Xaricdəki vəsaitlərimizdən 2-3 milyard dollar ölkəyə gətirilməlidir İqtisadiyyat

Xaricdəki vəsaitlərimizdən 2-3 milyard dollar ölkəyə gətirilməlidir

Həmin pullar yerli banklar vasitəsilə Azərbaycanda qeyri-neft sektorunda istehsal sahibkarlığının inkişafına yönəldilməlidir

Tərlan

Manatın dollara və avroya nisbətən kəskin ucuzlaşmasından sonra hökumətin hansı addımlar atmalı olduğu yenidən gündəmə gəlib. Müzakirələr daha çox maliyyə bazarı, milli valyutanın kursu, qiymətlərin artması ətrafında gedir. Əslində isə daha vacib olanı ölkədə real sektorun, qeyri-neft sahələrinin, yerli istehsalın inkişaf etdirilməsidir. Məhz yerli istehsalın artımı hesabına idxaldan və xarici valyutalardan asılılıqdan azad olmaq mümkündür. Yerli istehsalı isə sahibkarlar inkişaf etdirə bilərlər. Deməli, bu gün ölkədə istehsal sahibkarlığının inkişafına daha əlverişli şəraitin yaradılmasına ehtiyac var. Amma bunun əvəzinə bəzən sahibkarlıq fəaliyyətinə əsassız müdaxilə hallarına rast gəlinir.
Azərbaycanın 50 milyard dollardan artıq valyuta ehtiyatı olsa da, həmin vəsaitlər illik 1-2% gəlir müqabilində xarici banklara yerləşdirilib. Bu pulun 36 milyard dolları Heft Fondunun, 13-14 milyard dolları isə Mərkəzi Bankın vəsaitləridir. Milyardlarla dollar vəsaitlərimiz Qərb banklarına qoyulduğu halda yerli bank sistemi pulsuzluqdan şikayətlənir. Uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması ölkə iqtisadiyyatının əsas problemlərindən sayılır. Azərbaycan sahibkarı biznes qurmaq üçün əlverişli kredit ala bilmir. Çünki Azərbaycanın bank sektoru yarıtmaz və bərbad gündədir, Mərkəzi Bank (MB) yalnız manatın dollara nisbətən məzənnəsini sabit saxlamaqla öz işini bitmiş sayırdı ki, artıq bunu da bacarmır. Yerli özəl banklar MB-dən və hökumətdən heç bir ciddi dəstək görmürlər. Hələ 2008-ci ilin sonlarında bir sıra özəl banklar hökumətə müraciət edərək maliyyə böhranı ilə üzləşməmək və vəziyyətdən çıxmaq üçün AMB-nin həmin ehtiyatlarından və ya Heft Fondundan onlara 1,5 milyard manat vəsait ayrılmasını istəmişdilər. Lakin bu məsələ hökumətdə müzakirə olunsa da, onların bu arzusu reallaşdırılmadı. Əgər o vaxt bu addım atılsaydı ötən 6-7 ildə daha çox yeni yerli istehsal müəssisələri qurulardı, yeni iş yerləri açılardı, bazarda yerli məhsulların payı artardı. Amma bunun əvəzinə neft pulları daha çox tikintiyə xərcləndi və bu gün həmin sahə gəlir gətirməyən sahədir.
Azərbaycan iqtisadiyyatı üçün prioritet qeyri-neft sektorunun diversifikasiyası və sürətli inkişafıdır. Əslində BVF kimi bəzi beynəlxalq maliyyə qurumları Azərbaycanın neft pullarının Qərb banklarında saxlanmasının tərəfdarıdır və ölkəmizdə həmin vəsaitlərdən biznesin, sahibkarlığın inkişafı üçün yönəldilməsini qətiyyən istəmir. Çünki Qərbə Azərbaycan sahibkarının, bank sektorunun və iqtisadiyyatın inkişafı deyil, ölkəmizin 50 milyard dollarlıq valyuta ehtiyatları lazımdır. Təsadüfü deyil ki, artıq bir çox ölkələr, o cümlədən Azərbaycan hökuməti də BVF-nin kreditlərindən və tövsiyyələrindən imtina ediblər. Bir də axı müstəqil ölkəyik deməklə çox öyünsək də, belə çıxır ki, biz öz neft pullarımızdan heç də müstəqil şəkildə yararlana bilmirik. Həyə görə müstəqil ölkənin müstəqil bankları, azad sahibkarları həmin öz halal pullarımızdan istifadə etməklə iqtisadiyyatımızı inkişaf etdirməsinlər? Azərbaycan özünün valyuta ehtiyatlarından, Heft Fonduna toplanmış vəsaitlərdən məhz belə çətin günündə yararlanmalıdır. Əks halda bu pulların ildə 1% gəlir qarşılığında ABŞ və Avropa banklarında saxlanılmasının nə mahiyyəti var? Əslində bu, indiki şəraitdə çıxış yollarından biridir. Çünki bir tərəfdən Azərbaycanın pulları xaricdə əcnəbi ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir, digər tərəfdən isə Azərbaycanda kreditlər bahalaşıb, yerli özəl banklar və sahibkarlar vəsait axtarırlar, yüzlərlə layihələrə vəsait tapılmır, yerli istehsal təlabatı ödəmir, daxili bazar isə idxaldan, neft amilindən və hətta xarici valyutanın kursundan asılıdır.
Azərbaycan neft pullarını kiçik illik gəlirlə xarici banklara yerləşdirmək əvəzinə həmin neft pullarından daha səmərəli yararlana bilər. Valyuta ehtiyatlarının ən azı 2-3 milyard dollarını ölkəyə gətirməklə yerli özəl banklara 2-3%-lə vermək olar. Onlar isə həmin vəsaiti 7-8%-lə sahibkarlara istehsalı inkişaf etdirmək üçün verə bilərlər. Belədə həm dövlət qazanacaq (özü də xaricdəkindən daha çox), həm də banklar, sahibkarlar, istehsalçılar və istehlakçılar. Daha bir ciddi problem də öz həllini tapmış olacaq: Azərbaycanda bankların kredit faizləri iki dəfə ucuzlaşa bilər. İndi özəl banklar kreditləri illik 18-36% arasında təklif edirlər. Çünki kredit resursları onlara baha başa gəlir. Ən azı əhalidən əmanəti 10%-lə qəbul edirlər. Amma hökumət Heft Fondunun vəsaitlərini onlara 2 faizdən versə, bank kreditlərini illik 10%-ə qədər ucuzlaşdırmaq olar.

