“Allaha inanıram, amma xəstənin həyatı mənim əlimdədir” Müsahibə

“Allaha inanıram, amma xəstənin həyatı mənim əlimdədir”

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayevin Publika.az-a müsahibəsi (ixtisarla)

– Kamran bəy, siz Amasiyadansınız, eləmi?
– Bəli...
– Uşaqlığınız oralarda keçib?
– Demək olar ki, 15 yaşıma qədər Amasiyada yaşamışam...
– Bəs necə oldu ki, cərrah oldunuz? Sizdən əvvəl ailənizdə həkim olan vardımı?
– Mən ziyalı ailəsində böyümüşəm. Atam mühasib olub, amma ədəbiyyata da meyilli idi. Nizaminin "Xəmsə"sini əzbərə bilirdi. Və bu əsərlər həmişə atamın baş ucunda olurdu. Əmim isə həkim idi, rayonda çalışırdı. Bu peşəni seçməyimdə məhz əmimin böyük təsiri olub. Yadımdadır, əmim kəndimizdəki xəstələrə kömək edirdi. Onun işi və insanlara yardım etməsi mənə çox təsir edirdi. Ona görə də ağlım kəsəndən deyirdim ki, mən də həkim olacam.
– Azərbaycan Tibb Universitetini bitirmisiniz?
– İkinci kursa qədər Azərbaycan Tibb Universitetində oxudum. 1992-ci ildə dövlətlərarası müqavilə əsasında univeristetimizdə əlaçı tələbələr seçildi, mən də daxil olmaqla, 10 nəfəri İstanbul Universitetinə göndərdilər. Tibb təhsilimizi orada davam etdirdik.
– Digər 9 nəfər kimlər idi? Onlar da tanınırmı?
– Məsələn, plastik-rekonstruktiv cərrah Vaqif Qələndər, uroloq Vasif İsmayıl, radioloq Rasim Bayramov, ortoped-travmatoloq Cəfər Nəsirli və s. bizimlə birgə gedənlərdən idilər...
– Kamran bəy, belə bir fikir formalaşıb ki, yaxşı bir həkim, cərrah olmaq üçün mütləq xaricdə təhsil almaq lazımdır...
– Bu fikirlə qəti razı deyiləm. Məsələn, Azərbaycan Tibb Univeristetini bitirmiş, mənim yanımda yetişən bir çox cərrahlar var ki, ölkəmizin müxtəlif klinikalarında yüksək səviyyədə çalışırlar. Bizim ölkəmizdə yetişmiş çox uğurlu cərrahlarımız var. Və bunlar praktikada sübut da olunub.
– Yaxşı ürək cərrahlarımız çoxdursa, bəs niyə ehtiyac yaranan kimi imkanlı insanlar xaricə üz tutur?
– 2001-ci ildə Mərkəzi Klinika fəaliyyət göstərməyə başlayanda mən gənc bir cərrah kimi gəlib burada çalışmağa başladım. Həqiqətən, o zaman ölkəmiz və onun insanları üçün ürək-damar əməliyyatları ağılabatan məsələ deyildi. O zamanalar bu cür xəstələrimizin əksəriyyəti qonşu ölkələrə və yaxud, başqa xarici ölkələrə üz tuturdular. Mənə ən pis təsir edən və məni əzən də o idi ki, onlar nəyə görə xaricə üz tuturlar? Nəyə görə bu işlər üçün ölkəmizdəki azərbaycanlı cərrahlara müraciət olunmur?
Çox şükür ki, günü-gündən Mərkəzi Klinika başda olmaqla, ölkəmizin digər kilinikalarında bu işlər sürətlə inkişaf etdi. Bildiyiniz kimi mən Azərbaycan Ürək-Damar Cərahiyyəsi Cəmiyyətinin də sədriyəm. Bu gün Bakıda 10 mərkəzimizdə açıq ürək əməliyyatları həyata keçirilir. Türkiyədən və digər xarici ölkələrdən gələn qonaqlarımız da çox olur. Onlar özləri də etiraf edirlər ki, Azərbaycanda ürək-damar cərrahiyyəsinin bu müddətdə bu qədər yüksək səviyyədə inkişafı gözlənilmirdi...
– Məsələ burasındadır ki, xaricə üz tutanlar adi adamlar deyil. Daha çox maddi cəhətdən imkanlı şəxlər və məmurlardır. Onlar ürəklərini yerli həkimlərimizə niyə etibar etmirlər?
– Yenə deyirəm, 2001-2002-ci illərdə ürək xəstələrinin əksəriyyəti xaricə gedirdi. Təkcə varlılar yox, hətta sadə vətəndaşlar da həyatlarını xilas etmək üçün xaricə üz tuturdu. Və deyim ki, haqlı idilər. Bu gün isə tam məsuliyyətimlə deyirəm ki, ürək-damar xəstəliklərinə görə xaricə getməyə ehtiyac yoxdur. Çünki bu əməliyyatlar Azərbaycanda da müasir dünyanın qəbul etdiyi standartlarda icra olunur.
– Bəs niyə Natiq Əliyevin ürəyindən ağrı tutanda onu dərhal Türkiyəyə apardılar?
– Allah rəhmət eləsin. Amma Natiq Əliyevə həmin anda bütün ilkin müdaxilələr olunmuşdu.
– Konkret olaraq, deyə bilərsinizmi, onu Türkiyəyə niyə apardılar? Türkiyə tibbində nə var ki, bizdə yoxdur?
– Bu gün Türkiyədən də bəzi xəstələr Amerikaya üz tutur. Eyni zamanada Amerikadan bu məqsədlə başqa ölkələrə müraciət edənlər var. Çünki sağlıq turizmi deyilən bir sektor yaranıb. Bəlkə bunun etik tərəfi də müzakirə oluna bilər, amma xəstələri bir ölkədən digər ölkəyə daşıyan bu sektor ticarətlə məşğul olur və getdikcə inkişaf edir. Məsələn, Avropanın özündən də başqa ölkələrə müraciət edən xəstələr var.
– Bizdə ən məşhur ürək cərrahı siz və Rəşad Mahmudovdur. Bu məşhurluq nə ilə bağlıdır?
– Açığı mən özümü məşhur hesab etmirəm. Həkimliklə məşğul olan insanlar - içi mən qarışıq - zamanını, enerjisini, potensialını yalnız öz işinə ayırsa, özü və cəmiyyəti üçün daha faydalı olar.
– Praktikalarınızı demirəm, peşəkar fəaliyyətiniz dövründə ilk əməliyyatınızı xatırlayırsınız?
– İlk əməliyyatımı İstanbul Universitetində icra etmişəm. 1996-cı ildən 2002-ci ilə qədər ürək-damar cərrahiyyəsi üzrə rezidentura təhsilimi də məhz İstanbulda almışam və orda müdafiə etmişəm. Amma İstanbulda rezident kimi etdiyim əməliyyatlarla müqayisədə Bakıda bir cərrah kimi etdiyim əməliyyatlar daha çox yadımda qalıb. Çünki doğma şəhərimizdə müstəqil fəaliyyət göstərəndə hansı tarixi məsuliyyəti boynuma götürdüyümü dərk edirdim. Və təbii, keçirdiyim həyəcana və stressə görə o illərdəki əməliyyatlarım daha unudulmaz idi.


– Əməliyyatdan çıxmayanlar, dünyasını dəyişənlər yəqin ki, olub...
– Əlbəttə, olub.
– Çoxmu?
– Ümumiyyətlə, müasir tibb o qədər inkişaf edib ki, əməliyyat masasında xəstəni itirmək halı demək olar ki, yaşanmır. Ölüm halı əməliyyatdan sonra baş verə bilər. Bu da ki, ürək əməliyyatlarından sonra 1-2 faiz hallarda müşahidə edilə bilər.
Xəstənin əməliyyatdan öncəki halı da bizim üçün olduqca vacibdir. Bu gün hansısa xəstə heç vaxt infarkt keçirməmiş, ürəyi zədələnməmiş və ürəyinin gücü qorunmuş halda gəlirsə, onun əməliyyatdan sonra ölüm risqi bir faizdən daha azdır. Amma xəstə iki dəfə infarkt keçirib və ürəyinin gücü 30 faizin altına düşübsə, əməliyyatdan sonrakı ölüm risqi daha çox olur. Reanimasiya müddətində ürəyin özü ilə bağlı problemlərdən olan səbəbə görə də xəstə itirilə bilər. Eyni zamanda ürək mərkəzi orqan olduğu üçün həmin müddətdə xəstələr böyrək, beyin, ağciyərlə əlaqədar olaraq da dünyasını dəyişə bilər.
Mən 16 ildə 12 mindən çox əməliyyat etmişəm. Və biz bu əməliyyatların çox ciddi statistikasını da aparırıq. Öz ölkəmizdə və xarici ölkələrdə keçirilən konqreslərdə nəticələrimiz təqdim edilir. Bizim nəticələrimiz, yenə deyirəm, dünya standartları ilə birə-bir eynidir.
– Kamran bəy, ürəyin gücü hansı xüsusiyyətinə görə ölçülür?
– Yığılma qabiliyyətinə görə. Bizim ürəyimizin əsas funksiyası motor və yaxud, nasos funksiyasıdır. Bədənimiz, yaşamağımız, hərəkət etməyimiz üçün bir dəqiqədə orqanizmimizin 5-6 litr təzə və oksigenlə zənginləşmiş qana ehtiyacı var. Bu prosesi 300 qramlıq və ürək dediyimiz bir orqan yığılıb açılmaqla həyata keçirir. Əgər yığılma qabiliyyəti normaldırsa, çox yaxşıdır. Amma keçirilmiş infarktların və ya müəyyən ürək xəstəliklərinin nəticəsində yığılma qabiliyyəti azalır. Ürəyin gücü bizim bundan sonra qalan ömrümüzlə düz mütənasibdir. Yəni ürəyimizin gücü azalıbsa, deməli, ömrümüz də azalıb. Ona görə də hamımız ürəyimizin gücünü qorumalıyıq.
– Ürək neçə aydan bir müayinə olunmalıdır?
– Ailənizdə irsi ürək xəstəliyi yoxdursa 40 yaşından sonra ildə bir dəfə yoxlanmaq kifayətdir. Çünki ürək xəstəlikləri demək olar ki, irsi xəstəliklərdir. Ümumiyyətlə, bütün əsas xəstəliklər irsidir.
– Xərçəng də?
– Bəli...
– Onda xəstəlikləri siqaret, içki və s. yaradır fikri təkzib olunur?
– Xəstəliklər heç vaxt bir səbəbdən yaranmır. Tibbdə buna multifaktorial deyilir. Ürək xəstəliklərinin yaranmasında irsiyyət başda gələn səbəbdir. Amma təbii ki, başqa səbəblər də var. Məsələn, siqaret, içki və s.
– Xalq təbabəti ilə müalicəyə inanmaq olarmı? Bir ara mən də guya ürəyimin qeydinə qalırdım, xərçəngdən özümü qoruyum deyə, sarımsaq yeməyə başladım, mədəm xəstəliyə düşdü.
– Təbii, çox faydalı qidalar var. Amma bizim çoxumuz eynən sizin kimi bir şeyi yanlış edirik ki, həkim məsləhəti almadan otlarla və ya bitkilərlə özümüz özümüzü müalicə edirik. Təbiətdə mövcud olan bəzi otlar, bəzi bitkilər və digər qida məhsulları həqiqətən də ürəyə və ya digər orqanlara faydalı ola bilər. Amma biz bunlara bir tamamlayıcı vasitə kimi baxmalıyıq. Bütün bunlar əsas tibbi müalicənin qabağına keçə bilməz. Hələlik dünyada elə bir metod yoxdur ki, siz sarımsaq və ya digər meyvə-tərəvəzi yeyərək ciddi ürək xəstəliyinə qalib gələsiniz. Eyni zamanda təbii vasitələr bir orqana xeyir, digər orqana ziyan verə bilər. Ona görə də bu işin biliciləri ilə, həkimlə məsləhətləşmək lazımdır.
– Maraqlıdır, anjio zamanı ölüm təhlükəsi varmı?
– Müasir dövrdə angioqrafiya texnikası o qədər inkişaf edib ki, ölüm təhlükəsi demək olar ki, yoxdur.
– Bizdə ürək əməliyyatlarının xarici ölkələrlə müqayisədə qiyməti bahadır, yoxsa ucuzdur?
– Ümumiyyətlə, səhiyyə xidmətləri bahalı xidmətlərdir. Söhbət təkcə ürək xəstəliklərindən getmir. Konkret deyə bilərəm ki, hazırda ölkəmizdə bu xidmətlərin qiyməti, dünya və qonşu ölkələrlə müqayisədə daha ucuzdur.
– Başqa bir tanınmış cərrah Rəşad Mahmudov Milli Məclisin üzvü seçildi. Sizin də belə bir arzunuz, istəyiniz yoxdur ki?
– Xeyr, mən belə bir şey düşünmürəm. Rəşad həkim mənim çox yaxın dostumdur, gözəl münasibətlərimiz var. Mən öz işimin və öz sənətimin vurğunuyam. Peşəmin xaricində olan hansısa bir işlə məşğul olmağı da düşünmürəm. Heç öz işimlə məşğul olmağa vaxt çatdırmıram. Mənə 24 saat bəs etmir.
– Maraqlıdır, öz ürəyinizin əməliyyatlıq bir problemi olsa, hansı cərraha etibar edərsiniz?
– Tələbələrimə - öz yetişdirdiyim cərrahlara heç bir tərəddüd etmədən ürəyimi etibar edərəm.
– Hazırda ürəyinizdə bir problem yoxdur ki?
– 44 yaşım var, hələ ki, ürəyimdən şikayətim yoxdur. Amma deyə bilmərəm ki, bundan sonra da olmayacaq. Ona görə də sağlam həyat tərzi keçirməyə çalışıram...
– Necə?
– Siqaret çəkmir, alkoqoldan istifadə etmirəm. Həftədə 4-5 dəfə idman edirəm. Məsələn, bu gün sizinlə görüşə 6-7 klometr yolu iti adamlarla yeriyib gəlmişəm.
– Siqaret çəkməyəcəksinizsə, içki içməyəcəksinizsə, bəs bu həyat nəyə lazımdır ki?
– Yaxşı dediniz... (gülür) Düzü, bəzən bunu mənə yaxın dostlarım da deyir. Amma mən yaşamağın mənasını siqaret çəkməkdə, araq içməkdə və ya başqa şeylər etməkdə görmürəm.
– Bəs nədə görürsünüz?
– Məsələn, Bakı bulvarında gəzməkdə, dostlarımla bərabər olmaqda görürəm. Siqaret çəkmək, alkoqol qəbul eləmək nəinki həyatın mənası, mənim üçün pis bir vərdişdən başqa bir şey deyil.
– Kamran bəy, ağır bir əməliyyat prosesində xəstənin həyatını öz əllərinizdə hiss edirsiniz, yoxsa Allahın?
– Mən Allaha inanan adamam. Xəstənin də, mənim özümün də taleyimin son nöqtədə müəyyən edənin yaradan olduğuna inanıram. Amma əməliyyat əsnasında bir həkim kimi düşünürəm ki, xəstənin bütün məsuliyyətini mən daşıyıram və onun həyatının da mənim əllərimdə olduğuna inanıram.