Mikayıl Cabbarov CAREC-in Nazirlər Konfransında iştirak edib İqtisadiyyat

Mikayıl Cabbarov CAREC-in Nazirlər Konfransında iştirak edib

Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation – CAREC) 19-cu Nazirlər Konfransı onlayn formatda keçirilib.

AİB-in baş ofisindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanı sözügedən tədbirdə ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib.

Konfransda qeyd olunub ki, sürətli rəqəmsallaşma və özəl sektorun cəlb edilməsi pandemiyadan sonra iqtisadi bərpa prosesinə dəstək verəcək, regional əməkdaşlığı sürətləndirəcək, innovasiyaları stumullaşdıracaq və ölkələrə inkişaf edən qloballaşma formalarına uyğunlaşmağa yardım edəcək.

"Dünya pandemiyadan çıxdıqca, CAREC-in yenilənmiş qloballaşma fürsətlərindən istifadə etməsini təmin etmək üçün regional əməkdaşlıq səylərimizi açıq regionalizm ruhu ilə canlandırmalıyıq", - deyə AİB-in Prezidenti Masatsuku Asakava konfransda bildirib.

Bundan əlavə, konfransın proqramına daxil edilən "Koronavirus sonrası mühitdə insanlara yönəlmiş regional əməkdaşlıq" mövzusunda keçirilən görüşdə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzay və CAREC-in digər üzv ölkələrindən olan nazirlər və yüksək vəzifəli şəxslər iştirak edib. Görüşə Əfqanıstanın maliyyə naziri Əbdül Hadi Arğandival və AİB-in vitse-prezidenti Şixin Çen sədrlik edib.

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. Azərbaycan 2003-cü ildən CAREC Proqramının üzvüdür. Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan da proqramın iştirakçıları sırasındadır. 2001-ci ildən indiyədək CAREC ölkələri 39,2 mlrd. ABŞ dolları dəyərində 208 regional ticarət və infrastruktur layihəsi reallaşdırıb. Bunun 14,7 mlrd. dolları AİB, 15,8 mlrd. dolları digər tərəfdaşlar, 8,7 mlrd. dolları CAREC-in üzv ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.