

Torpağı icarəyə götürən fermerlər subsidiyalardan yararlana bilmirlər
Fermerlər əkin subsidiyası almaq üçün payızlıq əkinlərini bu il dekabrın sonuna kimi bəyan etməlidirlər. Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma işi aparır. Məqsədi yeni aqrar subsidiya qaydaları ilə bağlı fermerləri məlumatlandırmaq, payızlıq əkinlər barədə məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi prosesini sürətləndirməkdir. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.
Əkin məlumatlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində tez bəyan edilməsi monitorinqlərin daha tez başa çatmasına, subsidiyaların ilin ilk aylarında ödənilməsinə imkan verir. Öz əkinlərini son müddəti gözləmədən EKTİS-də bəyan edən fermerlər subsidiyanı ilin əvvəlində alır və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə edə bilirlər.
Qeyd edək ki, 2022-ci ildən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Subsidiyaların alınması üçün aqrar sığorta tələbi buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkilərinə şamil edilib. Aqrar sığortanın tətbiqi təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır. Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir. Torpaq sahəsi 10 hektardan artıq olan fermerlər öz əkinlərini sığortalamalı, əkin məlumatları ilə yanaşı, sahənin sığorta olunmasına dair məlumatı da Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməlidir.
Subsidiyaların verilməsində tətbiq olunan mühüm yeniliklərdən biri ümumi torpaq sahəsi 5 hektardan çox olan fermerlərin hər 5 hektara 1 torpaq analizi verməsi tələbidir. Bu kateqoriyaya daxil torpaq mülkiyyətçiləri dekabrın 30-dək əkin bəyanları ilə paralel olaraq torpaq analizlərinin nəticələrini də EKTİS-ə daxil etməlidir. Torpaqların analizi məhsuldar torpaqların münbitliyini qorunub saxlanılmasını, eyni zamanda mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək. Eyni zamanda laboratoriya məlumatlarının nəticələrindən istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqini həyata keçirmək mümkün olacaq. Fermerlər öz sahələrindən torpaq analizi verməklə torpağın qida elementlərinə ehtiyacını müəyyənləşdirəcək, yanlış gübrə növü istifadə etməyəcək, gübrə normasını müəyyən edə biləcək. Bu isə torpaqların uzun müddətli və davamlı istifadəsinə imkan yaradacaq.
Fermerlər öz torpaqlarından analiz vermək üçün Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkəran, Salyan, Ucar və Bərdə rayonlarında fəaliyyət göstərən aqrokimya laboratoriyalarına müraciət edə bilərlər. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binalarında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.
Payızlıq əkinlərin bəyan müddəti dekabrın 30-da başa çatır. Bu tarixə qədər EKTİS-də öz şəxsi kabinetini aktivləşdirməyən və əkinlərini bəyan etməyən fermerlər 2022-ci ildə əkin subsidiyası ala bilməyəcəklər. Əkinlərin bəyan edilməsi üçün fermerlərə 4 ay vaxt verilib və torpaq mülkiyyətçiləri son tarixi gözləmədən qısa müddətdə öz əkinlərini EKTİS-də bəyan etməklə müvafiq subsidiyanı ilin ilk aylarında almaq imkanı qazanırlar. Fermerlərə növbəti ildən həm arpa, həm buğda əkininə görə eyni həcmdə - 210 manat subsidiya ödəniləcəyi, pambıq, şəkər çuğunduru və tütün üzrə əkin subsidiyasının tam şəkildə məhsul subsidiyası ilə əvəzlənməsi və digər yeniliklər barədə artıq fermerlərə məlumat verilib.
Hələ 2 il əvvəl - 2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyinin nəzdində Aqrar Subsidiya Şurası yaradılmış, keçən ilin əvvəlindən kənd təsərrüfatının subsidiyalaşdırılmasında yeni mexanizm tətbiq olunmağa başlanılmış, fermerlərə subsidiya kartları paylanılaraq, vəsaitin birbaşa bank kartlarına köçürülməsi təmin edilmişdir. Prosesdsə icra hakimiyyəti strukturlarının təsiri və iştirakı minimuma endirilmiş, fermerlərə dövlət yardımı sistemi tam elektronlaşdırılmışdır. Əvvəlki illərdə subsidiyalar yalnız əkin sahələrinin ərazisinə görə verilirdi və bu proses yerli icra hakimiyyətləri ilə birlikdə həyata keçirilirdi. Bu da korrupsiya hallarına, kağız üzərində daha çox torpaq sahəsi göstərərək əlavə subsidiyaların alınmasına və digər neqativ halların baş verməsinə səbəb olurdu. Hazırda əkin və məhsul subsidiyası ilə yanaşı fermerlərə toxum, heyvan, arı və barama subsidiyası da verilir.
Meyvə bağlarının salınmasına görə birdəfəlik subsidiyaların verilməsinə də keçən ildən başlanıb. Aqrar Subsidiya Şurasının qərarı ilə 2021-ci il üçün 6 növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası verilib və növbəti illərdə də bu proses davam etdiriləcək. 1 hektara əkilmiş tinglərin minimum sayının azı 90 ədəd olması şərti ilə ənənəvi meyvə bağların hər hektarına görə fermerələrə 250 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə ödəniləcək subsidiyaların məbləği və şərtləri isə meyvənin növündən asılı olaraq dəyişir.
Taxil əkinlərinə görə verilən subsidiya qaydalarında da dəyişiklik edilmişdir, Belə ki, buğda və arpanın 20 hektara qədər olan hissəsinin hər hektarına 240 manat, 20 hektardan yuxarı olan hissəsi üçün 180 manat əkin subsidiyası ödənilirdisə, gələn ildən bu məbləğ fərqləndirmə aparılmadan 210 manat təşkil edəcək. Göründüyü kimi əkin sahəsi 20 hektardan az olan fermerlər hər hektara görə 30 manat az subsidiya alacaqlar, dəyişiklik əkin sahəsi 40 hektardan çox olan fermerlərə fayda gətirəcək.
Ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası da ləğv edilib. Bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.
Amma bütün bunlarla yanaşı bir qism fermerlər hələ də subsidiyalardan yararlana bilmirlər. Mülkiyyət huquqlarını təsdiq edən sənədləri olmayanlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməyənlər, torpağı icarəyə götürənlər, əkin bəyanlarını vaxtında təqdim etməyən, eləcə də əkin bəyanları ilə tədarük qəbzləri arasında uyğunsuzluq olan fermerlər subsidiya ala bilmirlər. Məsələn, keçən il ölkədə 336 min tondan çox pambıq istehsal edilsə də pambığa görə 28,3 milyon manat məhsul subsidiyası verilib. Rəqəmlərdən də göründüyü kimi 53 min ton pambıq istehsalçısı subsidiya ala bilməyib. Fermerlərin istehsal xərclərini vaxtında qarşılaya bilməsi üçün əllərində müəyyən vəsaitin olması olduqça vacibdir. Bu mənada əvvəlki illərin nəticələrini əsas götürərək ona uyğun əvvəlcədən fermerlərə avans kimi subsidiya verilməsi daha məqsədəuyğun olardı.
Onu da qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (140,1 milyon dollar) ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. Həmin dövrdə Rusiyaya 522,3 milyon dollar, Türkiyəyə 407,3 milyon dollar, İsveçrəyə 154,9 milyon dollar, Gürcüstana 109,5 milyon dollar və ABŞ-a 48 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz artaraq 582,2 milyon dollar təşkil edib. 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 16,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,1 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon dollar və ya 42 faiz artıb.
Mahir Həmzəoğlu