“Türkiyə bölgədəki gəlişmələrə dünyəvi prizmadan yanaşmalıydı” Müsahibə

“Türkiyə bölgədəki gəlişmələrə dünyəvi prizmadan yanaşmalıydı”

CHP millət vəkili Osman Korutürk: "İŞİD-in dünyəvi Türkiyə üçün ən böyük təhdid olduğunu heç kim inkar edə bilməz"
"Əgər hökumət İraqa dünyəvilik pəncərəsindən baxsaydı, Malikinin məzhəbçi siyasətinin də qarşısı alına bilərdi"
Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul millət vəkili Osman Korutürkün APA-ya müsahibəsi

- İraqın ABŞ tərəfindən işğalından sonra bölgədə aktiv fəaliyyətiniz vardı. O vaxtlar Kərkük Türkiyənin "qırmızı çizgisi" idi. Ancaq Türkiyə İraqda "xüsusi təmsilçi" statusundan vaz keçəndən sonra Bağdad hökuməti ilə münasibətləri pisləşdiyi kimi, bölgədəki vəziyyət də dəyişdi, "qırmızı çızgilər" geriyə çəkildi. Bu gün bölgədə cərəyan edən qorxulu xaosun səbəbi nədir?

- ABŞ-ın İraqı işğal etməsindən sonra Türkiyə bölgədə aktiv rol oynamaq məqsədiylə bir sıra önəmli addımlar atdı. İraqdakı xüsusi təmsilçi kimi biz ölkənin ərazi bütövlüyünün qorunmasını və orada məzhəb siyasəti yürüdülməməsini başlıca prinsiplər kimi qəbul edərək fəaliyyətə başlamışdıq. Biz bölgəyə heç vaxt məzhəb prizmasından baxmadığımız kimi, İraqdakı ərəblərin, kürdlərin və türkmənlərin və digər etnik qrupların da haqlarının təminat altına alınmasına çalışırdıq. İraqı idarə edənlərə bu bölgədə unitar dövlət quruluşunun məqsədə uyğun olduğunu təlqin etsək də, ölkənin federativ formada idarə edilməsinə də xalqın qərar verə biləcəyini deyirdik. O vaxtlar bizim İraqın mərkəzi hökuməti ilə sıxıntımız yox idi. Ancaq son 5-6 ildə bölgədə istər Türkiyə, istərsə də İraq tərəfindən məzhəbçi siyasət izlənməyə başlandı ki, ortaya çıxan problemlərin kökündə bu dayanmaqdadır. Dünyəvi bir ölkə olan Türkiyənin Orta Şərq kimi qarışıq bir bölgədə məzhəbçi siyasət izləməsinin ağır nəticələr verəcəyini əvvəlcədən görmək çətin deyildi. İraqın baş naziri Nuri əl-Malikinin də məzhəbçi siyasətə üstünlük verməsi həm ölkədəki, həm də bölgədəki tarazlıqların pozulmasına zəmin hazırladı; təəssüf ki, Türkiyə hökuməti də eyni yoldan getdi. Amma Türkiyə bölgədəki gəlişmələrə dünyəvi prizmadan yanaşmalıydı, əgər hökumət İraqa dünyəvilik pəncərəsindən baxsaydı, Malikinin məzhəbçi siyasətinin də qarşısı alına bilərdi. Biz orada olanda İraqın ərazi bütövlüyü və unitar quruluşunu ön planda tutarkən daha sonra İraqın mərkəzi hökumətiylə münasibətləri pozan AKP hökuməti şimaldakı Bərzani üsuli-idarəsiylə əlaqələri gücləndirərək mərkəzi hökumətin razılığı olmadan oradan neft almağa çalışdı. Amma belə örnəklərə dövlətlərarası münasibətlərdə az rast gəlinir. Bölgədə cərəyan edən proseslər İraqla məhdudlaşmırdı. Cümhuriyyətin qurulmasından bəri xarici siyasətdə "yumşaq güc" metodundan istifadə edərək istər bölgədə, istərsə dünyada hörmət qazanan Türkiyə son 5-6 ildə bu siyasəti tərk edərək bəzi xəyal və iddialara qapıldı, Suriyadakı rejimi dəyişdirməyə həvəsləndi. İşin əvvəlində Suriyadakı müxalifəti təşkilatlandırıb "Özgür Suriya ordusu"nun qurulmasına yardım etməyə çalışan hökumət bunu bacarmadı. Daha sonra isə radikal terror təşkilatları bölgəyə sızdı. Əl-Qaidə, Əl-nusra terror təşkilatlarından sonra Türkiyənin cənub sərhədlərinin o tərəfində İŞİD peyda oldu. Bunlar hamısı Türkiyənin bölgəyə dünyəvi prizmadan baxmayaraq, ənənəvi xarici siyasətindən uzaqlaşmasının nəticəsi idi. İŞİD-in Mosulu işğal etməsiylə başlayan proseslərdə Türkiyə bir neçə baxımdan zərbə aldı: terrorçular oradakı baş konsulluğumuza girərək əməkdaşlarımızı, onların ailə üzvlərini, baş konsulluğu qoruyan xüsusi təyinatlı qüvvələrimizin mənsublarını özləriylə aparıblar; İŞİD-in bölgəyə girməsindən sonra ən çox zərəri Türkiyə üçün həyati dərəcədə önəmə malik olan Türkmən mənşəli vətəndaşlar görüblər. İraqdakı Türk varlığı Türkiyənin həmişə üzərində həssaslıqla durduğu məsələdir. Oradakı türkmənlərin 60%-i şiə, 40%-i sünni olsa da, Türkiyə heç vaxt oradakı türkmənlərə din və məzhəb nöqteyi-nəzərindən baxmamağa üstünlük verib; etnik qardaşlıq həmişə ön planda olub. Sadəcə seçkilərdə şiə türkmənlərin İraqdakı şiə blokuyla birgə hərəkət etdiyini görmüşük. Türkmənlər də Türkiyəyə heç vaxt məzhəb prizmasından baxmayıblar. Gəldiyimiz nöqtədə bölgədəki türkmənlərin durumu Türkiyə üçün ən önəmli məsələ olmalı, Türkiyə İŞİD qətliamına məruz qalan türkmənlərin qorunması üçün hər cür tədbiri görməlidir.

- Bir terror təşkilatının Türkiyənin xaricdəki diplomatik missiyasına girməsi faktına bəlkə də ilk dəfə rast gəlinir. İŞİD Türkiyənin Mosuldakı baş konsulluğuna necə girib 49 nəfəri girov götürə bildi?

- İŞİD-in Türkiyənin Mosuldakı Baş Konsulluğuna girməsi bundan sonra heç vaxt görməyi arzu etmədiyimiz hadisədir. Bu olayda kəşfiyyat məlumatlarının paylaşılmasında ciddi nöqsanlar olduğunu görürük. Əgər baş konsulluğun bəzi əməkdaşlarının orada qalması məsləhət görülübsə, bəs qadınlar və uşaqlar niyə oradan vaxtında çıxarılmayıb? Başqa ölkələr oradakı konsulluqlarını olaylar başlamadan əvvəl qapatdıqları halda, biz niyə eyni addımı atmamışıq? Niyə oraya xüsusi təyinatlılar gec göndərilib? İndi çox pis durumda qalmışıq. Bölgədə vəhşilik edən terrorçuların bizim baş konsulluq əməkdaşlarıyla necə rəftar etdiyini bilmirik. Türkiyə onları xilas etmək üçün plan həyata keçirmək istəyərsə, terrorçular onlardan qalxan kimi istifadə edərmi? Bütün variantları təhlil edərək Türkiyənin Mosul Baş Konsulluğundan girov götürülmüş əməkdaşları və ailələrini onlara zərrə qədər zərər gəlmədən xilas edilməsi lazımdır.

- İŞİD-in bölgədə əsdirdiyi terror rüzgarlarının, sünni olmayanları sorğu-sualsız qətl etməsinin Türkiyəyə də ciddi zərər verə biləcəyinə dair Qərbdə də xeyli təhlillər olduğunu görürük. Şimali Afrika və Orta Şərqdə son illərdə cərəyan edən proseslərdə Əhməd Davudoğluyla birgə çalışdığına dəfələrlə şahid olduğumuz ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da bir neçə gün əvvəl bu barədə xəbərdarlıq etdi. Bununla bağlı nə düşünürsünüz?

- Xarici siyasətində qonşularıyla daima sülh şəraitində yola gedən, diplomatiyadakı "yumşaq güc"ündən məharətlə istifadə edən Türkiyəyə qonşu ölkələr həmişə sayğı duyurdu, biz bu yolla öz siyasətimizi başarıyla həyata keçirirdik. Ancaq təəssüf ki, son 5-6 ildə bu siyasətdən uzaqlaşıldı və Türkiyə öhdəsindən gələ bilməyə çətinlik çəkdiyi işlərin altına girdi. Türkiyənin ətrafındakı ölkələrdə sabitlik olanda biz də güclü oluruq, bunun ən önəmli səbəbi bizim dünyəvi və demokratik sistemimizdir.
Türkiyənin cənub sərhədlərinə yerləşərək orada din dövləti və xilafət elan etmə nöqtəsinə gəlmiş terrorçuların dünyəvi Türkiyə üçün ən böyük təhdid olduğunu heç kim inkar edə bilməz. Ona görə də hökumətin bu yanlış siyasətdən vaz keçərək Türkiyənin yaxın və uzaq gələcəyini düşünməsi, ölkəmizin dünyəvi dövlət strukturunun daha da gücləndirilməsi, məzhəb siyasətinin tamamilə aradan qaldırılması və ənənəvi "yumşaq güc" siyasətinə qayıdılaraq həm ölkəmizə, həm də bölgəyə sabitlik gətirilməsi yönündə çalışması lazımdır.

- Bu siyasətə dönülməməsi durumunda ölkədə və bölgədə nələr baş verər?

- Mən indi gedilən yolun yanlış olduğunu görən vicdan sahiblərinin həm AKP hökumətində, həm də Məclisdə olduğuna inanıram. Bu ölkə qurularkən müəyyənləşdirilmiş xarici siyasət doktrinamız bizə həmişə uğur qazandırdığına görə, dünyəvi və unitar dövlət strukturumuzu gücləndirməli, "yumşaq güc" metodumuzu həmişə tədavüldə saxlamalı, bölücü siyasətlərdən uzaq durmalıyıq.