“Erməni yalanlarına qarşı mübarizə aparılması üçün alban kilsələrinə dini rəhbər təyinatı olmalıdır” Müsahibə

“Erməni yalanlarına qarşı mübarizə aparılması üçün alban kilsələrinə dini rəhbər təyinatı olmalıdır”

Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi Robert Mobilinin "Report"a müsahibəsi (ixtisarla)

- Robert müəllim, udi xalqı udinlər kimi də yazılır. Bunlardan hansı düzgündür?
- Çar Rusiyası Qafqazı işğal etdikdən sonra Azərbaycanda yaşayan xalqların milliyyətini müxtəlif cür yazıb. Bizə aborigen, avtoxton və albanlar deyiblər. Hətta tuzemts dedilər. Bundan sonra isə yazıya alanda udi sözünün yerinə udinlər yazdılar. Ancaq bu da doğru deyil. Udin sözü rus dilində yazılanda n hərfi bağlayıcı kimi işlənir (məsələn, gürcü - qruzin, ləzgi - lezgin). Biz özümüzə udi deyirik, tarixdə də udi olub. Udin termini Çar Rusiyasının Qafqazı işğalından sonra ortaya çıxıb. Biz hələ sovet dövründə, yəni 1985-86-cı illərdə bununla bağlı məsələ qaldırmışdıq.
- Hazırda Azərbaycanda və digər ölkələrdə udilərin sayı nə qədərdir?
- Bu gün dünyada udilərin sayı 10 min nəfərdən çoxdur. Xarici ölkələrdə yaşayanların hamısı da məhz buradan gedənlərdir. Onların tarixi vətəni Azərbaycandır. Azərbaycanda qalanların sayı isə 4 minə yaxındır. Rusiyanın Rostov, Krasnodar, Volqoqrad, Qazaxıstanın Aktau şəhərində sayları kifayət qədər çoxdur, az sayda Ukraynada və Gürcüstanda yaşayırlar. Azərbaycanda isə Qəbələnin Nic qəsəbəsində, Oğuz rayonunda 100 nəfər, Bakı şəhərində isə 20 ailə yaşayır. Azərbaycandan fərqli olaraq başqa ölkələrdə yaşayan udilərin nəvələri tarixi vətənlərinə gəlib gedirlər. Artıq onların bir hissəsi udi dilində danışa bilmir.
- Azərbaycanın qonşuluğunda yaşayan bəzi xalqlar Qafqaz Albaniyasının mirasına sahib çıxmağa çalışırlar...
- Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinə qədər mövcud olmuş minillik tarixi olan ölkə olub. Bu gün də həmin ölkənin varisi Azərbaycandır. Qafqaz Albaniyası böyük bir dövlət olub. Hələ bir hissəsi Dərbənddə, bir hissəsi Ermənistan ərazisində qalıb. Qafqaz Albaniyasında I əsrdən xristian icmaları yarandı və IV əsrdə, yəni 313-cü ildə xristianlıq dövlət dini oldu. Alban mədəni irsi Azərbaycanda həddən artıq zəngindir. Azərbaycanın demək olar bütün bölgələrində bu mədəni irsin qalıqları var. Şəkidə olan Kiş məbədi Qafqaz Albaniyasının, hətta Qafqazın ən qədim kilsələrindən biridir. Qafqazda kilsələrin anası hesab olunan Kiş Apostol kilsəsidir. Bu zəngin mədəni irs Azərbaycanın tarixi mədəni irsidir. Bu mədəni irsə "qonşularımız" (həm şimaldakı, həm də qərbdəki qonşularımız) sahib olmaq istəyirlər. Çünki bu mədəni irsə yiyələnmək torpağın sahibi olmaqdır. Çar Rusiyası Qafqazı işğal edəndə iki böyük imperiyanın marağı