Minalardan təmizlənən Ağdam ən müasir şəhərə çevriləcək İqtisadiyyat

Minalardan təmizlənən Ağdam ən müasir şəhərə çevriləcək

Bu günlərdə azad Qarabağla bağlı daha bir yaxşı xəbər gəldi: Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib. Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir". İyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Bir sözlə, Qarabağda sivil həyatın yenidən qurulması istiqamətində işlər uğurla irəliləyir. Əlbəttə, ilk vacib məsələ ərazilərin minalardan təmizlənməsidir. Sonra müasir infrastruktur qurulacaq, şəhər və kəndlər yaşayış üçün hazır vəziyyətə gətiriləcək və əhalinin məskunlaşdırılmasına başlanılacaq. Minlərlə yeni iş yerləri yaradılacaq. Bu proseslər mərhələli şəkildə, həm də ən müasir standartlar səviyyəsində həyata keçiriləcək. Ağdam ən müasir şəhərə çevriləcək. Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar olub, yeni şəhərin ərazisi isə iki dəfə böyüdüləcək, ən müasir texnologiyalar tədbiq ediləcək. Burada yüksək mərtəbəli binalar olacaq. Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Ağdamda 100 min əhali, 1750 fərdi ev, 23 min mənzil olacaq. Ən müasir sosial və kommunal infrastruktur yaradılacaq. Ağıllı və dayanıqlı sosial infrastruktur elə qurulacaq ki, burada məktəblər, sosial xidmətlər, tibb müəssisələri, parklar, şəhər meydanı - hamısı vəhdət təşkil etsin. Təsəvvür edin ki, şəhərdə tramvay nəqliyyatı, 79 kilometr velosiped yolu nəzərdə tutulub. Təhsil Nazirliyinin təklifi ilə artıq şəhərdə 15 məktəbin tikintisi üzrə layihəsi də erilib. Yeni yaradılması nəzərdə tutulan Qarabağ Universitetinin məhz Ağdam şəhərində yerləşməsi planlaşdırılır. Bu ali həm də Qarabağın elm və təhsil mərkəzi olacaq. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq.
İşğaldan qabaq Ağdam şəhərinin əhalisinin sayı 36 min nəfər olub. Yeni salınacaq şəhər 100 min nəfər əhali üçün planlaşdırılır və Qarabağın ən böyük sənaye və turizm şəhəri olacaq. Şəhərin ətrafı müasir bağlarla, gül-çicəklə əhatə olunacaq. Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər. Birinci mərhələdə Ağdamın 33 kəndi bərpa olunacaq, bəzi kəndlər isə birləşəcək. Hər bir ailəyə 18 sot həyatyanı sahə ayrılması nəzərdə tutulur.
Ağdam Azərbaycan Prezidentnin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə yaraılan Qarabağ iqtisadi rayonuna daxildir. Bu iqtisadi rayon Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. Qarabağ iqtisadi rayonunda, o cümlədən Ağdam rayonunda ənənəvi iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etmişdir. Kənd təsərrüfatının başlıca sahələri heyvandarlıq, üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq, baramaçılıq və tütünçülük idi. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilib. Burada barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdı. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilirdi. Heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdi. İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Şərabçılıq, konserv məhsullarının istehsalı, digər kənd təsərrüfatı məhsullarının emalı yeyinti sənayesinin əsas sahələridir.
Bu iqtisadi rayonlarda iqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün böyük həcmdə maliyyə resursları tələb olunsa da, dövlətimiz bunu həyata keçirəcək. Çünki Qarabağın iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi yaxın onillikdə hökumətin əsas hədəflərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq. Qarabağ bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Bu rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi zəruridir. Xüsusən də Qarabağda kənd təsərrüfatının və emal sənayesinin, tikinti sektorunun, mədən sənayesinin, xidmət sahələrinin, turizmin inkişafı üçün yaxşı imkanlar var. Təkcə aqrar sektorla bağlı onu demək kifayətdir ki, çox münbit və məhsuldar torpaqlara malik Qarabağda taxıl, üzüm, pambıq, tütün, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə istehsalı ənənəvi sahələrdir. Ənənəvi sahələr arasında üzümçülük və taxılçılıq həm əhatə etdiyi əkin sahələrinə, həm də istehsal həcminə görə xüsusi çəkiyə malik olmaqla üstün və inkişaf etmiş sahələr olub. İşğaldan əvvəl Ağdam həm də sənaye şəhəri idi. Burada dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları fəaliyyət göstərirdi.
Ağdam rayonunun iqtisadiyyatının ənənəvi sahələrindən biri kənd təsərrüfatıdır. Bu rayonda investorların cəlb edilməsi və müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulur. Yerdə qalan dövlət torpaqlarında isə 50,100 hektarlıq 50 müasir fermer təsərrüfatı yaradılacaq. 1500, 3000, 4000 hektarlıq ərazilərdə bir neçə iri, müasir təsərrüfatlar da formalaşdırılacaq. Qarabağın, Ağdamın torpağı o qədər münbit və bərəkətlidir ki, nə əksən bitər, subtropik bitkilərin hamısı burada yetişir.
Vaxtilə Ağdamda əkin sahələrinin (28813 ha) 45,3%-ni üzüm, 26,6%-ni taxıl, 26,3%-ni pambıq, 1%-ni meyvə və giləmeyvə, 0,5%-ni tərəvəz, 0,3%-ni bostan, 0,01%-ni kartof sahələri əhatə edib. Ağdamda 2019-cu ildə 55674 ton dənli və dənli paxlalılar, 7316 ton pambıq, 402 ton üzüm, 107,5 min ton tərəvəz, 6 min ton kartof, 2,960 min ton bostan məhsulları, 4,65 min ton meyvə və giləmeyvə istehsal olunub. Biktiçilikdə yeni sahə kimi Ağdamda 12,160 min ton şəkər çuğunduru yetişdirilib. Ağdamda digər bitkiçilik məhsulları üzrə isə 2019-cu ildə tərəvəz (107,5 min ton), kartof (6025 ton), bostan (2960 ton), meyvə və giləmeyvə (4649 ton), taxıl (55,7 min ton) istehsalı əhəmiyyətli dərəcədə artmışdır.
Dövlət də artıq konkret olaraq Ağdamda iqtisadiyyatın, xüsusən də aqrar sektorun inkişafına dəstək tədbirlərinə başlayıb. Belə ki, bu yaxınlarda Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Aqrar Subsidiya Şurasının qərarına əsasən 2022-ci ildə Ağdam rayonunda dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Pambıq, çəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat), Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar. Pambıq üzrə məhsul əmsalı Ağdam rayonuna da şamil edilir ki, burada kənd təsərrüfatı ilə məşğul olan fermerlər həmin subsidiyalardan yararlana bilərlər.

Mahir Həmzəoğlu