“Ölkəyə qeyri-leqal qrantlar daxil olur” Müsahibə

“Ölkəyə qeyri-leqal qrantlar daxil olur”

Sahib Məmmədov: "Beynəlxalq donorlar Azərbaycan üçün 3-cü ölkələr vasitəsi ilə maliyyələşmə statusu veriblər"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov Femida.az saytına müsahibəsində çox maraqlı məqamlara toxunub.
Müsahibə ixtisarla oxucularımıza təqdim edirik:

- Hansısa xarici ölkədə siyasi sığınacaq almaq üçün bir sıra şərtlər var. Bu şərtlərdən biri də hüquq müdafiəçilərinin verdiyi rəydir...

- 20 ildən çoxdur ki, mən bu məsələləri izləyirəm. Elə insanlar olub ki, heç bir siyasi fəaliyyəti olmadan saxta sənədlər hazırlamaqla xarici ölkədə siyasi sığınacaq almaq hüququna yiyələnib. Xarici ölkələrdə siyasi sığınacaq almaq üçün müəyyən şərtlər var. Bu şərtlərə inzibati məsuliyyətə cəlb olunma ilə bağlı sənəd, həbsdə olarkən həmin şəxsə qarşı zorakılığın olmasına dair media orqanlarında məqalənin dərc olunması və s. daxildir.
Siyasi sığınacaq almaq üçün ölkə daxilində mövcud olan və beynəlxalq səviyyədə tanınan insan hüquqları təşkilatlarının arayışı da tələb olunur. Bu təşkilatlar çox vaxt belə arayışları yüksək məbləğli pulla satır. Xarici ölkələrin miqrasiya xidmətləri dövlətlərə şəxslə bağlı heç vaxt sorğu göndərmir. Çünki heç bir dövlət ölkədən qaçmış şəxslə bağlı "bu şəxs təqib olunur" deyə bir arayış verməz.
Elələri var idi ki, məqsədinə nail olmaq üçün qəsdən konflikt olan əraziyə gedir. Bu zaman onlar polislə qarşıdurmaya girir və sonda həbs olunurdular. Bir sözlə, əvvəlcədən düşünülmüş ssenarinin nəticəsində, öz məqsədlərinə çatmış olurlar. Ümumiyyətlə, Azərbaycandan çıxaraq xarici ölkələrdə sığınacaq alan şəxslərin 90%-də təqib əlaməti olmayıb. Avropa uzun müddət belə şəxsləri qəbul edərək müxtəlif dövlətlərə qarşı istifadə edirdi. Lakin sonradan Avropa özünün düşünülməmiş fəaliyyətinin qurbanına çevrildi.

- Ölkəmizdə olan hüquq müdafiəçilərinin fəaliyyətini qənaətbəxş hesab etmək olar?

- 10 il bundan əvvəl barmaqla sayılacaq qədər insanlara hüquq müdafiəçisi deyilərdi. Sonradan Qərbin də müəyyən təsiri ilə "dibçək" hüquq müdafiəçiləri ortaya çıxdı. Məsələn, ölkəmizdə fəaliyyət göstərən Norveç İnsan Hüquqları Evi yeni nəsil hüquq müdafiəçiləri yetişdirməyə başladı. Bu hüquq müdafiəçiləri ortaya qəti mövqe qoya bilmək bacarığından tamamilə uzaq idilər. Lakin onlar qərb ölkələrində çox populyardır. Bu şəxslərin də sayəsində bir qrant monopoliyası yarandı. Vaxtilə bir qrup hüquq müdafiəçiləri var idi ki, ölkəyə daxil olan qrantların 75-80%-ni mənimsəyirdi.

- Qrant biznesi hələ də var?

- Əslində xarici donorlardan alınan qrantların həcmi ötən illərlə müqayisədə xeyli artıb. Əgər əvvəllər qrantların bir hissəsi qeyri-leqal yollarla əldə olunurdusa, hazırda demək olar ki, bütün qrantlar qeyri-leqal yollarla ölkəyə daxil olur.

Bu gün Azərbaycan əleyhinə, ölkənin nüfuzuna zərər vuracaq müxtəlif layihələr həyata keçirilir. Sözsüz ki, bu layihələr yüksək məbləğli pullar hesabına baş tutur. Hazırda ölkəyə qeyri-leqal qrantın daxil olması üçün əlverişli infrastruktur var. Buna nəzarət edəcək mexanizm də yoxdur.

Bir nümunəyə diqqət yetirək. Hazırda Bakının "Sovetski" adlanan ərazisində söküntü işləri gedir. Təbii olaraq kimsə öz mülkiyyət hüququnun pozulmasına görə narazılığını bildirə bilər. Son günlər ermənilərin də dəstəyi ilə məhz bu məsələ ilə bağlı bir kampaniya aparılır. Ermənilər bütün dünyaya sübut etmək istəyir ki, Azərbaycan nəinki dünya mədəniyyəti nümunələrinə, heç öz tarixi abidələrinə sahib çıxa bilmirlər.

Guya ki, Azərbaycan xalqı barbar xalqdır. Bu prosesə Azərbaycanda olan müxtəlif qeyri-hökumət təşkilatları da qoşulub. Halbuki, bu proseslərin arxasında Çexiyada mövcud olan "PİN" (People in Need) adlı təşkilat dayanır. Həmin təşkilat isə ermənilərin təsiri altında olan təşkilatdır.

- Hazırda çox yüksək məbləğdə qrantlar alan hüquq müdafiəçiləri var?

- Əlbəttə ki, var. Hazırda milyonlarla manat qrant alan hüquq müdafiəçilərimiz var. Məsələn, Azərbaycanda "contact.az" adlı sayt var. Həmin sayt bir neçə dildə hər gün yüzlərlə informasiyanı dünyaya yayır. Sual verirəm: Maliyyə mənbəyi haradandır? Yaxud da seçkilər ərəfəsində hesabatlar hazırlandı. Kim idi o hesabatları hazırlayan? Həmin hesabatlar hansı maliyyə mənbələrinin hesabına hazırlandı?

- Bu qrantları hansı donor təşkilatları ayırır?

- Siz "net.org" saytına daxil olsanız, Azərbaycana ayrılan qrantlar haqqında ətraflı məlumata yiyələnərsiz. Avropada EED adlı təşkilat da var ki, Azərbaycana xeyli miqdarda qrant ayırır. Digər fondlar da var ki, bəzən 3-cü təşkilatlar vasitəsi ilə maliyyələşmə həyata keçirilər. Beynəlxalq donorlar Azərbaycan üçün 3-cü ölkələr vasitəsi ilə maliyyələşmə statusu veriblər. Bu da donorlara imkan verir ki, 3-cü ölkələrdə insan hüquqları üzrə fəal kimi hesab açsın. Vəsitlər həmin hesabalara köçürülür və xüsusi üsullarla ölkəyə daşınır. Bəzi donorlarının "təsir agent" şəbəkəsi var. Belə şəxslər hər hansı ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etmir, amma belə fondlar vasitəsi ilə bəzi dövlətlərin maraqlarını yerinə yetirirlər.