“Xarici təxribatların qarşısı daxildə alınmalıdır” Siyasət

“Xarici təxribatların qarşısı daxildə alınmalıdır”

“Dövlətlərin təhlükəsizliyini təmin etməsi üçün daxili sabitliyin qorunması mühüm şərtlərdəndir. Tarixi təcrübə göstərir ki, xarici təsirlər çox zaman daxildə müəyyən qruplar vasitəsilə aktivləşir və bu da dövlətlərin içəridən zəifləməsinə səbəb ola bilir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Cavanşir Abbaslı bildirib.

O qeyd edib ki, hər bir ölkə daxili təhlükəsizliyini qorumaq üçün zəruri anlarda sərt addımlar atmaqdan çəkinməməlidir: “Dövlətin daxildən sarsılması ən təhlükəli ssenaridir. Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra həyata keçirilən ciddi tədbirlər nəticəsində çevriliş cəhdlərinin və terror aktlarının qarşısı alındı. Əvvəlki dövrlərdə Türkiyədə çevrilişlər və terror hadisələri tez-tez olurdu, bu gün isə vəziyyət tamamilə fərqlidir. Dünyanın inkişaf etmiş dövlətləri – ABŞ, Böyük Britaniya və Almaniya – daxili təhlükəsizlik məsələsində hər zaman prinsipial mövqe sərgiləyiblər və Azərbaycan üçün də bu təcrübə əhəmiyyətlidir.
“Ramiz Mehdiyev məsələsində verilən qərar dövlətin mövqeyini göstərdi. Dövlətə xəyanət edən şəxslərin məsuliyyətə cəlb edilməsi həm cəmiyyətə, həm də digər məmurlara ciddi mesaj oldu. 1990-cı illərdən bu yana sərt addımlar atılmasaydı, bu səviyyədə sabitlik mümkün olmazdı”.
Politoloq vurğulayıb ki, fikir azadlığı qorunmalıdır, lakin bundan sui-istifadə cəhdlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirilməlidir: “Fikir azadlığı vacibdir, amma bu azadlıq dövlətin sabitliyini sarsıtmaq üçün istifadə olunmamalıdır. Sui-istifadə halları vaxtında qarşısı alınmalıdır, əks halda təhlükəli nəticələr yarana bilər.2020-ci ildən sonra suverenliyinin tam bərpa olunduğunu xatırladaraq əlavə edib ki, bundan sonra əsas prioritet bu müstəqilliyi qorumaqdır.
Sərhədlərin möhkəmləndirilməsi, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ayıq-sayıq fəaliyyəti vacibdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən də daxil olmaqla apardığı əməliyyatlar bu istiqamətdə prinsipial mövqeni göstərir”.
O, Azərbaycanın yerləşdiyi geosiyasi mühitin həssas olduğunu bildirib və qeyd edib ki, ölkə daim təhdidə hazır olmalıdır: “Şimal və cənub istiqamətlərindən ölkəmizə qarşı təxribat cəhdləri edən qüvvələr var. Buna görə sərhədlər güclü qorunmalı, milli təhlükəsizlik daim yüksək səviyyədə təmin edilməlidir”.

Günel Elxan