“Ermənistanda parlament seçkiləri müharibə və sülh arasında seçimdir” Müsahibə

“Ermənistanda parlament seçkiləri müharibə və sülh arasında seçimdir”

Asif Nərmanlı: “Çünki müxalif qüvvələr revanşizmə əsaslanır”

Ermənistanda seçki yaxınlaşdıqca proseslər daha gərgin xarakter alır. Revanşistlərlə yanaşı kilsənin də bütün gücü ilə hökumətə qarşı fəaliyyət göstərməsi, eyni zamanda bütün qüvvələrin həm də xarici dəstək axtarışı kəskin məcraya qədəm qoyub.

Təbii ki, proses Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Çünki hələ yekun sülh sazişi imzalanmayıb və bu da o deməkdir ki, revanşistlərin hakimiyyətə gəlməsi danışıqlar prosesini poza bilər.

Bu və digər aktual məsələlərlə bağlı “Xalq Cəbhəsi” siyasi analitik Asif Nərimanlı ilə söhbətləşib.

- Ermənistanda seçkilər yaxınlaşdıqca qarşıdurmanın kəskinləşəcəyi aydın görünür. Bu qarşıdurma təkcə Paşinyan və kilsə, eləcə də hakimiyyət və müxalifət arasında yox, müxalifətin daxilində də müşahidə edilir. Kilsə və hakimiyyət mübarizəsində Paşinyan Qaregin komandasının ən azı seçkiyə təsirini aradan qaldırmaq məqsədilə neytrallaşdırmağa çalışacaq. Qaregini istefaya məcbur edə biləcəyi ehtimalı zəifdir, indiyə qədər bu istiqamətdə atılan addımlar nəticə verməyib. Lakin hakimiyyətə qarşı çıxan kilsə komandasını nüfuzdan sala biləcək ifşa materiallarının yayılması mümkündür. Əgər hakimiyyət buna nail ola bilməsə, seçkidə risklə üzləşə bilər, çünki Qaregin və komandası müxalifətə dəstək verəcək. Nəticə etibarilə, Paşinyan seçkidə kilsə-müxalifət-diaspor ittifaqı ilə üzləşə bilər.

Müxalifət isə hazırda parçalanmış vəziyyətdədir. Əsas fiqur kimi Samvel Karapetyan görünür, digər tərəfdən, Robert Koçaryan aktivləşib. Koçaryan Karapetyanla ittifaq qurmaq istəsə də, ikinci anlayır ki, birinci ilə eyni platformada olmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq. Ona görə buna qarşı çıxır. Serj Sarkisyan isə hər iki şəxslə məsafə saxlayır. Müxalifətin parçalanması seçkidə hakimiyyətin əlini gücləndirə bilər.

- Seçki ərəfəsində müxalifətin birləşməsi mümkündürmü?

- Zəif ehtimaldır, lakin mümkünsüz də deyil. Çünki Koçaryan və Karapetyan Rusiyanın dəstəklədiyi şəxslərdir və aralarında keçmişdən gələn münasibətlər var. Fikrimcə, Rusiyadan birləşmə göstərişi gələrsə, buna gedə bilərlər. Lakin fərqli taktika da tətbiq edilə bilər: Koçaryanla Karapetyanın birləşməsi ikincinin şanslarını azalda biləcəyi üçün seçkidə ayrılıqda gedə, seçkidən sonra isə parlamentdəki qüvvələrini hakimiyyətə qarşı birləşdirməklə ən azı Paşinyanın mütləq hakimiyyətinə problemlər yarada bilərlər.

- Rusiya bu seçkidə Paşinyanı devirmək istəyirmi?

- Fikrimcə, Moskva ehtiyatlı davranış sərgiləyir. Bir tərəfdən, müxalifəti dəstəkləyir, digər tərəfdən Paşinyanla təmasları davam etdirir. Çünki Paşinyana qarşı kəskin mövqe sərgiləmək onun seçkidə mümkün qələbəsindən sonra Rusiyanın Ermənistandakı mövqeləri təhlükə altına düşə bilər. Yəni Paşinyan seçkiyə müdaxiləni əsas gətirərək, anti-Rusiya addımlarını gücləndirə bilər.

- Ermənistandakı seçkilər Azərbaycanla sülh prosesinə hansı risklər yaradır?

- Ermənistandakı seçkiləri müharibə və sülh arasında seçim kimi qiymətləndirə bilərik. Çünki müxalif qüvvələr revanşizmə əsaslanır, əsas proqramları da Paşinyanın Qarabağı Azərbaycana “təhvil verməsi” üzərində qurulub. Bu baxımdan, onlar seçiləcəkləri təqirdə ən azı paraflanmış sülh sazişi layihəsini yenidən nəzərdən keçirmək haqda düşünəcəklər. Sülh sazişi layihəsinin Vaşinqtonda paraflanması, eləcə də Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın ABŞ-ın zəmanəti ilə əldə edilməsi Rusiyanın bölgədəki maraqlarına qarşıdır. Moskva regioal kommunikasiyanın açılmasından pay almaq niyyətini gizlətmir. Seçkidə Rusiyanın dəstəklədiyi qüvvələr qalib gələrsə, Moskvanın istəyi ilə razılaşmaları yenidən gözdən keçirməyə çalışacaqlar. Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi prosesi dayandırılacaq. Bu da nəticə etibarilə əldə olunmuş sülh prosesinin pozulması və yeni eskalasiya riskinin yaranması deməkdir.

- Bakı əldə olunmuş sülh prosesini qorumaq istiqamətində hansı addım ata bilər?

- Seçkilər Ermənistanın daxili məsələsidir, lakin Paşinyan hakimiyyətinin sülh proqramını, eləcə də əldə olunmuş razılaşmaların qorunmasının vacibliyini nəzərə alanda Azərbaycanın müəyyən gedişlər etməsi mümkündür. Bu gedişlər Ermənistanda sülh razılaşmalarının praktiki müstəvidə icrasını genişləndirmək ola bilər. Paşinyan da seçki kampaniyasında bundan müharibə tərəfdarı olan revanşistlərin qarşını almaq üçün istifadə edə bilər.

- ABŞ-İran müharibəsi müvəqqəti olaraq dayanıb. 40 günə yaxın davan edən müharibənin qalibi kimi hesab etmək olar?

- ABŞ-İran müharibəsinin nəticəsində tərəflərdən heç biri qalib gəlmədi. Doğrudur, hər iki tərəf təbliğat məqsədilə qalib gəldiyini iddia edir, lakin reallıq fərqlidir. İran ciddi itkilərə məruz qalıb. Ölkənin hərbi potensialı böyük ölçüdə məhv edilib, hərbi-siyasi elita sıradan çıxarılıb, iqtisadi itkilər milyardlarla dollar miqyasında qiymətləndirilir, nüvə proqramı 10-15 il geri düşüb. İranın itkiləri ilə ABŞ və İsrailin itkilərini müqayisə edəndə ikincilərin qalib gəldiyi fikir yaranır, lakin Vaşinqtonun hakimiyyət dəyikliyinə, yəni əsas hədəfinə nail ola bilməməsi, o cümlədən, nüvə proqramı ilə bağlı məsələnin açıq qalması qələbəni şübhə altına salır. İranla bağlı da analoji vəziyyət yaranıb. İtkilər məğlub olduqlarını göstərsə də, rejim dəyişikliyinin baş verməməsi böyük uğur kimi qəbul olunur. Ümumiyyətlə İrandakı hakimiyyət üçün bu müharibədə “sağ qalmaq” qələbə deməkdir.

- İslamabadda danışıqlar nəticəsiz qaldı. Tərəflərin yenidən masaya qayıdacağı deyilir. Yenidən müharibə başlaya bilərmi?

- Tərəflərin maksimalist tələbləri anlaşma imkanlarının məhdud olduğunu göstərir. Əslində İslamabad görüşü hər iki tərəf üçün yeni mərhələyə keçid məqsədi daşıyırdı. İran üçün bu görüş “müharibə meydanında olduğu kimi danışıqlar masasında da qalibik” görüntüsü yaratmağa və öz tələblərini rəsmi şəkildə irəli sürməyə hesablanmışdı. ABŞ isə “İran anlaşmaq istəmir” arqumenti əldə edərək, növbəti mərhələdə atacağı addımlara haqq qazandırmaq məqsədi güdürdü. Razılaşmanın əldə olunmaması fikrimcə, genişmiqyaslı müharibəyə qayıtmaq riskini yaratsa da, tərəflər hələki buna getmək istəmirlər. ABŞ yalnız hava zərbələrini həyata keçirir ki, bununla hakimiyyəti dəyişmək, yaxud təslim olmağa məcbur etmək mümkün deyil. Buna görə Vaşinqtonun taktikanı dəyişdirdiyi görünür. Bu, İrana müxtəlif istiqamətlərdə təzyiq etmək və razılaşmağa məcbur etmək taktikasıdır. İslamabad görüşündən dərhal sonra Hörmüz boğazının bloklanması da bu planın bir hissəsidir.

- Hörmüz boğazının bloklanması nəyə hesablanıb və təsirləri necə olacaq?

- Bu, hesablanmış strategiya kimi görünür. ABŞ-ın əsas məqsədi İranın əlindən Hörmüz kartını almaq, gəlir mənbəyi olan neft ixracının dayandırmaqdır. Digər tərəfdən, boğazın bloklanması enerji bazarına mənfi təsir göstərir ki, bu da diqqətçəkən addımdır. Çünki ABŞ İranla atəşkəsi Hörmüz boğazının açılması, qlobal enerji bazarında qiymətlərin sabitlənməsi məqsədilə bağladı. Daha sonra boğazı bloklamaqla enerji bazarında riskləri yenidən aktuallaşdırdı. Fikrimcə, bu İrana qarşı daha çox ölkəni birləşməyə məcbur etmək planıdır. Enerji qiymətlərinin bahalaşması əsasən Avropa və Asiya ölkələrinə zərbə vurur. Müharibənin davam etdiyi vaxt bu ölkələr Vaşinqtonun “boğaz koalisiyasına” qoşulmadı, əksinə ABŞ-ı günahlandırdılar. Atəşkəs razılaşması və İslamabad danışıqlarından sonra ABŞ-ın Hörmüz boğazını bloklaması fərqli situsiya yaradır. Blokadaya görə iqtisadi çətinliklə üzləşən ölkələr ya bu vəziyyətlə barışmalı, ya da İranı Hörmüz tələbindən imtina etməsi prosesinə qoşulmalıdır.

- Dəniz blokadası İranı təslim olmağa məcbur edə bilərmi?

- Blokada qısa müddətli olacaqsa, xeyr. İran çətinlik çəksə də, müəyyən müddətdə alternativ yollardan da istifadə edə bilər, Cabahar limanı belə yollardan biridir. Lakin blokada uzunmüddətli olarsa, yəni aylarla davam edərsə, çətinliklər olacaq. İranın neft ixracının dayanması böyük gəlirdən məhrum olması deməkdir, digər tərəfdən, ölkəyə idxalın dayanması bahalığa, strateji malların defisitinə səbəb ola bilər. Fikrimcə, blokadanın nə qədər davam edəcəyi qərarı növbəti görüşün nəticəsinə uyğun veriləcək.

- Növbəti görüşdə anlaşma imkanı nə qədərdir?

- Ehtimal zəif olaraq qalır. Tərəflər tələblərində ciddi korrektlər etməyiblər. Mümkündür ki, ABŞ iqtisadi dəstək təklifi ilə İranın nüvə proqramından imtina etməsini və digər tələbləri qəbul etməsini istəyə bilər. İranın bunu qəbul edəcəyi gözləntisi azdır. Lakin fikrimcə, danışıqlar prosesi davam etdiriləcək. Buna paralel şəkildə ABŞ İrana qarşı müxtəlif yollarla təzyiqlərini artıracaq.