“Diaspor Komitəsi  vətənpərvərlik hissini dəfn etdi” Müsahibə

“Diaspor Komitəsi  vətənpərvərlik hissini dəfn etdi”

Hüseyn Yusubov: “Birlikdən, həmrəylikdən danışırıq, amma birləşə bilmirik”

İllərdir diaspor quruculuğu sahəsində aparılan işlər hələ də istədiyimiz effekti verməyib. Diaspor təşkilat sədrləri arasında qalmaqallar, parçalanmalar, ittihamlar daim milli maraqların qorunmasına ağır zərbələr vurub. Avropada bir çox diaspor təşkilatının hansısa əlamətdar və ya anım günlərində keçirdikləri aksiya və ya tədbirlərin isə heç bir çəkisi olmur. Çünki bu tədbirlərə yığışanlar elə özümüz oluruq, özümüz deyib, özümüz də eşidirik. Səsimizi Avropa mediasında ictimaiyyətə çatdıra bilmirik. Xatırladaq ki, hazıda xarici ölkələrdə 425-ə qədər Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Amma Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini istədiyimiz formada dünya ictimaiyyətinə həzm etdirə bilməmişik. Nöqsanlarımız, çatışmayan cəhətlərimiz çoxdur. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Hər üç məfhumu bir-birindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Amma ayrıdırlar, hələ də lobbizmə keçid barədə düşünülmür, həmrəylik, birlik isə mümkünsüzdür.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktoru, energetika nazirinin sabiq müavini Hüseyn Yusubovla bu mövzu ilə bağlı söhbətləşdik. “Xalq Cəbhəsi”nin ilk sualı diaspor təşkilatlarının faəliyyəti ilə bağlı oldu.
- Diaspor təşkilatlarının fəaliyyəti şəxsən məni qane etmir. Çünki, dünyadakı diaspor təşkilatlarımızın palitrasına baxsaq görərik ki, onlar elə bil Azərbaycanı təmsil etmirlər, bir-birlərinə düşmən münasibətdədirlər, sanki məskunlaşdıqları ayrı-ayrı ölkələri təmsil edirlər. Nəyi bölüşdürə bilmədikləri də aydın deyi. Ondan başqa da bu təşkilatlar arasında nifaqın yaranmasında, parçalanmasında əsas səbəbkar Komitənin sabiq sədri Nazim İbrahimov olub. Onun yarıtmaz diaspor siyasəti nəticəsində bu gün o sahə iflicdir. Sağaltmaq üçün illər lazımdır.
- Hansı məsələlərdə biz öz fəaliyyətimizdə düşmənlərimizdən geridə qalırıq.
- Mən sualı bir az fərqli qoyardım: Hansı məsələlərdə düşmənlərimiz bizdən irəlidədir. Məhz diaspor quruculuğu və inkişafı məsələsində düşmənlərimiz bizdən irəlidədirlər. Biz diaspora ilə lobbizmi qarışdırırıq və heç birində də uğur əldə etməmişik. Düşmənlərimiz 120 ildir ki, bu sahədədirlər və fəaliyyətlərini tənzimləyə biliblər. Yunan, erməni və yəhudilərin diaspor quruculuğu sahəsindəki təcrübədən öyrənməliyik. Biz isə heç kimdən öyrənmək istəmirik, ayrı-ayrılıqda velisoped kəşf etmək istəyirik, amma bunu da edə bilmirik, bədbəxtçiliyimiz budur.
- Necə fikirləşirsiniz, diaspora quruculuğundan lobbiçiliyə keçmək vaxtı yetişibmi?
- 10 il öncə lobbiçiliyə kecməliydik. Bu məsələdə də gecikmişik. Hər bir ölkənin modelinə uyğun bu işi həyata keçirməliyik. İşimizABŞ-da bir cür, Avropada, postsovet məkanında başqa cür effekt verə bilər. Hər bir ölkənin öz modelinə uyğun lobbiçiliyi qura bilərik. Xarici ölkələrin əksəriyyəti bizim lobbizim siyasətini həyata keçirməyimiz vaxtı gözləyirlər. Lobbizim siyasətini həyata keçirməklə xalqımızın, dövlət və dövlətçiliyimizin maraqlarını qorumuş olarıq. Bilirsiz, diaspor işini o qədər də vəsait tələb olmadan qura bilərik. Bu fəaliyyət nəticəsində də müəyyən vəsait əldə edərik. Həmin vəsaiti lobbiçiliyin həyata keçirməsinə yönəldə bilərik. Lobbiçilik böyük vəsait tələb edir.
