
Erkən nikah çox vaxt “ailə məsələsi” və ya “övladın gələcəyini təmin etmək” kimi təqdim olunur. Halbuki bu qərarın arxasında təhsildən uzaqlaşma, iqtisadi asılılıq, məişət zorakılığı, psixoloji travma və hətta insan alveri riski dayana bilər. “Erkən nikah qurbanları insan alveri üçün potensial hədəfdir” deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova illərin təcrübəsinə əsaslanaraq erkən evliliyin görünməyən tərəflərindən danışıb. O, erkən nikaha məcbur edilən qızların qarşılaşdığı təhlükələri, ailə və cəmiyyətin məsuliyyətini, həmçinin belə halların qarşısının alınmasında vətəndaşların rolunu izah edib.
– Mehriban xanım, Siz illərdir məişət zorakılığı, erkən nikah, insan alveri qurbanları və sığınacaq xidmətləri üzrə çalışırsınız. Sığınacağa və ya təşkilatınıza müraciət edən qadın və qızların hekayələrinə əsasən, erkən nikahların arxasında ən çox hansı səbəblər dayanır?
– Doğrudan da, biz uzun müddətdir bu problemlərlə işləyirik: qurbanların aşkarlanması, sığınacağa qəbulu, onların reabilitasiyası və yenidən ayağa qalxaraq özgüvən qazanması üçün əlimizdən gələni edirik. Məişət zorakılığı, erkən nikah, insan alveri – bunlar hamısı gender əsaslı zorakılığın müxtəlif formalarıdır. Biz tez-tez rastlaşırıq ki, erkən nikah qurbanı sonradan həm də məişət zorakılığı və ya insan alveri qurbanına çevrilir. Səbəblər çox müxtəlifdir. Amma əsas məsələlərdən biri şəxslərin vaxtında xidmət sisteminə əli çatmamasıdır. Bunun arxasında dayanan ən böyük səbəb isə məlumatsızlıq və cəmiyyətdə kök salmış stereotiplər, tabulardır: “qadın evinin sirrini kənara çıxartmaz”, “qadın kömək istəməz”. Digər tərəfdən, qorxular – xüsusilə də cəzalanmaq qorxusu bu problemi daha da dərinləşdirir.
– Erkən nikaha məcbur edilən yeniyetmə qızların sonrakı həyatında ən ağır nəticələr hansılar olur? Onların taleyində hansı ortaq məqamları müşahidə edirsiniz?
-Erkən nikahları bir neçə kateqoriyaya bölmək olar. Bəzən heç bir məcburiyyət olmadan, qızlar özləri romantik hisslərin təsiri ilə bu addımı atırlar. Seriallardakı o gözəl həyata aldanıb, “sevdiyi üçün” ərə gedən və sonda insan alveri qurbanına çevrilən şəxslər görmüşük. Bəziləri evdə məruz qaldıqları zorakılıqdan qaçmaq üçün bu yolu seçir, sonradan yenə eyni tələyə düşürlər. Bu o demək deyil ki, bütün erkən nikah qurbanları insan alveri qurbanı olacaq, amma onlar potensial qurbandırlar. Təhsilsiz qaldıqları üçün həyatlarını qura bilmir, asılı vəziyyətə düşürlər. Bu isə onları cinayətkar qrupların, narkotik tacirlərinin hədəfinə, marjinal qruplara çevirə bilir. Bəziləri ailə tərəfindən birbaşa məcbur edilir. Erkən evliliyin fəsadları bununla bitmir: əməyin istismarı, qeyri-sağlam cinsi münasibətlərə cəlb olunma, ciddi sağlamlıq problemləri, özünü idarə edə bilməmə və dərin psixoloji sarsıntılar qaçınılmaz olur.
– Bəzən erkən nikah ailələr tərəfindən “övladın gələcəyini təmin etmək” kimi təqdim edilir. Sizcə, bu düşüncə niyə hələ də yaşayır və onu dəyişmək üçün nə etmək lazımdır?
