“Suriyada baş verənlər İraqda baş verməyəcək” Müsahibə

“Suriyada baş verənlər İraqda baş verməyəcək”

İraqın Azərbaycandakı səfiri: "Suriya və İraqda terrorun baş verməsində üç ölkə birbaşa məsuliyyət daşıyır"

İraqın Azərbaycandakı səfiri Heydər Əl Barakın APA-ya müsahibəsi ixtisarla oxucularımıza təqdim edirik

- "İraq Şam İslam Dövləti" (İŞİD) silahlılarının İraqdakı fəaliyyəti hazırda dünyanın diqqət mərkəzində olan mövzulardan biridir. Yayılan xəbərlərə görə, ölkənin şimalında İraq ordusu İŞİD-ə heç bir müqavimət göstərmədən şəhər və qəsəbələri tərk edib. Bu məlumat dəqiqdirmi?

- Bu, doğru xəbərdir, ona görə ki, Mosul şəhərində yerləşən İraq Silahlı Qüvvələrinin bölmələri aldadılmışdılar. Orada bəziləri var ki, yuxarı rəhbərliyə yalan məlumatlar vermişdilər, nəticədə onlar qərara gəlmişdilər ki, geriyə çəkilsinlər. Təəssüf ki, yüksək rütbəli zabitlərin bu işdə əlləri var idi, buna görə onların bir çoxu məhkəməyə verilib və təqaüdə göndərilib. Bu səbəbdən İŞİD Mosula müqavimətsiz daxil olub.

- Ölkədə hazırda yaranmış vəziyyət baş nazir Nuri əl-Malikinin şiə təəssübkeşliyinə üstünlük verməsi və sünniləri sıxışdırması ilə əlaqədar ola bilərmi?

- Təəssüf ki, mətbuat yaranmış vəziyyəti məzhəblər və qəbilələrarası qarşıdurma kimi təqdim edir. Mətbuat bu məlumatı elə formada yayır ki, sanki İŞİD-in döyüşçüləri xalqın içərisində olan və hökumətə qarşı çıxan qüvvələrdir və orada çeçen, əfqan və ya başqa millətdən olan döyüşçülər yoxdur. Həqiqət budur ki, terrorizmə qarşı mübarizə gedir. Onu da bildirim ki, hazırda İŞİD-in qüvvələri Mosul şəhərini ələ keçirib və şəhərin əhalisinin çoxunu sünnilər təşkil edir. Əgər sizinlə razılaşsam və desəm ki, bu, məzhəblərarası davadır, sünni-şiə davasıdır, onda siz Suriyada, Liviyada olanları, Yəməndə baş verən hadisələri necə əsaslandıra bilərsiniz? Artıq düşmən bəllidir, döyüşlər üçüncü dünya müharibəsi formasında gedir. Təəssüf ki, bəzi qərəzli media orqanları çalışır ki, bu hərəkəti sadəcə qəbilələrin və əşirətlərin hakimiyyətə qarşı mübarizəsi kimi qələmə verilsinlər. İki gün bundan əvvəl parlament seçkiləri oldu, parlament sədri seçildi və o, sünni məzhəbinə mənsub olan bir şəxsdir. Parlamentin sədri İraq Respublikasında üçüncü şəxsdir - prezident və baş nazirdən sonra.

- İraq prezidenti Cəlal Tələbaninin səhhətindəki problemlərə görə ölkədə olmaması baş verən hadisələrə təsir edibmi?

- Bəli, hazırda prezident Almaniyada müalicə alır. Elə düşünürəm ki, gələcəkdə belə bir problem olmayacaq. Ona görə ki, prezident ardıcıl yalnız iki dəfə seçilə bilər və artıq Cəlal Tələbani iki dəfə seçilib. Biz yeni prezident seçkiləri keçirəcəyik.

- Prezidentin ölkəyə qayıtmasından sonra proseslərdə hansı dəyişikliklər baş tuta bilər, sizin gözləntiləriniz nədir?

- Prezidentin İraqa dönməsi çox sevindirici bir xəbərdir, amma İraq Respublikasının Konstitusiyasına görə Cəlal Tələbaninin prezident səlahiyyətləri artıq bitib. İraqda prezident ancaq iki müddətə seçilə bilər. Hazırda biz yeni prezident seçkisi prosesindəyik. Lakin keçmiş prezident Cəlal Tələbani öz xarizması və siyasi ağırlığı hesabına mütləq proseslərdə böyük rol oynayacaq.

- Bu hadisələrin Amerika ordusunun İraqdan çıxması ilə nə dərəcədə əlaqəsi var?

- Heç bir əlaqəsi yoxdur. Amerika qoşunları İraqdan 2011-ci ildə çıxıb və İraqda baş verən son hadisələr 2013-cü ildən başlayıb. 2011-2013 illərdə İraqda vəziyyət normal, stabil kimi qiymətləndirilib. Amerika qüvvələri İraqda olanda həmin terrorçuların bir şüarı var idi ki, "biz Amerikaya qarşı cihad edirik". ABŞ qüvvələri ölkədən çıxandan sonra onların şüarı bu oldu ki, "biz xainlərə qarşı cihad edirik". Bildiyiniz kimi, bəhanə hər zaman var.

- ABŞ və beynəlxalq ictimaiyyət İraqda baş verən hadisələrə qarışmır. İraqın bununla bağlı mövqeyi nədir?

- Amerika bizim üçün strateji dost və əhəmiyyət daşıyan bir ölkədir. Təbi ki, İraqda baş verən hadisələrdən onlar da məmnun olmadıqlarını ifadə ediblər. İqtisadi və təhlükəsizlik sahəsində bizim aramızda anlaşmalar var. Hətta silah alqı-satqısına dair layihələr də var idi, sadəcə, Amerikada bəzi protokol qaydalarının gecikməsi bu layihələrin baş tutmamasına gətirib çıxardı. Təkcə Amerikadan deyil, bütün dünya ölkələrindən məlum hadisələri pisləyən bəyanatlar gəldi. Dünya İraqın tərəfində durdu. Biz Azərbaycan hökumətindən də dəstək və İraqda baş verən hadisənin pislənməsini gözləyirik.

- Türkiyənin mövqeyi necədir?

- İraqda baş verən hadisələr hamı tərəfindən bilinir. Üç ölkə var ki, ad çəkilmədən bilinir ki, onlar kimdir. İkisi cənub tərəfdədir, biri şimal tərəfdə. Suriyada, İraqda terrorun baş verməsi birbaşa bu üç ölkənin məsuliyyətidir. Bu terrorist təşkilatı maliyyələşdirən, silahlandıran, ölkəni tərk edib qaçmalarına imkan yaradan bu üç ölkədir. Əslində bizim düşmənimiz İŞİD təşkilatı deyil, İŞİD ilanın quyruğudur, amma ilanın başı artıq bilinir kimdir, onun başını kəsməklə bu hadisələrə son qoyulacaq. İŞİD təşkilatında olan silahlar bu üç ölkəyə aid olan silah nömrələrinə müvafiq olan nömrələridir.
2003-cü ildən sonra biz xarici siyasətimizi "açıq qapı" formatında qururuq, bütün dövlətlərə, bütün qonşularımıza, bütün dostlarımıza qapılarımız açmışıq. Bizim Türkiyə ilə yüksək səviyyədə əlaqələrimiz var və Türkiyə regionda, beynəlxalq səviyyədə əhəmiyyəti olan bir ölkədir. Qeyd etmək istəyirəm ki, İraqla Türkiyə arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edir, amma əgər bu milyardlar qana bulaşacaqsa, biz bunu istəmirik.

- İraqda türkmənlərin hüquqlarının ciddi şəkildə pozulduğu haqda məlumatlar yayılır. Bu məlumatlar nə dərəcədə obyektivdir?

- 2003-cü ildən sonra İraq dövləti bərabərlik prinsipi üzərində qurulub və İraq ərazisində yerləşən tayfalar, millətlər parlamentdə, nazirliklərdə yer tuturlar. Məsələn, 2003-cü ildən əvvəl heç bir türkmən nazir olmayıb, lakin 2003-cü ildən artıq 4 türkmən nazirimiz var, nazir müavinləri, səfirlər var. Hesab edirəm ki, bu, qeyri-dəqiq məlumatdır. İraqda türkmanlar sayca üçüncü millətdir.

- Hazırda baş verən hadisələr İraqın parçalanmasına gətirib çıxara bilərmi?

- Biz bundan qorxmuruq, amma belə bir ehtimal var. Bu, beynəlxalq ictimaiyyətin laqeyd yanaşmasından irəli gələ bilər. Bayaq qeyd etdiyim kimi, İraqda yaşayan üç millətin hamısı cəmiyyətdə yer tutur və onlar nə vaxtsa qalxıb ayrıca dövlət yaratmaq istəyə bilər. Hazırda Mosulda bərbərxanalar qadağan olunub, televizor qadağan olunub, xanımların yaxınları yanında olmadan çölə çıxması qadağandır, çıxdısa, üzü görünməmək şərtilə çıxmalıdır. Təbii ki, Mosulda yaşayan insanlar belə bir dövləti istəmirlər.

- İraq özünü müdafiə etmək üçün hansı addımları atacaq?

- Hazırda biz xüsusi silahlar əldə etmək ərəfəsindəyik. Biz yüksək texnologiyalı təyyarələri, qırıcıları, radar sistemlərini, raketləri nəzərə tuturuq. Artıq dörd ildir Amerika ilə danışıqlar aparırıq ki, bizə "F-16" qırıcıları satsınlar, bu çətinlik onlarda mövcud olan protokol prosedurundan irəli gəlir. Hətta İsrail dövləti tərəfindən veto qoyulub ki, bu tipli silahlar İraqa və İraqın qonşuluğunda olan ölkələrə satılmasın. İlk olaraq biz Rusiyaya müraciət etdik, onlar bir həftənin içində qırıcıları bizə təqdim etdilər. Bu tipli təyyarələr İraq pilotları tərəfindən təcrübədən keçmiş qırıcılar idi. Bu qırıcılar sayəsində çox böyük nəticələr eldə etdik. Artıq biz Mosul şəhərinin qaytarılması ərəfəsindəyik. Siz deyə bilərsiniz ki, biz nəyi gözləyirik? Bu terrorçular Mosul şəhərinin sakinlərini girov kimi saxlayıblar, hətta biz qırıcılarla bombardman zamanı və xüsusi əməliyyatlar zamanı çalışırıq ki, dinc əhali bu hadisələrdən uzaq olsun. Terrorçu təşkilatların bir taktikası var, hər hansı yeri zəbt edirlərsə, oranı tam olaraq minalayırlar, həmin şəhərin giriş yolları, binaları, hamısı minalanıb. Bu da İraq ordusunun ora girməsini daha da çətinləşdirir. Təbii ki, say baxımından biz onlardan irəliyik, xüsusi silahlarımız var. Bildiyiniz kimi, Mosul İraqın ikinci ən böyük şəhəridir - 3,5 milyon əhalisi var. Üstəlik, Mosul şəhərinin coğrafi mövqeyi terrorçuların qaçmasına imkan yaradır. Qərb tərəfdən Suriya ilə sərhəddir. Təzyiq olduğu zaman terrorçular Suriya tərəfində gizlənilər, biz isə ora keçə bilmirik.

- İŞİD-in döyüşçüləri əsasən hansı ölkələrdəndir?

- Dünyanın hər bir ölkəsindən var: Afrikanın ən qaranlıq yerlərindən, Avropanın bir çox ölkəsindən müsəlman əsillilər, Amerika, Kanada, Avstraliya, Cənubi Amerika, Cənub-Şərqi Asiya ölkələrindən... Təkcə şimaldakı eskimoslar yoxdur bizdə... Mən anlaya bilmirəm, belə çıxır ki, bütün dünyanın problemləri həll olunub, indi sadəcə İraqda İslam dövlətinin yaranması problemi qalıb?.. İŞİD-in xəritəsinə baxanda görmək olur ki, İraqı dörd yerə bölüblər, İraqı, Fələstini, Livanı bir ölkə kimi təqdim ediblər, Səudiyyə Ərəbistanını 3-4 ölkəyə bölüblər. Terrorçuların məqsəd odur ki, bu böyük ölkələri parçalayıb, bir necə balaca ölkə yaratsınlar, hansı ki, nə gücü olsun, nə də nüfuzu. Nəyə görə? Səbəb odur ki, indi və ya yaxın gələcəkdə İsrail dövlətinin qarşısında dura biləcək güclü ölkə olmasın. Bu hadisələrdən istifadə edən yeganə ölkə İsraildir. Təbii ki, nə İranın, nə də Türkiyənin, Səudiyyə Ərəbistanının - heç bir ölkənin marağında deyil ki, İraq Respublikası kiçik dövlətlərə bölünsün. Biz buna əminik ki, Suriyada baş verənlər İraqda baş verməyəcək. Suriyadakı vəziyyət İraqdakı vəziyyətdən fərqlidir.

- Azərbaycan və İraq arasında mövcud olan əlaqələri necə dəyərləndirirsiniz?

- Təbii ki, biz Azərbaycanla əlaqələrimizdən məmnunluq duyuruq. Dörd il əvvəlki və indiki əlaqələrimiz istər iqtisadi, istər siyasi baxımdan dəfələrlə güclənib. Ötən il biz 20 nümayəndə heyəti qarşıladıq, bu, ikitərəfli münasibətlərdə yüksək nəticədir, 350 milyon dollara yaxın ticarət dövriyyəmiz var. İlk dəfə olaraq nazirliklərarası komitə yaratmışıq və düşünürük ki, ilin sonunda biz Bağdadda komitənin ikinci görüşünü təşkil edək. Bizim təhsil, turizm, dini turizm sahələrində çox yüksək əlaqələrimiz var, iki ölkə arasında çoxlu sayda anlaşma memorandumları imzalanıb. Ümid edirik ki, yaxın illərdə əlaqələrimiz daha da inkişaf edəcək.