- Daha çox birlik və həmrəylikdən danışırıq, amma buna nail ola bilmirik, səbəblər?
- Düzdür, hamımız birlikdən, həmrəylikdən danışıqır, amma birləşə bilmirik. Birlik milli maraqların, dövlət və dövlətçiliyin qorunmasında lazımdır. İctimaiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq xaricdə yaşayan hər bir azərbaycanlı ancaq və ancaq ümumi milli maraqlar naminə birlik nümayiş etdirməlidir, fikir, əqidə bir olmalıdır. Ancaq bəzi məsələlərdə bir olmalı deyilik. Çünki, hamının eyni fikirdə olmasına ehtiyac yoxdur. O qədər məsələlər var ki, onlarda müxtəlif fikirlərin olması vacibdir. Hər bir məsələyə öz fərdi baxışlarımız olmalıdır. Bu da demokratiyanın bir göstəricisidir. Amma nə qədər ki, diaspor fəaliyyətinə qazanc yeri kimi baxacağıq, o zaman heç bir nəticə əldə etməyəcəyik. Diaspor sahəsinə pul qazanmaq, kimisə aldatmaq yeri kimi yox, pul qoyub millətə, dövlətə, xalqa xidmət etmək yeri kimi baxmalıyıq.
- Ermənilərin imkanlı diaspor rəhbərləri, lobbiçiləri daim öz ölkələrinə maliyyə yardımları göstəririlər, hansısa layihələrdə iştirak edirlər...
- Təkcə ermənilər yox, diasporanı formalaşdıran yəhidi və yunanlar da bu işi şərəf məsələsi kimi qəbul ediblər. Onlar xalqlarına dəstək olmağı özlərinə şərəf bilirlər. Komitənin sabiq sədri Nazim İbrahimov kimilər isə 30 il dövlətin büdcəsini taladı, milyonlar xərcləndi, ortada da bir nəticə yoxdur. Amma gec deyil. Bundan sonra da bu işi qurmalıyıq, ideoloji iş aparmalıyıq. Ziyalılarımızı, medianı diaspor quruculuğu sahəsinə cəlb etməliyik. Ermənilər diaspor sahəsini əllərində böyük siyasi silah kimi saxlayırlar və bundan lazımi səviyyədə istifadə edirlər. Azərbaycan kimi inkişaf edən, demokratik bir dövlətin diasporası isə gücsüz və acizdir. Niyə? Çünki Diaspor Komitəsinin başında Nazim İbrahimov əyləşmişdi. O, bu sahəni bataqlığa saldı. Erməni iş adamları iqtisadi cəhətdən çökən Ermənistanda iqtisadi layihələrə vəsait ayırdılar. Nazim İbrahimov isə dövlətin vəsaitini xərclədi, mənimsədi.
- Deyəsən, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazısız...
- Komitənin fəaliyyəti ilə bağlı müsbət fikirlərim yoxdur. Komitə Heydər Əliyevin diaspor sahəsi ilə bağlı ideyalarını, siyasətini həyata keçirmədi. Yarandığı gündən Komitə ancaq pul sildi, milyonlar ortadan qeyb oldu. Ən böyük bədbəxtçilik itirilən pul deyil. Mən Nazim İbahrimova deyirdim ki, diaspora bir vətənpərvərlikdir, onu bazara çevirəndə vətənpərvərlik hisləri ölür. Ancaq təəsüflər olsun ki, Nazim İbrahimov diaspor sahəsində quruculuq işləri aparmadı, oranı bazara çevirdi, vətənpərvərlik hissini dəfn etdi.
- Bu gün Komitənin bəzi ölkələrdə Koordinasiya Şuraları yaratması diaspor quruculuqu işinə təkan verərmi, yoxsa, bu da başqa bir formada parcalanmaya gətirib çıxarar?
- Çox təəssüflər olsun ki, Nazim İbrahimovun naşı hərəkətlərini indiki sədr bir başqa formada həyata kecirir. İzləyirəm, hansısa xarici ölkəyə səfərlər edir, orada Koordinasiya Şuraları yaradır və diaspora sahəsinə aidiyyatı olmayan bir şəxsi Şuranın sədri təyin edir. Təbii ki, bu da böyük narazılıqlar yaradacaq və yaradır da. Diaspor təşkilatı, hansısa 5-6 diaspor təşkilatını birləşdirən qurum var. Koordinasiya Şuraları yaratmaqdansa elə hazır, fəaliyyət göstərən təşkilat və qurumlara təkan, dəstək vermək lazımdır. Dövlətin vəsaiti hesabına hansısa xarici ölkəyə 10 günlük səfər edib orada hansısa Koordinasiya Şurası yaratmaqda məqsəd heç də diaspor təşkilatları arasında fəaliyyəti tənzimləmək yox, pul xərcləmək, turist səyahətini həyata keçirməkdir. Məsələn, Gürcüstanda 50 diaspor təşkilatı var idisə, Nazim İbrahimov 2-3 ilə işləyirdi. Onlara vəsiat köçürdürdü. Gürcüstanda adını çəkmək istəmədiyim birlik sədrinə 10 milyon manat verdi. O da vəsaiti Komitə sədri ilə bölüşdürdü, Bakıda, Tiflisdə evlər alıblar özlərinə. Bu gün komitənin yeni sədri isə illər boyu bu sahədə saç ağardanları, təcrübəsi olanları kənarda saxlayıb, adı olmayanlarla iş görür. Gürcüstanda borçalılar üçün bir təşkilat yaradıblar, təşkilatın ofisi Marneulidədir, amma heç bir marneulili orada təmsil olunmur. Sadəcə bir teatr qurublar. Bir iki ay öncə Nərimanov heykəli ilə bağlı polemika qurdular, aksiyalar kecirdilər, mediada ajiotaj yaratdılar. Onları həyata keçirənlər indi Koordinasiya Şurasında təmsil olunurlar. Hansılar ki, onları Gürcüstan cəmiyyətində tanıyan yoxdur. Gürcüstanda tanınan, cəmiyyət və ictimaiyyət tərəfindən qəbul olunan, öz sözü, mövqeyi və çəkisi olan birliklərimiz var. Komitə tərəfindən kənarda saxlanılıblar, onlar öz Koordinasiya Şurasının formalaşdıracaqlar. Bizim məqsədimiz millətə, dövlətə və xalqa xidmət etməkdir.
- Bu sahə ilə bağlı nə tövsiyyə edərdiz?
- Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatların Koordinasiya Şurası və həmin şuranın da işçi qrupu yaradılmalıdır. Həminm qrupun üzvləri hər bir ölkənin öz spesifik xüsusiyyətləri ilə bağlı monitorinqlər aparmalıdır ki, ona uyğun diaspor siyasətini həyata keçirə bilsinlər. Diaspor və lobbizim işini paralel şəkildə aparmalıyıq. Diasporanın arxasında lobbizm dayanmaılıdır, diaspora dəstək olmalıdır. Lobbizimi dəstəkləyən aksiyaların kecirilməsini isə təşkil edən diaspora olmalıdır. Bu iki qurum bir-birinə müəyyən məsələlərdə dəstək verməlidirlər. Vəsait daha çox lobbiçilik siyasətinin həyata keçməsinə yönəldilməlidir. Ümumiyyətlə, diaspor sahəsində şəffaflıq təmin olunarsa, Komitə tərəfindən təşkilatlar arasında ayrı-seçkilik siyasəti həyata keçirilməzsə, bu sahənin inkişafına ziyalılar, cəmiyyət tərəfindən qəbul edilən şəxslər cəlb olunarsa, o zaman uğurlu nəticələr əldə edə bilərik.
Cavid