olub. Qarşıdurmaların sonunda Azərbaycanı iki hissəyə ayırdılar. Azərbaycanda xristian mədəni irsinə sahib olan udilər, o cümlədən alban tayfaları birbaşa erməni kilsəsinə verildi. Çünki Çar Rusiyası Azərbaycan ərazisində xristian ölkəsi yarada bilməzdi. Alban tayfalarından 5-6 kənd qalmışdı və həmin mədəni irsə sahib olmaq üçün onlara böyük bir qüvvə lazım idi. Nəticədə erməniləri Dağlıq Qarabağa köçürməklə Azərbaycanın tarixi torpaqlarında yerləşdirdilər. Məqsəd Qafqaz Albaniyasının xristian mədəni fundamenti üzərində erməni icmasının gücləndirilməsi idi. Azərbaycanı parçaladıqdan sonra İranda Rusiya səfiri Aleksandr Qriboyedovu öldürməklə antierməni siyasət formalaşdırdılar və bundan sonra erməniləri Azərbaycana köçürdülər. Ermənilər daha çox əsasən alban məbəd-kilsələrinin yerləşdiyi ərazilərə köçürüldülər. Alban kilsəsi apostol kilsəsi olduğundan tarixlə yaxınlığı var. Ermənilər ədəbiyyatı, dəftərxananı, dini ocaqları öz kilsələrinə uyğun dəyişdirməyə başladılar. Onlar özlərinə sərf edənləri tərcümə edib dəyişdirdilər, lazım olmayanların hamısını da məhv etdilər. Bu işləri də Çar Rusiyasının köməyi ilə həyata keçirdilər. Nəticədə Azərbaycanın tarixi torpaqlarında ermənilərin sayı artdı. Sonra Türkiyədən də erməniləri köçürdülər. Nəticədə Dağlıq Qarabağda o mədəni irsin sahibi ermənilər oldu. Çar Rusiyasının əsas istəyi Azərbaycan ərazisində islam və xristian dinlərinə mənsub olmaqla iki qütb yaratmaq idi. Bir tərəfdən ermənilərin mədəni irsə sahib olmalarına şərait yaratdılar, digər tərəfdən də islamın alban-xristian mədəni irsini erməni mədəni irsi kimi qəbul etməsi üçün şeyxülislamlıq formalaşdırdılar. Nəticədə alban sözünü, ümumiyyətlə, terminologiyadan çıxardılar. Oğuzda yaşayan uduləri pravoslav kilsəsinə qəbul etdilər və onlar üçün gözəl şərait yaratdılar. Udilərdən məşhur general, hərbçilər, yazıçılar çıxırdı. Nic udiləri isə birbaşa ermənilərin tabeçiliyinə verilmişdi.
- Bəs, udilər bu qədər çətin şəraitdə necə özlərini qoruya və mədəniyyətlərini yaşada bildilər?
- Biz erməni kilsəsinə gedib ibadət etmədiyimizə görə, özümüzü qoruya bildik. Ermənilərin bizim onların kilsələrinə ibadətə getməməyimizlə bağlı Eçməidzinə çoxlu şikayət məktubları var. Xalqın özünü qorumasında iki faktor var. Birincisi, etnosun müharibə edən bir xalq olmaması, ikincisi isə ətraf mühit amilidir. Azərbaycan türkləri ilə kökümüz yaxın olduğundan bizə hörmətlə yanaşıblar. İndi tolerant, multikultural olduğumuzu deyirik. Çünki biz bu işə hazır idik. Antoqonizm, bir-birinə nifrət olan yerdə milli zəmində münaqişələri alovlandırmaq asan məsələdir. Xalqlarımız arasında belə bir şey yox idi. Hətta indi də xalqlarımızın arasına nifaq toxumu səpmək istəyirlər, amma bunu edə bilmirlər və bilməzlər də.
İnqilab vaxtı da elə idi. Bizdən, sizdən fikrimizi soruşan olmayıb. Azərbaycan türklərinin milliyyətini tatar kimi yazıblar. İbadət yerlərini də siyahıya alan olub. Sözsüz ki, Eçməidzinə keşişləri göndərəndə xristian dininə ibadət edən xalqları öz adları ilə adlandırmayıblar. Onlar kilsə hesabına müxtəlif millətləri birləşdirdilər. Bu regionda ermənini gücləndirmək Çar Rusiyasının siyasəti idi. Bu siyasət hələ Pyotrun vaxtından başlanmışdı. Amma şimal xalqları islam dinini qəbul etdilər. Bu da rus imperiyasının qarşısında bir sədd rolunu oynadı.
Bu qazanda hər birimiz qaynamışıq. Vaxtilə ərəblər xristianları sıxmayıblar. Ərəblərin onlardan əsas tələbləri verginin vaxtında verilməsi və qərblə yaxınlaşmaması olub. Qafqaz Albaniyasını ərəblər deyil, ermənilər dağıtdılar. Qafqaz Albaniyasının XI çarı Cavanşir Varası ermənilər satdılar və onun guya dualarında Qərbin, Bizans imperatorunun adını çəkməklə özünü möhkəmləndirmək istədiyini bildirdilər. Ərəblər də Cavanşir Varası Qərblə yaxınlaşmaması üçün zəiflədiblər. Məsələn, Şəki xanı Çələbi xanın kökü xristian olub. Amma sonra Çələbi xanın bütün qohum-əqrabası islamı qəbul etdi, hətta xan Həcc ziyarətinə getdi və türklərlə yaxınlaşdı. Tarixçilər etnosların islamı qəbul etməsini çox yazmırlar. Azərbaycanın tolerantlığı nədən irəli gəlir? Bizim kökümüz birdir. Sadəcə fərqli elementlər, fərqli dinlər olub. Bizim içimizdə xristianlıqdan sonra islamı qəbul edənlər çoxdur.
Avropa alimləri Azərbaycana gələndə bizimlə maraqlanırlar. Onları xristian olmağımız deyil, ətrafı tamamilə islam olan bir xalqın öz dili və dinini necə qoruyub saxlaması maraqlandırır. Təbii ki, əsas amil kökümüzün yaxınlığı olub. Düzdür, çətinliyimiz də olub və indi də var. Udiləri tarixdən silməkdə maraqlı olanlar da olub. 1918-20-ci illərdə, 1990-cı illərdə bizim başımıza çox işlər açıblar. Çünki ermənilər, ruslar Azərbaycandakı mövcud xristian tayfalarını tamamilə silmək istəyirdilər. Ya xalqın içində əriməliydin, ya da yox olmalıydın. Məsələn, ingiloylar Gürcüstana gedərək gürcüləşdilər və illər sonra dillərini də unutdular. Bu gün Avropada qloballaşma, inteqrasiya nəticəsində böyük xalqlar belə əriyirlər. Ona görə də norveçlilər Avropaya inteqrasiyanı istəmir. Bunun qarşısını necə almağı öyrənmək üçün azsaylı xalqların modellərinə baxırlar. Bundan 20-30 il əvvəl Avropada doğum gününün keçirilməsi, qonaq çağırılması adətinin gələcəkdə tamamilə aradan qalxacağını bildirirdilər. Artıq udilərdə belə bir proses başlayıb və bu, bizdən asılı deyil. Ona görə də Avropada insanlar özlərini qorumaq istəyirlər. Azərbaycan da vaxtilə əriyirdi, hamı rusdilli olmuşdu.
- Ermənilər alban kilsələrini bu gün də özününküləşdirməkdə davam edirlər. Sizcə, buna qarşı necə mübarizə aparılmalıdır?
- Ermənilər Dağlıq Qarabağ ərazisində olan alban kilsələrinin əksəriyyətini bərpa edirlər. Azərbacan alban mədəni irsinə sahib çıxmalıdır. Qafqaz Albaniyasının mədəniyyəti, tarixi bizim mədəniyyətimiz, bizim tariximizdir. Ona görə də bu işlər mənfur qonşularımızın deyil, bizim işimizdir. İndi böhran vəziyyətində yaşayan Ermənistan Qarabağda olan kilsələri bərpa etmək üçün çox böyük vəsait sərf edir. Bunu ürəyi yandığından bərpa etmir. Sabah həmin torpaqlar işğaldan azad edilə bilər, ermənilər də guya "tarixi" torpaqları olduğuna iddia etmələri üçün belə edirlər. Azərbaycandakı alban məbədlərindən heç olmasa bir hissəsini bərpa etməliyik. Gədəbəy, Daşkənd, Qazax, Tovuz, Şəki-Zaqtala, İsmayıllı, demək olar bütün rayonlarda alban kilsələri var. Heç olmasa onlardan bir qismi bərpa olunmalıdır. Təbii ki, dövlət tərəfindən bərpa edildikdən sonra icmalar da kilsələrin qorunmasına hazır olmalıdır. Çünki bu məsələ də bizdə problemdir. Dövlətin hər kilsə üçün 5 ştat vahidi saxlamağa pulu yoxdur. Burada din faktoru var. Həmin kilsələr ermənilərin deyil, albanların, yəni bizimdir. İllərdir udiləri də erməni kimi tanıyırdılar. Çünki bu cür siyasət həm Ermənistana, həm də Rusiyaya sərf edirdi. Biz bir tərəfdən özümüz bu mədəniyyəti ermənilərə vermişik, digər tərəfdən də bu işi bizim əlimizlə görüblər.
Mən Türkiyədə olmuşam, bu ölkənin dini rəhbərləri ilə görüşmüşəm. Suriya kilsəsinin, Konstantinopol kilsəsinin patriarxları ilə görüşmüşəm. Türkiyədə heç yerdə Konstantinopol sözünü işlətmirlər. Amma patriarx var. Kilsəni bərpa ediblər və turistlərdən pul alırlar. Türkiyədəki xristian mədəni irsinə Ermənistan, Yunanıstan, Suriya kimi ölkələr heç bir söz deyə bilmir. Türkiyə bunun bir tarix olduğunu deyir. Biz də müsəlman ölkəsi olsaq da, bu mədəni irs bizimdir. Təəssüf ki, bu hal bizdə yoxdur. Azərbaycanda alban kilsəsinin statusu olmayana kimi bu problem qalacaq. Biri var Dağlıq Qarabağı dövlət səviyyəsində müdafiə etsinlər, biri də var tarix və din tərəfdən. Ermənilərin əsas faktoru dindir. Hətta erməniləri çox sıxanda "Albaniya böyük Ermənistanın içində olub" deyirlər. Amma nə qədər qaçsalar da, tarixi həqiqət var. Alban Apostol kilsəsi var və bunu qəbul edən qüvvələr var.
Ermənilər alban əlifbasını Mesrop Maştotsun yaratdığını iddia edirlər. Halbuki dünya alimləri alban əlifbasının Mesrop Maştotsdan yüz il əvvəl yaradıldığını sübut ediblər. Bu material Azərbaycanda heç yerdə olmasa da, Nicdə var. Amma bu məlumatlar dilçilk, tarix sahəsində yazılmalıdır. Bu işlərdə dövlətin strategiyası olmalıdır. Söhbət burada udilərdən getmir. Udilər bu işdə kömək edə bilərlər. Amma bu mədəni irsin dini rəhbəri olmasa, onu müdafiə edə bilməyəcəklər.
Ermənilər YUNESKO-da qaldırdıqları xaçkar məsələsi ilə bağlı səsvermə keçirmək istəyirdilər. Onlar iddia edirdilər ki, harada xaçkar varsa, Ermənistan sərhədidir. Azərbaycandan məni də dəvət etdilər. Çünki xaçkarların albanlara məxsus olduğu iddiasını qaldırmışdım. Biz hələ ki, bu ərazilərdə yaşayırıq. Bizim iddiadan sonra səsverməni saxladılar və Ermənistanda harada xaç varsa, bu ölkənin ərazisi olduğunu yazdılar...