“Rəqəmsal inkişaf Azərbaycanın rəqabət qabiliyyətini artıracaq” İqtisadiyyat

“Rəqəmsal inkişaf Azərbaycanın rəqabət qabiliyyətini artıracaq”

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır:

“Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir.
Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuraya rəhbərlik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilib. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir”.

Onun sözlərinə görə, 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi altında ilk iclası keçirilib: “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan tezislər göstərir ki, ölkənin rəqəmsal transformasiya siyasəti artıq yalnız daxili idarəetmənin modernləşdirilməsi ilə məhdudlaşmır. Sənəddə əks olunan prioritetlər Azərbaycanın qlobal texnologiya ekosisteminə inteqrasiyası, beynəlxalq investorlar üçün cəlbediciliyinin artırılması və regional innovasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində yeni mərhələnin əsas konturlarını müəyyən edir”.

Rizvan Nəbiyev bildirib ki, Fəaliyyət Planında əsas hədəflərdən biri Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi kimi müəyyənləşdirilir: “Bu yanaşma rəqəmsal inkişafın yalnız texniki və inzibati islahat olmadığını, eyni zamanda ölkənin beynəlxalq iqtisadi və texnoloji nüfuzunun artırılmasına xidmət edən strateji siyasət olduğunu göstərir. Beynəlxalq reytinqlərdə irəliləyiş xarici investorların qərarlarına, ölkənin innovasiya potensialına və qlobal biznes mühitində etibarlılığına birbaşa təsir edən amillərdəndir. Bu baxımdan rəqəmsal transformasiya Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin mühüm komponentinə çevrilir.
Sənəddə diqqət çəkən məqamlardan biri rəqəmsal inkişaf sahəsində hazırlanmış qanunvericilik islahatlarının qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılmasıdır. Bu yanaşma ölkənin hüquqi mühitinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım hesab oluna bilər. Xüsusilə süni intellekt, vençur kapitalı, kibertəhlükəsizlik, innovasiya məhsulları və texnologiya transferi kimi sahələr üzrə hüquqi bazanın yaradılması Azərbaycanın qlobal texnologiya bazarına inteqrasiyasını asanlaşdıracaq institusional əsaslar formalaşdırır. Vençur kapitalı (Venture Capital – VC) yüksək inkişaf potensialına malik, lakin eyni zamanda yüksək risk daşıyan startap və innovativ şirkətlərə yatırılan investisiyadır. Başqa sözlə, vençur kapitalı o deməkdir ki, investor yeni yaranmış və sürətlə böyümə potensialı olan bir şirkətə sərmayə yatırır. Bunun müqabilində həmin şirkətdə pay (səhm) əldə edir və şirkət gələcəkdə uğur qazandıqda bu payın dəyəri əhəmiyyətli dərəcədə artır”.

Günel Elxan