutmasının səbəbini araşdırmırıq? Nəyə görə Gürcüstanın vergi siyasəti ilə bağlı modelini Azərbaycana tətbiq edə bilmirik? Mən bilmək istərdim ki, hökumət, müəyyən qurumlar şəhərlərdə və rayonlarda araşdırma aparıblarmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb? Burada söhbət vergi təziqlərindən gedir. Bəlkə biz daha az iş yeri, daha çox vergi siyasətindən əl çəkərək, daha çox iş yeri və daha az vergi siyasətinə keçək".
Deputat eyni zamanda, ölkədə dəmiryol sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə əlavə vəsaitin ayrılmasını təklif edib: "Biz gələcəkdə Bakıətrafı dəmiryol sistemini bərpa edib, paytaxtda avtomobil tıxacının qarşısını almaq istəyiriksə, o zaman bu sahəyə əlavə vəsait ayırmalıyıq. Bu, təkcə paytaxta tıxacın aradan qaldırılması baxımından deyil, eyni zamanda ekoloji cəhətdən effekt verəcək. Bununla belə respublikanın digər dəmiryol sisteminin və parkının yenilənməsi üçün əlavə vəsaitə ehtiyac var".
Deputat bazarda qiymət artımına da etiraz edərək, bu sahəyə nəzarətin artırılmasını təklif edib.

"Tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq"

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyilə quruculuq işlərinin davam etdirilməsi, ipoteka kreditlərinin faiz dərcələrinin aşağı salınması istiqamətində atılan addımlar, aztəminatlı ailələr üçün sosial evlərin inşası, yeni iş yerlərinin açılması müsbət hallardır.
Komitə sədri bildirib ki, təhsil sahəsində sürətli islahat gedir: "Təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir. Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür, dəstəkləyirik. Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq. Azərbaycanda Gənclər Fondu modeli də var. Hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilir. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Bununla bağlı xüsusi dövlət proqramı da ola bilər. Yaxud da "Maarifçi" Tələbə Kredit Fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit ayıra bilsin".

"Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında problem var"

Komitə sədri həmçinin, "Azəristiliktəchizat" ASC-nin fəaliyyətindən narazılığını bildirib. Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən Fuad Muradov Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: "Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında problem var. "Azəristiliktəchizat"in "Azəriqaz"a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. "Azəristiliktəchizat" işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın.
Bu məsələ "Azəriqaz"a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər".
Milllət vəkili, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azay Quliyev bildirib ki, 2016-cı ildə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılmışdı: "Çox təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Əvvəlki 5 milyon manat vəsait qalıb. Düşünürəm ki, bu məsələyə ciddi yanaşmalıyıq. Nəzərə alaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyata alınıb. Verilən vəsaiti isə hər QHT arasında bölsək, hər birinə 1000-1300 manat malyyə düşür".

"Bəzən səfir sürücü funksiyasını yerinə yetirmək məcburiyyətində qalır"

Azay Quliyev bildirib ki, bir il ərzində bu vəsaitlə QHT-lər ciddi işlər görə bilməzlər: "Həm də onu nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur. Manatın devalvasiyasından sonra baş vermiş dəyişikliklər isə bizim xərclərimizi ikiqat artırır. Ona görə də hesab edirəm ki, biz bunlara çox böyük diqqətlə yanaşmalıyıq".
Azay Quliyev qeyd edib ki, 2018-ci il önəmli hadisələrlə və siyasi tədbirlərlə zəngindir: "Gələn il AXC-nin 100 illik yubileyini və ulu öndər Heydər Əliyevin 95 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyik. Eyni zamanda, 2018-ci ilin oktyabrında prezident seçkilərinin keçirilməsi gözlənilir. Hər kəs bilir ki, QHT-lər bu proseslərdə aktiv rol oynayırlar. Seçkilərin monitorinqinin həyata keçirilməsində müəyyən funksiyaları yerinə yetirməlidirlər.
Hesab edirəm ki, bu məsələyə baxmalıyıq və imkan daxilində köməklik etməliyik. QHT-lər Azərbaycanın müstəqilliyinə geniş töhfə verən institutlardır. Biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi şəkildə ödəməsək, şübhəsiz ki, kənardan müdaxilələr olacaq və bu boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaq. Hesab edirəm ki, maliyyə naziri Samir Şərifovdan xahiş etməklə, növbəti ildən bu dəyişikliklərə getmək olar".
Azay Quliyev əlavə edib ki, bu gün bizim səfirliklərimiz texniki və maddi təminat baxımından çətinliklər çəkirlər: "Xüsusilə də Azərbaycanın milli və dövlət bayramlarının, mühüm tədbirlərin keçirilməsi üçün onların büdcələri çox aşağıdır. Hətta səfirliklərdə sürücülük ştatları da ləğv olunub. Belə bir vəziyyətdə bu məsələyə bir daha qayıtmalıyıq. Düşünün ki, bəzən səfir sürücü funksiyasını yerinə yetirmək məcburiyyətində qalır. Mənə elə gəlir ki, Azərbaycanı xaricdə təmsil edən qurumlara diqqət daha da artırılmalıdır. Heç olmasa hər bir səfirliyə bir sürücü ştatı verilməlidir".
Millət vəkili Jalə Əliyeva bildirib ki, büdcə layihəsi real proqnozlaşara əsaslanaraq hazırlanıb: "Ötən illərlə müqayisədə bütün sahələrə əlavə vəsait ayrılması müsbət haldır". Millət vəkili büdcə layihəsi ilə bağlı bir sıra təkliflərini də səsləndirib: "Ötən illə müqayisədə mədəniyyət sahəsinə çox vəsait ayrılsa da, bu, dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi üçün yetərli deyil. Bu vəsaiti artırmaqla kitabxanaların, film siyasətinin inkişafına, bundan başqa güzəştli ipotekanın müəllim, həkimlərə şamil edilməsinə, internat müəssisəsi məzunlarının işlə təminatına diqqət ayrılmasını istərdik. Buradan həmçinin iş adamlarına müraciət edirəm. Onlar onlarla göydələnlər ucaldılır. Bu mənzillər hesabına aztəminatlı ailələr, uşaq evləri məzunlarının evlə təminatına imkan yarada bilərlər". J.Əliyeva seçildiyi bölgənin bəzi problemlərini də diqqətə çatdırıb: "Zərdab rayonunda yeni məktəb və uşaq bağçalarının tikintisinə ehtiyac var. Məlikli və Körpükənd xəstəxanalarının təmirə, rayonun qəzalı vəziyyətdə olan Tarix Diyarşünaslıq Muzeyinin təmirinə vəsait ayrılmasına ehtiyac var".

"Gənc ailələrin ən böyük problemlərindən biri mənzillə bağlıdır"

Millət vəkili Qənirə Paşayeva gənclərin mənzil problemindən danışıb: "Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq.Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən keçən il büdcə müzakirələri zamanı da bunu qaldırmışdım və maliyyə naziri Samir Şərifov buna baxıla biləcəyini söyləmişdi".
Qənirə Paşayeva eyni zamanda deyib ki, İcbari tibbi sığortanın ölkədə geniş tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

Əli