“Delta” variantından da təhlükəli virus variantının olması qaçılmazdır” Müsahibə

“Delta” variantından da təhlükəli virus variantının olması qaçılmazdır”

Nuran Abdullayev: “Peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər”

Covid - 19 pandemiyası ilə bağlı dünyada ajiotaj hökm sürür. Pandemiyanın növbəti dalğası müşahidə olunur. “Delta” ştammının daha yoluxdurucu və öldürücü olduğu bildirilir. Hazırki vəziyyəti necə dəyərləndirmək olar? Proqnoz və perspektivlər nədən ibarətdir?
Bütün bunlara Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Xalq Cəbhəsi”nə müsahibəsində aydınlıq gətirdi.
-Bu gün artıq bir çox ölkələrdə koronavirusun yeni dalğası yaşanır, bu da öz növbəsində öncədən düşünülmüş elmi əsaslı virusa qarşı strategiyaların tətbiqi deməkdir. Bu gün üçün bu strategiyada nəzərə alınmalı bir neçə mühüm məqam var. Bunlardan biri “Delta” variantı artıq elmin öncədən dediyi kimi sürətlə yayılır, digər məqam peyvəndssiz qalan uşaqlar ciddi təhlükədədirlər və önəmli məqamlardan biri də bu gün tətbiq edilən peyvəndlər bizi müəyyən zaman çərçivəsində maksimum qoruya bilir, sonra effektivlik aşağı düşür.
-Vaksinlərlə bağlı müxtəlif iddialar var, effektsiz olması, yaxud fəsadlar törətməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bununla bağlı nə deyə bilərsiniz, çatışmazlıqlar nədən ibarətdir?
-Hər bir vaksinin müəyyən effektivlik faizi var. İnsanlar bunu mütləq bilməlidir. Ümumiyyətlə isə hazırda peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər, təhlükəsiz, az effektli peyvənd, yoxsa kiçik faiz nisbəti ilə yan təsirləri ola biləcək yüksək effektli peyvənd. Amma elmi əsaslı əlavə etmək vacibdir ki, həmin kiçik faiz etibarı ilə əmələ gələ biləcək yan təsirlərin COVID-19-a yoluxduqda rast gəlməsi daha çoxdur. Ona görə də effektli peyvənd xəstəliklə müqayisədə elmi əsaslı doğru yoldur. Bu istiqamətdə aparılan elmi tədqiqatlardan biri də koronavirus əleyhinə mRNA peyvəndlərinin (Biontech/Pfizer, Moderna) ürəyin miokardında yarada biləcəyi iltihab prosesi ilə bağlıdır. Hansı ki, bu da vaksinin yan təsiri kimi insanları çox qorxudurdu. Artıq bu gün koronavirusa yoluxduqdan sonra ürəyin miokardında ola biləcək iltihab prosesi ilə peyvəndləmədən sonra ürəyin miokardında yarana biləcək iltihab prosesinin müqayisəsi aparılıb və bununla bağlı elmi tədqiqat yekunlaşıb. Elmi tədqiqatda 16 yaşdan yuxarı təxminən 2 milyon insanın məlumatları incələnib və nəticəyə görə peyvənd olunmayan və koronavirusa yoluxan xəstələrin miokardında əmələ gələn iltihabi prosesin faiz göstəricisi peyvənd aldıqdan sonra yan təsir kimi əmələ gələ biləcək miokardın iltihabından çoxdur. Bir daha vurğulayıram, bu onu deməyə əsas verir ki, koronavirusa yoluxma ürək əzələsində yarana biləcək iltihab riskini daha da artırır. Bu da peyvəndləmədən sonra əmələ gələ biləcək bu cür riskdən çoxdur. Ona görə də bu, bu gün pandemiyanın yeni dalğası zamanı yüksək effektli peyvənddən qaçma səbəbi ola bilməz. Digər bir önəmli müqayisə 12-17 yaşlı uşaqlar arasında aparılıb. Belə ki, bu yaş qrupunda COVID-19 zamanı ürəyin miokardında iltihabi prosesin yaranma riski peyvəndi aldıqdan sonra yaranacaq miokardın iltihabı riskindən altı dəfə çoxdur. Odur ki, bu yaş qruplarına da yüksək effektli peyvəndlərin tətbiqi tövsiyyə olunur.
-Azərbaycandakı vəziyyəti necə dəyərləndirirsiniz, problemlər və çıxış yolları nədən ibarətdir?
-Elmi tərəfdən yanaşsaq önümüzdəki zamanda Azərbaycandakı vəziyyəti çətinləşdirən hazırkı “Delta” variantı və uşaqların peyvəndssiz payız aylarına başlamasıdır. Çıxış yolu isə sadədir elmi əsaslı strategiya, yüksək effektli peyvəndlər və uşaqlar arasında virusun yayılmasının qarşısını almaq.

-Vaksin olunan bəzi şəxslərin də virusa yoluxmasını və xəstəliyi ağır keçirməsini necə şərh etmək olar?
-Yenidən yoluxma hallarının olacağı barədə kifayət qədər xəbərdarlıqlarım zamanında olmuşdu. Çünki elmin peyvəndlərin tətbiqi zamanı gəldiyi nəticə o idi ki, yenidən yoluxma halları olacaq, amma ağır gedişli xəstələrin ümumi sayında ciddi azalma olacaq. Bir şey də önəmlidir ki, peyvəndlərin tətbiqi dedikdə ancaq yüksək effektli peyvəndlər nəzərdə tutulur.
-Əksər mütəxəssislərin proqnozları ondan ibarət idi ki, mutasiya olunduqca virus gücdən düşəcək, amma bunun əksi baş verdi. Tibb elmi bunu necə izah edir?
-Bu gün bu cür proqnozlar verənlərin müasir elmi tətqiqatların əksəriyyətindən xəbəri yoxdur deməkdir. Bilmənizi istərdim ki, hətta qızılca qədər təhlükəli olma riski var və bu gün elmin gəldiyi qənaət ondan ibarətdir ki, “Delta” variantından da təhlükəli virus variantının olması qaçılmazdır.
Əli Zülfüqaroğlu