Regionlarda uğurlu dövlət-özəl sektor tərəfdaşlığı İqtisadiyyat

Regionlarda uğurlu dövlət-özəl sektor tərəfdaşlığı

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin priaritet istiqamətlərindən biridir. Aydın məsələdir ki, ərzaq təhlükəsizliyi problemlərinin həlli, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması kimi məsələlərin həlli rayonların tərəqqisindən asılıdır. Regionların sosial-iqtisadi inkişafı isə bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür.
Müsbət haldır ki, dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu baxımdan çox əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına şərait yaradacaq əlverişli biznes mühiti formalaşdırılacaq.
Bu ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında dövlətin regionlarda sahibkarlara dəstəyini bir daha ifadə edib: "Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür".
Rayonlarda sahibkarlara güzəştli kredit verilir
Müsbət haldır ki, dövlət büdcəsinin hesabına maliyyələşdirilən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə hər il regionlarda sahibkarların layihələrinə güzəştli şərtlərlə kredit ayrılır ki, bu da sahibkarlığa dövlət dəstəyinin ən səmərəli formalarından biridir. SKMF-nun vəsaitləri hesabına verilən güzəştli kreditlər dövlət başçısının fərman və sərəncamlarında, dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosia-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, sahibkarlığın dəstəklənməsi, yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi ilə bilavasitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir.
Təkcə 2017-ci ildə SKMF tərəfindən sahibkarların 1953 layihəsinə 146 milyon manat güzəştli kredit ayrılıb. Nəticədə həmin layihələr çərçivəsində 6591 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Müxtəlif sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, xidmət sahələrinin inkişafı ilə bağlı layihələr maliyyələşdirilib. 2017-ci ildə SKMF fondu tərəfindən kredit ayrılmış 1953 layihədən 1875-i və ya 96%-i kiçik həcmli, 41-i və ya 2,1% orta həcmli, 37-si isə və ya 1,9%-i isə böyük həcmli layihələrdir.
2018-ci ildə fon tərəfindən sahibkarlıq subyektlərinə 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Həmin kreditlər rayonlarda aqroparkların, ətlik və südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, idxaləvəzləyici məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. 2018-ci ilin əvvəlindən Fond tərəfindən geri qaytarılmış vəsaitlər hesabına 5,3 milyon manat güzəştli kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
28 rayonda 43 aqropark yaradılır
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas hədəfləri regionlarda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılmasıdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına imkan verəcək. Məsələn, təkcə Qazax rayonunda hazırda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanılması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Burada çeşidləmə və qablaşdırma sahələri də yaradılacaq. Aqroparkın yaradılmasına 2 mln. manat güzəştli kredit verilib.
Sənaye məhəllələrində yeni iş yerləri açılır
Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Məsələn, Sabirabad Sənaye Məhəlləsində bütün zəruri infrastruktur dövlət tərəfindən yardılır. Sənaye Məhəlləsində regionunun iqtisadi potensialına uyğun olaraq, yun tədarükü, pambıqtəmizləmə, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistik mərkəz açılacaq. Məhəllədə tikinti işlərinin birinci mərhələsinin 2018-ci ilin iyul ayında başa çatdırılaraq sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür.
Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsiu başa çatdırılıb. İlkin mərhələdə ümumi sahəsi 7500 m²-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Tikintidə 200 nəfər çalışır. Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq, yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.
Rayonlarda işgüzar forumlar keçirilir
SKMF rayonlarda işgüzar forumlar keçirir, sahibkarlar maarifləndirilməklə yanaşı onların layihələrinə güzəştli kreditlər ayrılır. Bu il iyunun 21-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində Ağstafa rayonunda növbəti işgüzar forum keçirib. Sahibkarlarla müzakirələr aparılıb, Ağstafa rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrinin maliyyələşdirilməsi, iri taxılçılıq, kartofçuluq, üzümçülük, arıçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 34 sahibkara 423 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, kartofçuluq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Layihələrin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması imkanı yaranacaq. İndiyədək Ağstafa rayonundan olan 596 sahibkara 8,4 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 6800-dək investisiya layihəsinə 258,5 milyon manat güzəştli kredit verilib.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Bir sözlə, ölkəmizdə regionların inkişafı üzrə həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları bu sahənin tərəqqisi istiqamətində dövlət siyasətini daha da gücləndirilir. Bu isə regionların dayanıqlı sosial-iqtisadi inkişafını təmin edə biləcək düzgün yoldur.

Mahir Həmzəoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.