Goranboy və Tərtərdə istifadəyə verilmiş inkubator məntəqələri bu rayonlarda mikro sahibkarlığın inkişafına müsbət töhfə verəcək İqtisadiyyat

Goranboy və Tərtərdə istifadəyə verilmiş inkubator məntəqələri bu rayonlarda mikro sahibkarlığın inkişafına müsbət töhfə verəcək

Goranboy rayonunun Xoylu və Tərtər rayonunun Qaraağacı kəndlərində inkubator məntəqələri fəaliyyətə başlayıb.
Azərbaycan Hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində istifadəyə verilmiş inkubator məntəqələri Tərtər və Goranboyda mikro sahibkarlığın inkişafında əhəmiyyətli olmaqla, bu rayonların 10 kəndində yaşayan 11 mindən çox sakinə xidmət edəcəkdir.
Bununla bağlı Xoylu və Qaraağacı kəndlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, rayon icra hakimiyyətlərinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilib.
İnkubator məntəqələrinin istifadəyə verilməsi ilə kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. İnkubator məntəqələrinin fəaliyyəti həmçinin, Tərtər və Goranboy rayonlarında mikro sahibkarlığın inkişafına və kənd sakinlərinin məşğulluğunun təmin olunmasına öz müsbət töhfəsini verəcəkdir.
Dünən isə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.