-Təəssüf ki, bəzi valideynlər imkanlı bir şəxs çıxdıqda, “qızım daha gəncdir, gözü açılmayıb, həyatın mənfi tendensiyalarından uzaqdır” düşüncəsi ilə bunu uğurlu evlilik hesab edirlər. Guya uşağın təhlükəsizliyini təmin edir, onu ətrafdakı neqativlərdən qoruduqlarını, ailə içində təhlükəsiz olacağını düşünürlər. Ancaq əfsus ki, bu qərar övladlarını tamamilə əks vəziyyətlə, bəzən böyük bir faciə ilə üz-üzə qoyur.
– Siz illərdir bu sahədə çalışırsınız. Son illərdə erkən nikahlarla bağlı müraciətlərdə azalma müşahidə olunur, yoxsa problem sadəcə daha gizli xarakter alıb?
-Bəli, azalmalar müşahidə edilir. Qeyri-hökumət təşkilatlarının fəallığı, məsələlərin ictimaiyyətə və rəqəmsal mühitə çıxarılması öz nəticəsini verir. Qanunvericiliyin sərtləşməsi, cəza tədbirlərinin tətbiqi və hüquq-mühafizə orqanlarının operativ reaksiyası ciddi rol oynayır. Amma təbii ki, bu prosesin gizli aparılması ehtimalı da var. Burada ən vacib amil vətəndaş cəmiyyətinin dözümsüzlüyüdür. Qohum, qonşu artıq susmur, müraciət edir. Necə ki, bir vaxtlar “qız qaçırtma” cinayəti “adət-ənənə” adı altında gizlədilirdi, qanun sərtləşdikdən sonra bunun qarşısı alındı, inanıram ki, qısa müddətdə erkən evliliklər də eyni şəkildə tarixə qovuşacaq.
– Erkən nikahdan xilas olmaq istəyən qızların qarşısında ən böyük maneə nə olur? Ailə təzyiqi, iqtisadi asılılıq, yoxsa cəmiyyətin qınağı?
-Gənc yaşda qaynar xətlərə zəng edib kömək istəyən, polisə müraciət edən qızlar var. Amma vəziyyət gecikəndə — ortada övlad olanda, qızın heç bir təcrübəsi, təhsili, peşə bacarığı olmayanda proses çox çətinləşir. Ailə məcbur ərə verdiyi qızını geriyə qəbul etmir. İqtisadi dayanıqlığın olmaması, cəmiyyətin qınağı, amma ən əsası dəstəyin olmaması bu qızların xilas olmasının qarşısını alan ən böyük maneədir.
-Bir yeniyetmə qız sizə “məni erkən nikaha məcbur edirlər” desə, ona ilk olaraq hansı addımları atmağı tövsiyə edərdiniz?
-Dərhal 102 xidmətinə, DİN-ə zəng vurmağı tövsiyə edirəm. Özü zəng edə bilmirsə, biz vasitəçilik edərək bu addımı atırıq. Bu, birmənalı şəkildə cinayətdir. Cinayət Məcəlləsində məcburi və erkən nikahla bağlı məsuliyyət nəzərdə tutulub. Sonrakı mərhələdə isə operativ müdaxilə qrupuna məlumat veririk və prosesin qarşısının alınıb-alınmadığını mütləq şəkildə monitorinq edirik.
– Valideynlər çox vaxt təhlükəni yalnız fiziki zorakılıqda görürlər. Halbuki erkən nikahın psixoloji və sosial təsirləri də var. Bu barədə nə deyə bilərsiniz?
