
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda yeni hakimiyyət komandasının və parlamentin formalaşmasından sonra ənənəvi anti-Azərbaycan və anti-Türkiyə ritorikasının müxtəlif səviyyələrdə davam etməsi ilə bağlı Musavat.com-a mühüm açıqlamalar verib, sensasion təkliflər səsləndirib.
- Qüdrət bəy, Ermənistanda yeni hökumət, yeni parlament işə başladı. Gözləmək olardı ki, “Real Ermənistan” deyib, yeni münasibətlər sisteminə start verəcəyini anons edən, sülhə hazır olduğunu deyən Nikol Paşinyan və komandasının məsələlərə baxışı kəskin fərqlənəcək. Amma ilkin müşahidələr, yeni spikerin iddiaları, parlamentdəki revanşistlərə meydan verilməsi, anti-Türkiyə, anti-Azərbaycan mövqelilərin uca səslə danışmaları nikbin düşünməyə əsas vermir. Bu gedişat nə vəd edir? Xüsusilə də Azərbaycanla sülhün imzalanmasından öncə Ermənistanın icra etməli olduğu öhdəliklər var, bu mənada soruşuram.
- Təəssüf ki, hazırda Azərbaycanda çoxları belə düşünür ki, Paşinyan Rusiya ilə ciddi əlaqələri olmayan, yəni Kremlin etimad göstərmədiyi bir qərbyönümlü siyasətçidir. Bu, belə deyil. Bəli, o, üzdə qərbyönümlü siyasət yürüdür və bu açıq söyləyim ki, Rusiyaya da sərf eləyir. Rusiyaya da ona görə sərf eləyir ki, Ermənistan özünün “qərbyönümlü” siyasəti ilə Qərbdən ona qarşı ola biləcək təzyiqləri xeyli dərəcədə səngidir, konstitusiyalarını dəyişib sülh sazişini imzalamır. Azərbaycanın haqlı tələbini yerinə yetirmir. Əslində Rusiyaya lazım olan o idi ki, məsələn, Azərbaycan dəmir yolunu açsın və Rusiya öz mallarını Ermənistana göndərsin və Ermənistan daha çox iqtisadi baxımdan Rusiyadan asılı bir vəziyyətdə qalsın. Buna da müəyyən mənada nail olub. Ona görə “nə hərb, nə sülh” variantı bu dəqiqə Rusiyanı tam qane edir və Paşinyan da bunu bilir. Sonuncu seçkilər, seçkinin nəticələri də ona xidmət elədi ki, Paşinyan elə bil referendumdan yayınmaq üçün sanki əla bir bəhanə əldə etmiş oldu. Bunlar çox məharətlə oynayırlar. Siz indi baxın, balaca Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bizdən üç dəfə artıqdır. Orda tutaq ki, Köçəryan hakimiyyətdə olsaydı, ya Samvel Karapetyan hakimiyyətə gəlsəydi, sanksiya altında olan malları Ermənistan Qərb ölkələrindən alıb necə Rusiyaya sata bilərdi? Paşinyan hələ ki, Rusiyaya sərf edir, nə vaxt sərf eləməsə, onu çox asanlıqla hakimiyyətdən kənarlaşdıracaqlar. Paşinyan da bunu bilir. Paşinyanın hakimiyyətə gəlməsində də Rusiyanın böyük rolu olub. Vaxtilə biz Serj Sarkisyanın hakimiyyətdən necə uzaqlaşdırılması , Rusiyanın o proseslərdə sərgilədiyi mövqe də gözümüzün qarşısındadır. Mən bu yaxınlarda açıqlamalarımın birində söyləmişdim ki, biz yekun sülh sazişinin imzalanması üçün Rusiya ilə danışmalıyıq. Rusiya Ermənistana icazə verməlidir ki, sülh sazişi imzalansın. Əlbəttə, bəziləri Vaşinqton bəyannaməsindən danışırlar ki, bəs Paşinyan getdi, bizim Prezidentlə görüşdü, sülh sazişi paraflandı, sonra birgə bəyannamə imzaladılar.

- Avqustun 8-də bir ili tamamlanacaq...
- Bəli. Mən onu da hər zaman açıq söyləmişəm ki, o da Rusiyanın, Putinin icazəsi ilə baş verdi. Çünki Putinə lazımdır ki, Amerikada güclü mövqeyi və çox nüfuzlu Tramp hakimiyyətdə olsun. Ona görə ki, Tramp bu gün Ukraynaya silah satmır. NATO-nu, Qərb dəyərlərini gözdən salır,Çini Rusiya ilə daha da yaxınlaşdır, Ukrayna savaşından diqqəti yayındırmaq üçün İranla müharibəyə başladı. Siz gördünüz ki, axırıncı dəfə hətta o , “Patriot” raketlərinin Ukraynada istehsal olunmasına lisenziya verəcəyini bəyan etmişdi, amma yenə də yayındı.

- Polemika doğuracaq fikirlərdir, həm də maraqlıdır...
- Onsuz da o, yekun sülh sazişi deyildi. Amma Trampın Nobel mükafatı alması, onun Rusiyaya daha çox kömək etməsinə imkan verə bilərdi. Trampın nüfuzu aşağı düşdükcə, Konqresin ona təzyiqləri artır ki, Ukraynaya daha ciddi kömək göstərilsin və həm də Rusiyaya sanksiyalar tətbiq olunsun.
- Amma bu da var ki, Zəngəzur dəhlizi – TRIPP marşrutundan Rusiya heç də məmnun deyil...
- Məmnun deyil, deyəndə, Rusiya razılıq verməsə, Tramp heç vaxt gəlib Zəngəzurda o yolu çəkməyəcək. Baxın, bir il ərzində söz-söhbətdən başqa, heç bir ciddi addım atılmayıb. Bircə Ermənistanla birgə fond yaradıblar.

- Amma vəsaiti xeyli artırıblar...
- Mətbuatdan oxudum ki, guya oraya 430 milyona yaxın vəsait ödənilib. Bunlar hamısı kağız üzərində mənasız bir işlərdir. Bir il ərzində dəhlizin tikintisini başlamaq və hətta böyük hissəsini tikmək də olardı. Mən hesab edirəm ki, beləcə, bu işlər uzana-uzana gedəcək, açıq söyləyirəm sizə. O baxımdan mən hər zaman daha realist bir mövqe sərgiləyirəm bu məsələlərə münasibətdə. Zamanında da demişdim: yaxşı olar ki, regionda Türkiyə və Rusiyanın iştirakı ilə dördtərəfli sülh sazişi imzalansın, Qars Müqaviləsi kimi. O zaman sülhə həm də daha böyük təminat olar.
- Bəs ABŞ?
- ABŞ güclü dövlətdir, amma Azərbaycandan çox uzaqdadır. Mənim fikrimcə, böyük geosiyasi dəyişikliklər, tutaq ki, Rusiya daxilində hansısa böyük bir proseslər baş verməsə, regionda böyük dəyişikliklər olmasa, indiki şərtlər altında mən o TRIPP layihəsinin gerçəkləşəcəyini az güman edirəm.
- Hətta bu dərəcədə şübhəniz var?
- Bəli. Yəni Tramp Putinin icazəsi olmadan orada bir daşı daş üstünə də qoymaz. Tramp niyə İranla müharibəyə başladı? Gəlin açıq danışaq. Həm de beynəlxalq birliyin, Amerika ictimaiyyətinin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün. Ona görə ki, Trampa daxildən Ukrayna məsələsində böyük təzyiq var idi. İndi Tramp nə deyir? Deyir ki, o raketlər bizim özümüzə lazımdır, körfəzdə İranla vuruşuruq, biz o silahları başqasına verə bilmərik və sair. Vəziyyət belədir , İranı bombalayır, həm də buna Amerikadakı yəhudi lobbisinin ciddi dəstəyini alır. Digər tərəfdən məhz Trampın sayəsində Çin və İran Rusiya ilə daha da yaxınlaşdılar. İkincisi, bu, Amerikanın əsas müttəfiqləri ilə Amerika arasında müəyyən ziddiyyətlər yaratdı. Əslində bunu hamı görür, sadəcə, bu mövzuda danışmır, xüsusən də siyasətçilər, dövlət adamları. O baxımdan hesab edirəm ki, Rusiyanın xeyir-duası olmasa, burada o yol çəkilməyəcək, Zəngəzur dəhlizi açılmayacaq. Zəngəzur dəhlizinin açılmasında Rusiya elə də maralı deyil. Onsuz da Azərbaycan üzərindən yüklər İranla Rusiya arasında daşınır. Həmçinin Xəzər dənizi üzərindən yüklər daşınır, indi Rəşt-Astara dəmir yolu xətti də çəkiləcək, ondan sonra dəmir yolu xətti ilə də yüklər birbaşa daşınmağa başlayacaq. Ona görə də açıq deyək ki, Zəngəzur dəhlizi Rusiya üçün o dərəcədə də əhəmiyyət daşımır.
- Amma Azərbaycan üçün fövqəladə dərəcədə əhəmiyyət kəsb edir…
- Bəli, Azərbaycan üçün və Türk dünyası üçün çox əhəmiyyətlidir. Ona görə mən demişdim ki, Rusiya ilə danışmaq lazımdır. Yəni Rusiya Ermənistana təzyiq eləsə, Ermənistan referenduma gedəcək və Ermənistan Konstitusiyasında müstəqillik aktına ki, istinad olunub, onu əsas qanundan kənarlaşdıracaq.Rusiyanın Ermənistndan indiki referendum tələbi ona görədir ki,Ermənistan Qərbə desin ki, Rusiya nəsə planlaşdırır,ona görə referenduma getmək olmaz. Bizim ciddi təzyiqimiz olmasa, “nə hərb, nə sülh” vəziyyəti qalacaq. Sülh olmadıqca, region dövlətlərinin Rusiyadan müəyyən asılılığı da qalır və hər zaman regionda yenidən münaqişəni alovlandırmaq da mümkündür. Sülh olmadıqca biz silahlanmaya böyük pullar xərcləyirik. Halbuki, həmin vəsait ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, iqtisadiyyatımızın inkişafına, yeni iş yerlərinin yaradılmasına sərf oluna bilər. İkincisi, bilirsiniz, sülh olmayanadək investorlar qorxurlar, ölkəyə gəlmirlər, investisiya yatırmırlar,yeni texnologiya gətirmirlər. Bunlar çox önəmli faktorlardır. Bizə sülh lazımdır.
- Qüdrət bəy, ola bilərmi ki, amerikalılar Tramp dəhlizini tiksin və o sərhəddəki rus əsgər-sərhədçilər də eləcə yerlərində qalsınlar və təhlükəsizliyə cavabdehlik Rusiyaya həvalə olunsun, yəni bir balans yaradılsın?
- ABŞ ilə Rusiya bunu öz aralarında razılaşdırmalıdır. Rusiyanın razılığı olmayana İran da etiraz edəcək və Amerika orada heç bir iş görməyəcək, mən bunu qeyd eləmək istəyirəm. Biz həmişə görmüşük ki, İran müəyyən mənada regiondakı siyasətini Rusiya ilə razılaşdırıb və həmişə Rusiyanın mövqeyini nəzərə alıb.

- Üstəlik, İranla da körpümüz olacaq, Ağbənd-Kəlalə körpüsü…
- Bəli, o da var, amma Rusiya razı olduğu halda İran buna mane olmayacaq. O baxımdan Tramp əgər doğurdan da yolun açılmasını istəyirsə, Putinlə oturub danışmalıdır, razılaşmalıdır və biz də Rusiya ilə danışmalıyıq ki, Rusiya buna razı olsun, daha doğrusu, Ermənistana da müəyyən icazə versin.
- Dövlət başçımız dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi açılacaq, yəni bunun alternativi yoxdur. Ölkə başçısı heç şübhəsiz, hamımızdan məlumatlıdır, əks təqdirdə belə əminliklə söyləməzdi, elə deyilmi?
- Hər bir azərbaycanlı inanır ki, dəhliz nə vaxtsa açılacaq. Amma bu, 10 ildən, 15 ildən, 20 ildən də sonra açıla bilər, 5 ildən sonra da. Söhbət ondan gedir ki, bu yolun tikintisinə nə vaxt başlanılacaq?
- 42 kilometrlik məsafədə tikintini icra etmək elə də uzun vaxt tələb etməyə bilər. Azərbaycan qısa müddətdə bir neçə dəfə artıq məsafədə işləri yekunlaşdırdı, Türkiyə tərəf də işlərə başlayıb…
- Türkiyə Ermənistanla yolu açsa, öz dəmir yol xəttini Ermənistanla birləşdirsə, TRİPP-ə maraq bir az da azalacaq. Onun üçün mənə elə gəlir ki, Azərbaycan öz tərəfdaşları ilə ciddi şəkildə danışmalıdır və Ermənistana da təzyiqləri artırmalıyıq. Amerika Birləşmiş Ştatları ilə də ciddi danışmalıyıq ki, sizin məqsədiniz yolun açılmasıdır, yoxsa Ermənistana təzyiqləri azaltmaq , əvvəllər olduğu kimi mövcud status-kvonu qoruyub saxlamaqdır? Ümumiyyətlə , mən hesab edirəm ki, Azərbaycan yenidən Ermənistanın üzünə bütün yolları bağlamalı,bütün əlaqələri kəsməlidir. Həmçinin, Türkiyə Ermənistanla dəmir yolu xətlərini, avtomobil yollarını açmamalıdır. Seçki öncəsi sülh prosesini aparan Paşinyana dəstək məqsədilə Ermənistana yanacaq satırdıq. Dəmir yolu xəttini açıb, Rusiyaya deyirik ki, Ermənistana nə istəyirsən, daşı. O baxımdan biz məqsədə çatmadan -sülhə nail olmadan bunu eləmişik.O zaman Türkiyəni Ermənistanla yolları açmağa çağırırdım, bizim Konstitusiya dəyişikliyi tətləbindən imtina edib Ermənistanla sülh sazişi bağlamağımızı da mümkün sayırdım ki,seçkidə Paşinyan qalib gəlsin.
- Belə çıxır ki, Ermənistan parlamentində revanşist deputatları danışdıran həm də Paşinyanın mövqeyidir?
- Paşinyanın oyun oynaması göz önündədir , görünür öz aralarında rolları bölüşüblər , qərbyönümlülər, Rusiyayönümlülər. Amma hamısı Rusiya yönümlüdür. Sadəcə investisiyanı Ermənistana kim qoya bilər? Pul kimdədir? Pul Qərb ölkələrindədir. Başqa kim investisiya qoyacaq?
- Son günlər Azərbaycanın Ermənistana xəbərdarlıqlarını da müşahidə edirik. Ağdərədəki son mina partlayışından sonra XİN-in bəyanatı, eyni zamanda Prezidentin köməkçisi Hikmət Hacıyevin Türkiyə mediasına Ermənistan Konstitutusiyasının dəyişdirilməsi zərurəti ilə bağlı İrəvanın “ev tapşırığı”nı yada salması, nazir Ceyhun Bayramovun sülh sazişiylə bağlı ATƏT sədri ilə görüşdən sonra dedikləri, bütün bunlar rəsmi Bakının artıq Ermənistana öz yerini göstərmək niyyətini də ortaya qoyur. Razılaşırsınız?
- Mən hesab edirəm ki, Azərbaycan Ermənistanın qarşısında konkret vaxt qoymalıdır ki, bu vaxta qədər referendumun keçirilməsi elan olunmasa bütün əlaqələr kəsiləcək. Türkiyədən də xahiş eləməliyik ki, Ankara da Ermənistanla Gümrü yolunu açmasın. İndi Türkiyədə artıq o yolun açılması istiqamətində tikinti başlayıb. Ya da başqa bir variant var ki, onların bütün o planlarını pozmaq üçün Azərbaycan Konstitusiyanı dəyişmək tələbindən geri çəkilir. Bu həm Rusiyanı, həm Ermənistanı, həm ABŞ-ni çətin vəziyyətdə qoyar.Amma bu bizim geosiyasi maraqlarımıza tam cavab verirmi? Bu Ermənistanda hərbi çevrilişə ,regionda böyük təxribatlara yol açmazmı?

- Amma Prezident bəyan edib ki, sülh sazişi imzalansa da, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə, bu sazişin heç bir mənası olmayacaq...
- Mən onu deyirəm ki, Rusiya və Türkiyənin razılığı və iştirakı ilə sülh imzalamlıyıq ki,bölgədə sabitlik davamlı olsun. Ermənistana nə lazımdır? Bizdən ucuz neft alır. Yükləri daşınır. Bu gedişlə Türkiyə ilə də sərhədləri açılır, sülh sazişini imzalamaya-imzalamaya. Bizim başqa təzyiq mexanizmimiz qalıbmı? Ona görə hesab eləyirəm, ya biz konstitusiya dəyişikliyi tələbimizdən geri çəkilməliyik, ya da yenidən bütün yolları bağlamalıyıq, onlara yanacaq satmağı da dayandırmalıyıq. Azərbaycan konkret müddət və tələb qoymalıdır ki, məsələn, artıq yeni hökumət formalaşdı, referendumu elan et! Vəssalam. Yoxsa bu vəziyyəti uzada-uzada gedəcəklər...