Cənubi Koreya şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində iştirak edəcək Müsahibə

Cənubi Koreya şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində iştirak edəcək

Müharibə sonrası dövr Koreya şirkətlərinə Azərbaycanda, o cümlədən azad edilən ərazilərdə layihələrdə iştirak etmək üçün böyük imkanlar yaradıb.

Bunu Trend-ə müsahibəsində Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Cənubi Koreya arasında azad edilmiş ərazilərdə şirkətlərin iştirakı ilə bağlı bir sıra razılaşmalar əldə olunub:

"Əlbəttə, bu şirkətlər bərpa işlərinə böyük maraq göstərir və bu prosesə öz töhfələrini verməyə hazırdır. Qeyd etmək istərdim ki, Koreya şirkətləri tikinti, infrastruktur yaradılması, obyektlərin layihələndirilməsi sahələrində liderdir. Nəzərə almaq lazımdır ki, bu istiqamətdə danışıqlar ikitərəfli formatda, həm Azərbaycanın Cənubi Koreyadakı, həm də bu ölkənin Azərbaycandakı səfirlikləri tərəfindən, eləcə də Cənubi Koreya hökumət təşkilatlarının Azərbaycan hökumət strukturları ilə əməkdaşlığı yolıu ilə aparılır. Məndə olan məlumatlara görə, bu istiqamətdə artıq bəzi nəticələr alınıb".

Səfir qeyd edib ki, koreyalı istehsalçıların yüksək texnologiyaları Azərbaycan bazarında geniş yayılıb:

"Koreya innovasiyaları Bakı şəhərinin idarəetmə sferasında, ali təhsil müəssisələri sistemlərində və əqli mülkiyyətin idarə olunmasında , eləcə də yüksək texnologiyaların tətbiq olunduğu bir sıra digər sahələrdə tətbiq olunur. Koreya tərəfi Azərbaycanın Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq edir. Cənubi Koreyanın "Farmconnect" şirkəti Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə "Smart Farming" texnologiyasının tətbiqi sahəsində əməkdaşlıq sazişi imzalayıb. Əminəm ki, Azərbaycanla Cənubi Koreyanın gələcək əməkdaşlığı ölkəmizə IT bazarında rəqabətqabiliyyətliliyi artırmağa , müasir həllər vasitəsilə idarəetmənin səmərəliliyini artırmağa, eləcə də ölkənin investisiya potensialını artırmağa kömək edəcək. Cənubi Koreyanın bu sahədə böyük təcrübəsi var, ikitərəfli əməkdaşlıq üzrə bundan sonrakı səylər Koreyanın innovativ həllərinin Azərbaycanda aktiv inteqrasiyasına xidmət edəcək".

O bildirib ki, 2006-cı ildən bu günədək ölkələrimiz arasında 60-dan çox ticari-iqtisadi xarakterli saziş imzalanıb.

R.Teymurov vurğulayıb ki, əldə olunan sazişlər çərçivəsində azərbaycanlı məhsul və xidmət istehsalçıları Koreya bazarında öz mövcudluqlarıı genişləndirmək niyyətindədir və artıq Azərbaycanın qeyri-neft məhsullarının təşviq olunması prosesi başlayıb. Səfir, həmçinin xartırladıb ki, bu günədək Azərbaycanda Koreya şirkətləri iki milyard dollara yaxın məbləğdə layihəni reallaşdırıb və maliyyələşdirib:

"Koreya bazarının auditoriyası təxminən 50 milyon nəfəri əhatə edir və Azərbaycan kənd təsərrüfatı məhsulunu bu bazara çıxarmaq üçün bizə bir neçə il lazım olacaq. Bununla əlaqədar artıq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə iş başlanıb. Azərbaycan məhsul çeşidlərinin Koreya bazarında artırılması Azərbaycan üçün Asiya ölkələri bazarında yeni imkanlar açacaq. Bu baxımdan ölkələrimiz arasında iqtisadi münasibətlər və ticarət dövriyyəsi gələcək artım üçün potensiala malikdir. Biz təhsil, elm, kənd təsərrüfatı, bank xidmətləri, IT və digər istiqamətlər üzrə münasibətləri inkişaf etdiririk. Bununla yanaşı, biz Azərbaycanın qida məhsullarını müxtəlif ticarət sərgilərində fəal şəkildə təşviq edirik. 2019-cu ildə Cənubi Koreya İxracatçılar Assosiasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri baş tutmuşdu, bu səfər çərçivəsində Azərbaycan mallarının ixracı və idxalı üzrə bir sıra sazişlər imzalanmışdı. Hazırda Azərbaycan məhsulunun Cənubi Koreyaya ixracının artırılması üzrə işlər aparılır və yaxın bir neçə il ərzində Azərbaycanın ixrac göstəriciləri bir neçə dəfə artacaq".

Səfir xatırladıb ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 179 milyon dollar təşkil edib:

"Burada əsasən Koreyadan ixrac göstəriciləri üstünlük təşkil edir. Əlbəttə, bu göstəricilər tərəfləri qane etmir, çünki Azərbaycanla Koreya arasında ticarət dövriyyəsi daha böyük rəqəmlərlə ifadə olunmalıdır. 2020-ci ildə pandemiyaya baxmayaraq Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 10 faiz artıb".