Hacıqabul Sənaye Məhəlləsi sahibkarların istifadəsinə veriləcək İqtisadiyyat

Hacıqabul Sənaye Məhəlləsi sahibkarların istifadəsinə veriləcək

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Sahibkarlığın inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan N.Səfərov digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturun dövlət tərəfindən yaradılacağını diqqətə çatdırıb. Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Qeyd edilib ki, artıq "ATEF Sənaye Kompleksi" MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək. N.Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Hacıqabul Sənaye Məhəlləsi ilə sıx əməkdaşlığa dəvət edib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, Hacıqabul Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev regionlarda özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyətindən danışıb, Hacıqabul Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Bildirilib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m² olan 4 istehsal sahəsi, 937,8 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Hacıqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.