Bir neçə ildir ki, Avropa və ABŞ-da bank faizləri, dividentlər azalıb, balans kəskin şəkildə inflyasiyanın xeyrinə dəyişib, dollar öz dəyərini əhəmiyyətli şəkildə itirib. Dünya bazarında mal və xidmətlərin bahalaşması 50 milyard dollar vəsaitin alıcılıq qabiliyyətini çox aşağı salıb. Təsadüfü deyil ki, Mərkəzi Bankın rəhbərliyi hökumətin ölkənin pullarını xarici banklara qoymaqda, qiymətli kağızlara yerləşdirməkdə əsas məqsədinin pul qazanmaq deyil, itkiyə yol verməmək və onun həcmini qoruyub saxlamaq olduğunu bəyan edir. Əslində ölkənin ehtiyatları o qədər də effektiv idarə olunmur. Pullar aşağı faizlə xarici bank hesablarına qoyulub. Bütün dünyada depozitlər (əmanətlər) üzrə dividentlər hələ bir müddət çox aşağı - illik 1-2% olacaq. Həticədə xarici banklara 50 milyard dollar vəsait qoymuş Azərbaycan il ərzində itkilərə məruz qalır. Gəlirlərin belə aşağı olduğu şəraitdə vəziyyətdən daha optimal çıxış yolları aranmalıdır.
Çünki yaxın onilliklərdə Azərbaycanda neft tükənməklə yanaşı valyuta ehtiyatları da quru kağıza çevrilə bilər. Əvvəllər dollar ifadəsində olan vəsaitlərinin bir hissəsi avroya, bir hissəsi fund sterlinqə keçirilib, habelə qiymətli kağızlar bazarına yönəldilib. İndi də Heft Fondu daşınmaz əmlak, qızıl alır. Bunun hesabına fondun pullarını qorumağa çalışırlar. Amma bu da problemin həlli demək deyil. Əsas məsələ valyuta ehtiyatlarının bir hissəsinin Azərbaycanda qeyri-neft sektorunun, bank sektorunun, sahibkarlığın, yerli istehsalın inkişafına yönəldilməsidir. Artıq belə addım atmaq mümkün və zəruridir.
Qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında yerli istehsalı inkişaf etdirmədən ölkədə iqtisadi artıma nail olmaq və ixracın strukturunu başqa məhsullarla da zənginləşdirmək mümkün deyil. Azərbaycan aqrar ölkəsi sayıldığı halda hələ də xaricdən yağ, buğda, un və s. gətirilir. Göründüyü kimi, bu məhsulları öz tələbatına uyğun həcmdə Azərbaycan özü həm istehsal, həm də ixrac da edə bilər. Məhz indiki şəraitdə kənd təsərrüfatının dirçəldilməsi, qeyri-neft sektorunda istehsal sahibkarlığının inkişafının stimullaşdırılması ölkə üçün strateji əhəmiyyətə malikdir. Kənd təsərrüfatı məhsulları sadə azərbaycanlının cibiylə müqayisədə çox bahadır, ölkə bazarı idxaldan asılı vəziyyətə düşüb. Əslində kənd təsərrüfatı sektorunun tam liberallaşdırılmasına, dövlətin bu sahəyə müdaxiləsinin minimuma endirilməsinə, fermerə əlverişli və uzunmüddətli kreditlərin verilməsinə, suvarma probleminin həllinə, azad rəqabətin təşkilinə və kəndlinin öz məhsulunu sata bilməsinə şərait yaradılmasına daha çox ehtiyac var. Bunun üçün fermerlərin əlverişli şərtlərlə kredit almasına, ucuz yanacaq əldə etməsinə və öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır.