İslam dünyasında reformasiya hərəkatı başlayıb Müsahibə

İslam dünyasında reformasiya hərəkatı başlayıb

Aida Qasımova: "Azərbaycan İslamın ən mühüm mədəniyyət mərkəzlərindən olub"

"E.ə.7 əsrdə Yəmən şahı Tuban Əsad Azərbaycana gələrkən, burada türklərlə rastlaşıb"

Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının professoru Aida Qasımovanın BayMedia-ya verdiyi müsaibəsini oxucularımıza təqdim edirik

- Aida, Azərbaycan bir məkan olaraq tarix boyu dini cərəyanların mərkəzi olub. Sizə sualımız Hürufilik cərəyanı ilə batlıdır. Bu, cərəyanın əsas mübarizə hədəfi İslam dininə qarşı yönəlmişdi, yoxsa, xurafata?

- İslam daxilində bir çox məzhəb və təriqətlər, fikir cərayanları yaranmışdır ki, onlardan biri də hürufilikdir. Mistik bir cərəyan olan hürufilik heç bir zaman İslama qarşı çıxmayıb. Yəni ortodoks İslamla onun daxilində cücərən bidətçilik cərayanları arasındakı fikir ayrılığını İslama qarşı çıxmaq kimi qələmə vermək olmaz. Çünki bu cərəyanlar özləri də əsas konsepsiyalarını məhz müqəddəs Qurandan əxz ediblər. İslamda hz. Məhəmmədin (s) bir hədisindən qaynaqlanan "nicat tapacaq ümmət" (əl-ummə ən-nəciyə) anlamı var. Tarix boyu hər bir cərəyan məhz özünün doğru yolda olmasını fikirləşmiş, məhz özünü "əl-ummə ən-nəciyə" hesab edib. Yəni burada İslama qarşı çıxmaqdan söhbət gedə bilməz. Mübarizə fərqli düşüncə tərzi, dünyaya fərqli baxış, fərqli fəlsəfi konsepsiyalardan, fərqli həyat tərzindən qaynaqlanırdı. İslamın kökündə dayanan, üsuliddini təşkil edən təməl ehkamlar (imaməti çıxmaqla) demək olar ki, bütün məzhəb və təriqətlər tərəfindən şəksiz-şübhəsiz qəbul edilib.

- Nə üçün zamanında süfiləri, hürufiləri digər cərəyanların rəhbər və tərəfdarlarını başa düşməyiblər, onları amansızcasına təqib edib və ya qətlə yetiriblər?

- Sufizm İslamdan və müqəddəs Qurandan qaynaqlansa da, bir sıra məsələlərdə fərqli düşüncə sərgiləyib. İnsanın Allah Təala ilə vəhdətini iddia edən hülul nəzəriyyəsini, Allah Təalanın ad və atributları ilə varlıqlarda təcəllisini iddia edən "vəhdəti-vücud" nəzəriyyəsini və bir sıra sufi konsepsiyalarını ortodoks İslam qəbul etmirdi. Təsadüfi deyil ki, sələfiliyin geniş intişar tapdığı körfəz ölkələrində sufizmə bir çox hallarda küfr kimi baxırlar. Ortodoks sünni məzhəbinə görə, Hz. Məhəmməd axırıncı peyğəmbər olub, onun vəfatı ilə Allahla bəşər nəsli arasında təmas kəsilib, Allah Təala Quranı insanlara qiyamətədək bir hidayət olaraq verib. Sufizmdə isə bu təmasın kəsilmədiyi, övliyaların Allahdan ilham aldığı iddia edilirdi. Görünür, bəşər nəsli belə bir təmasın həsrətində olduğundan sufi ideyaları geniş intişar tapıb, övliyaların bir çox ardıcılları olub. Ardıcıllar isə həm də siyasi qüvvə, mövcud rejimlər üçün real təhlükə idi. Ona görə də övliyaların qətlə yetirilməsində həm dini fikir ayrılığı, həm də siyasi faktorlar nəzərə alınmalıdır.

- Azərbaycanın müqəddəsliyini sübut edən amillərdən biri də, İslam dünyasının müqəddəs insanları olan övliyaların, imam övladlarının yaşamaq üçün Azərbaycanı özlərinə məkan olaraq seçmələri idi...

- Azərbaycan İslamın ən mühüm mədəniyyət mərkəzlərindən olub. Burada yalnız seyidlər nəslinin olmasını, İslamla balı müqəddəs yerlərin mövcudluğunu qeyd etməklə yanaşı, orta əsr azərbaycanlılarının İslami biliklərin zənginləşməsindəki rolunu da qeyd etmək lazımdır. Digər tərəfdən, azərbaycanın ərəb dünyası ilə - Yəmənlə əlaqələrini eramızdan əvvəl 7-ci əsrə bağlayan məlumatlar da bir sıra mötəbər ərəb mənbələrində hifz olunub. Həmin mənbələrə görə, e.ə.7 əsrdə yəmən şahı Tuban Əsad Azərbaycana gələrkən, burada türklərlə rastlaşıb. Yəni Azərbaycanın ərəb dünyası ilə tanışlığı həm qədim, həm də hər iki tərəf üçün faydalı olub.

- Heç kimə sirr deyil ki, İslam mədəniyyəti yüz illər boyu dünya mədəniyyətinin formalaşmasında öz müstəsna rolunu oynayıb. Ancaq indiki vəziyyətdə müsəlman dünyasında demokratik-vətəndaş cəmiyyətinə keçid olduqca zəifdir. Bunun əsas səbəbləri nə ola bilər?

- Hətta belə bir fikir də mövcuddur ki, Avropa indiki demokratik cəmiyyətinin əsas prinsiplərini Orta əsrlərin görkəmli ərəb sosioloqu İbn Xəldunun "Müqəddimə" əsərindən əxz etmişdir. Sizin bu suala hazırda bütün islam mütəfəkkirləri cavab axtarmaqdadırlar. çünki İslam özündə ədalət və demokratiya prinsiplərini daşıyan bir din olub. İslam alimləri Avropa ilə müqayisədə geriliyin səbəbini tarix boyu İslamın məruz qaldığı bir sıra yabançı təsirlərlə izah edirlər. Yəni belə bir fikir var ki, hələ İslamın ilk dövründən bu dinin mahiyyətini o qədər də anlamayan bədəvilərin bu dinə axışması, sonra fütuhat nəticəsində digər xalqların İslamı qəbul etməsi, yunan fəlsəfi əsərlərinin İslam düşüncəsinə yol açması və s. kimi amillər dinin ilkin mahiyyətindən sapınmalara gətirib çıxarmışdır. Amma müsəlman ölkələrində demokratiyanın ləng inkişafını biz İslamla bağlaya bilmərik. Eləcə də Qərb demokratiyasının inkişafını xristianlıqla bağlamaq da səhv olardı. Çünki xristian dininin orta əsrlərdə oynadığı mürtəce rol danılmaz faktdır.

- Bu gün bir faktı da çox təəssüflə qeyd etməliyik ki, hazırda, müsəlman dünyasını radikal-terrorist dini cərəyanlar bürüməkdədir. Bu, amilin arxasıda özlərinin qeyd etdiyi kimi, kafirlərə qarşı mübarizə durur, yaxud bunun əksi olaraq burada başqa səbəblər axtarmaq lazımdır?

- Həmin mübarizəni doğuran səbəb Qərb ölkələrinin hələ də ərəb-islam dünyasına münasibətdə müstəmləkəçilik əhvali ruhiyyəsində olmasıdır. Əslində həmin terror aktları da son nəticədə İslam torpaqlarına qoşun çıxarılması, dinc əhalinin qırılması ilə nəticələnir. İslama terror ünsürləri daxil etmək bu dinin humanist mahiyyətindən uzaqlaşmaqdır. Ona görə də hazırda İslam ölkələrində bu məsələlər dərindən araşdırılmaqdadır. Əgər bir yandan radikal cərəyanlar güclənirsə, digər yandan da İslamı, Müqəddəs Quranı elmi əsaslarla öyrənmək, onu terror, dözümsüzlük, ekstremizm kimi yabançı ünsürlərdən təmizləmək meyli dah çox güclənir. Yəni bu gün İslam dünyasında güclü reformasiya hərəkatı müşahidə olunmaqdadır.

Elnur Eltürk