-Valideynlər bəzən özləri eyni psixoloji və sosial mühitdə yaşadıqları üçün bunu təhlükə kimi görmür, normal həyat prosesi hesab edirlər. Psixoloji zorakılığın bəzən fiziki zorakılıqdan daha ağır fəsadlar yaratdığını bilmirlər. Təxminən 10 il əvvəl bir hadisə olmuşdu: məcbur ərə verilən qız anasına yalvarırdı ki, “məni buradan apar”. Amma anası “ərə getmisən, orada qalmalısan” deyə israr etdi. Nəticədə o qız intihar etdi. Valideynlər anlamalıdırlar ki, bu düşüncə tərzi faciələrə yol açır.
– Media erkən nikah mövzusunu işıqlandırarkən ən çox hansı səhvlərə yol verir?
-Təəssüf ki, bəzi hallarda media toksik məlumatlar, qurbanların şəxsi və məxfi bilgilərini yayır. Ad, soyad, ünvan göstərilməsi qəti qadağandır, çünki bu, şəxsin gələcəyi üçün ciddi təhlükə yaradır. Bir də günahlandırma, qadını ittiham etmə çalarları hiss olunur. Bəzən bu, sətiraltı mesajlarla verilir. Media bu cür həssas məsələlərdə tam tərəfsiz olmalı və etik normaları qorumalıdır.
– Erkən nikahların qarşısının alınmasında QHT-lər, məktəblər və dövlət qurumları arasında əməkdaşlıq hansı səviyyədədir?
– Çox yaxşı səviyyədə olan çevik və operativ işçi qrupumuz var. Burada QHT-lər dövlət qurumları ilə bərabərhüquqlu təmsil olunur. QHT-lərin aşkarladığı məlumatlar daxil olan kimi qurumlar dərhal hərəkətə keçir. Daxili İşlər Nazirliyi ən operativ tərəflərdən biridir, həmçinin TƏBİB, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İcra Hakimiyyətləri də prosesdədir. Ancaq arzulayardıq ki, icra hakimiyyətlərinin yerlərdəki nümayəndələri kənarda passiv fiqur kimi qalmasınlar, daha aktiv iştirakçıya çevrilsinlər.
– Bir çox ailələr “bizim ailədə belə adətdir” arqumentini irəli sürür. İnsan hüquqları ilə adət-ənənə arasında sərhəd harada başlayır?
– Ortada ənənə sistemi ilə beynəlxalq qanunvericiliyin görünməyən, amma çox incə bir sərhədi var. İnsanlarımız həm ənənəyə hörmət edə, həm də qanuna tabe ola bilərlər. Bizdə qanuna tabe olmaq mədəniyyətini, qanunun aliliyinə hörməti inkişaf etdirmək lazımdır. Digər ölkələrdə adi bir vətəndaş öz hüququnu detallı bilir. Bizim insanlarımız da qanunları oxumalı, öz hüquqlarından xəbərdar olmalıdırlar.
– Bu illər ərzində rastlaşdığınız hadisələr arasında elə bir hekayə varmı ki, erkən nikahın bir uşağın həyatını necə dəyişdiyini ən aydın şəkildə göstərsin?
– Mən xüsusi şəxslərin hekayələrini danışmaqda ehtiyatlıyam. Amma cəmiyyət bunu bilməlidir: erkən evlilik uşağın gələcəyinin müdafiəsi deyil. Bu evliliklər çox böyük fəsadlar yaradır. Biz intihardan, ağır qətl hadisələrindən, narkotik asılılığından tutmuş ən dəhşətli cinayətlərə qədər bu reallıqların qurbanı olanları görmüşük. Bu heç vaxt müdafiə yolu deyil, uşağın fəlakətidir.
– Erkən nikahların qarşısını almaq üçün hər kəs yalnız bir addım ata bilsəydi, bu addım nə olmalı idi?
– Sadəcə, məlumat vermək. Əgər ətrafında, qohumlarında, qonşuluğunda belə bir hadisənin baş verdiyini görürsənsə, məxfi qaynar xətlərə xəbər ver. Biganə qalma və bu vəziyyətə dözümsüz ol!
Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb.