Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi Ədəbiyyat

Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi

7-ci yazı

Bəylərbəyi vilayətin silahlı qüvvələrinin baş komandanı olduğuna görə əmir əl-üməra rütbəsi daşıyır, Şah tərəfindən ona bayraq və təbil verilirdi. Bəylərbəyinin daimi silahlı qüvvələrinin sayı adətən 2-3 min nəfər olur, bununla bərabər, vilayət ərazisindəki mahal hakimlərinin silahlı qüvvələri də ona tabe idi. Özünün 2-3 minlik hərbi qüvvəsi ilə yanaşı, 12-15 min nəfərdən ibarət mahal naiblərinin qoşununa komandanlıq edən bəylərbəyi təhlükəli vaxtda vilayət ərazisində yaşayan tayfa və oymaqlardan əlavə hərbi qüvvə səfərbər edə bilərdi. Şah həmişə bəylərbəyilər də mərkəzdənqaçma meylinin yaranacağı ehtimalı ilə bağlı onun daimi silahlı qüvvələrinin bir neçə mindən çox omasına imkan vermirdi. Bəylərbəyilər vilayət daxilində sakitliyi, ölkə sərhədlərini qorumalı, təhlükəli vaxtlarda bir dəstə qoşunla mərkəzə gəlməli və Şahın göstərişi ilə bir-birinə hərbi yardım etməli idilər. Hərbi sahədə bəylərbəyi Şaha tabe olmaqla başqa dövlət məmurları və hətta ölkənin silahlı qüvvələrinin baş komandanı ilə hesablaşmırdı. Baş komandan yalnız Şahın xüsusi göstərişi olduqdan sonra vilayət hakimlərinin silahlı qüvvəsindən istifadə edə bilərdi. Ölkənin silahlı qüvvələrinin baş komandanı vəzifəsinə əksər vaxtlarda Azərbaycan bəylərbəyi təyin ounurdu. Azərbaycan bəylərbəyilərinin Səfəvilər qoşununa baş komandan təyin edilməsinin əsas səbəbi onun dövlətin metropoliyası olması, həm də hərbi strateji və iqtisadi baxımdan çox böyük əhəmiyyətə malik olmasından irəli gəlirdi. XVI yüzillikdə olduğu kimi, XVII yüzillikdə də Azərbaycan ölkənin əsas dayağı idi.
Bəylərbəyilər vilayət daxilində sakitliyi, sərhədləri qorumalı, vilayət ərazisindən keçən ticarət karvanları və xarici elçilərin təhlükəsizliyini təmin etməli idi. 1563-cü ildə Şirvan bəylərbəyi Abdulla xanın Rusiyaya, 1634-cü ildə isə İrəvan hakiminin Osmanlı dövlətinə elçi göndərməsi, sərhəd bəylərbəyilərinin qonşu ölkələrlə sərbəst iqtisadi hərbi-siyasi əlaqələr saxlamaq hüquqlarının da olduğunu göstərir.
Vilayətlərin vergiləri XVI əsrin ortalarına qədər Uzun Həsənin Qanunnaməsi, bu vaxtdan sonra isə Sədr Mir-Zeynəddinin hazırladığı "dəstur-ül-əməl" əsasında toplanılırdı. I Şah Abbas dövründə vilayətdə maliyyə məsələləri ilə məşğul olan vəzirlərin hüquqları genişləndirilmişdi. I Şah Abbasın məhdudlaşdırma siyasətinə baxmayaraq başqa məmurlar kimi vilayət vəzirləri də bəylərbəyinin yaxın adamlarından onun məsləhəti ilə işə götürülür və işdən çıxarılırdı. O, vilayətdə əhalinin siyahıya alınması barədə vaxtaşırı mərkəzə hesabat verir, vilayət daxilində mülki münaqişəli və vergi işləri ilə bağlı mübahisəli məsələləri həll edirdi. Geniş iqtisadi hüquqa malik bəylərbəyilərin mərkəzdənqaçma meyllərini dövlət həmişə nəzarətdə saxlayırdı.
Vilayət ərazisində Şah tərəfindən başqa əyanlara verilmiş tiyul, soyurqal, vəqf əmlakı bir növ vergi immuniteti hüququna malik olduqlarına görə bəylərbəyi onların maliyyə işlərinə qarışmırdı. Məsələn, 1647-ci ildə Aranda Xaçın mahalının qorçubaşı Göycə bəyə verilməsi haqqında fərmanda yerli məmurlar və hakimin
onun işlərinə qarışmaması qeyd olunur. Bəylərbəyi vilayət ərazisində bütün dini və dünyəvi idarələrə də başçılıq edirdi. Onun və yaxud nümayəndələrinin iştirakı olmadan cinayət və mülki mübahisəli məsələlər həll olunmurdu. Bir sözlə, vilayətlərdə şəri və ürfi hüquqa aid məsələlərin həllində onun mühüm rolu vardı. Bəylərbəyi ruhanilərin ixtiyarında olan hüquqi məsələlərin həllində iştirak edə bilmədikdə, şəri məhkəmənin nəticəsini yoxlayıb qərar çıxarmalı idi. Xırda məsələlərlə əlaqədar məhkəməyə isə darğanı öz nümayəndəsi kimi göndərirdi.
Azərbaycan Səfəvi dövlətinin ictimai-siyasi, iqtisadi inkişafı ilə əlaqədar olaraq yerli idarəçilik sistemi də təkmilləşir və möhkəmləndirilirdi. Vilayətdə bəylərbəyindən sonra ən nüfuzlu məmur vəzir idi. Maliyyə məsələləri ilə məşğul olan vilayət vəzirlərinin Şah tərəfindən təyin olunmasına baxmayaraq onlar bəylərbəyiyə tabe olurdular. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan vəziri daha nüfuzlu olmaqla, çox hallarda Şirvan, Qarabağ və Çuxur-Sədin də maliyyə işləri ona tapşırılırdı. Bəzi vaxtlarda vilayət vəziri həm də orada mustoufi funksiyasına da malik olurdu. Məsələn, Şah Səfinin hakimiyyətinin əvvəllərində Məhəmməd İştəharidi Azərbaycanın həm vəziri, həm də mustoufisi idi. Xassə elan edilən mahal, şəhərlər və vəqflər xüsusi qayda əsasında idarə olunurdu. Belə ki, adı çəkilən bölgələri Şah tərəfindən təyin edilən vəzir, darğa və ya mütəvəlli idarə edirdi ki, onlar bəylərbəyiyə deyil, birbaşa Şaha tabe idilər.
Vilayətlər mahallara bölünürdü. Mahalları sultan, bəzən də bəy titulu daşıyan Qızılbaş - türk əyanları idarə edirdilər. Mahal hakimlərini Şah təyin edir, ancaq bəylərbəyiyə tabe olurdular. Mahalda hakimlər çox geniş hüquqlara malik idilər. Hakim həm də mahalın silahlı qüvvələrinin baş komandanı olurdu. O, mahalın maliyyə məsələləri ilə məşğul olur və vergi toplanmasına da nəzarət edirdi. Bəylərbəyiyə tabe olmasına baxmayaraq bu sahədə onlara çox geniş hüquqlar verilirdi.
Mahal hakimlərinin naibləri bir qayda olaraq yerli əhali içərisindən seçilir və mahal mərkəzinin mühafizəsi ona tapşırılırdı. Mərkəzdəki qarnizona da o başçılıq edirdi. Azərbaycan Səfəvi dövlətinin möhkəmlənməsi dini idarələrin təkmilləşməsinə də təsir göstərmişdir. Vilayət mərkəzləri ilə yanaşı, oranın digər şəhərlərinə sədrin təklifi və Şahın fərmanı ilə şeyxülislamlar, qazılar təyin olunurdu. Onların hər ikisi təyin olunduğu vilayətdə bəylərbəyiyə tabe olmalarına baxmayaraq, divan əs-sədarə tərəfindən vəzifədən azad oluna bilərdilər.
Vilayət və şəhərlərdəki vəqfləri divan əs-sədarənin təklifi ilə təyin olunan mütəvəllilər idarə edirdilər. Onu Şah və ya sədr vəzifədən azad edə bilərdi. Bəzən müqəddəs yerlərin yerləşdiyi şəhər və ya mahalın da idarəsi ona tapşırılırdı. Mütəvəlli ilə hakim vəzifəsi bir nəfərə tapşırıldıqda, o, təyin olunduğu mahal, yaxud şəhərdə teokratik idarə hüququna malik olurdu. Göstərilən vəzifələrin bir nəfərə tapşırılması Səfəvilər dövründə daha qabarıq şəkildə Ərdəbildə müşahidə olunur.
Başqa müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da bir sıra mülki və cinayət məsələləri şəri qayda-qanun əsasında həll olunurdu. Ürfi hüquqa aid məsələlərlə divanbəyi, hakim, darğa, şəri hüquqa aid məsələlərlə isə başda sədr olmaqla şeyx ül-islam və qazı məşğul olurdu. Lakin bəzi şəri məsələlərin həllində divanbəyinin də rolu böyük idi. Vilayətlərdə ürfi hüquqa aid məsələlərə bəylərbəyi və darğa baxırdı. Ürfi hüquqa aid ən ağır cinayət ölüm hadisəsi idi. Adam öldürən bir qayda olaraq ölüm cəzasına məhkum olunurdu. Şəri məsələlərin həllində darğa və yaxud onun nümayəndəsi iştirak edirdi.



Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor



Robot-jurnalist 1 saniyəyə məqalə yazır

Çinli proqramçılar tərəfindən yaradılmış "Syao Nan" adlı robot-müxbir məqalə yazmağı öyrənib. Bunun üçün ona jurnalistika fakültələrində tələbələrin sərf etdiyindən daha az vaxt lazım olub. Artıq Syao Nanın ilk 300 simvoldan ibarət materialı "Southern Metropolis Daily" nəşrində dərc edilib. Bahar Festivalına edilən səfərə həsr olunmuş mətnin yazılması üçün cəmi 1 saniyə sərf olunub.
İstehsalçıların sözlərinə görə, Syao botu məlumatları adi jurnalistlərdən daha tez təhlil edərək mətn yazır ki, bu da tezliklə xəbər resurslarının bu robotlardan jurnalist, redaktor və müxbir assistentləri kimi istifadə etməyə başlayacağını göstərir.
www.nanonewsnet.ru saytının məlumatına əsasən, Pekin Universitetinin professoru, robot-jurnalistin ixtiraçısı Van Syaotszyun bildirib ki, proqram artıq müxtəlif həcmli mətnləri yaza bilir. Lakin professor jurnalistləri "sakitləşdirmək" üçün proqramın çatışmazlıqlarından da söz açıb: "Məsələn, robot müsahibə ala, qarşılıqlı və əlavə suallar verə, müəyyən mövzuda fikir mübadiləsi apara bilmir. Hər kəs yaza bilər, lakin xəbəri maraqlı təqdim etməyi nəinki robot, hər insan da bacarmır. Bir sözlə, həmkarlar Syao Nan öz ixtiraçısından müsahibə alanadək rahat yata bilərlər".




"Azərbaycan xalçaları" jurnalının yeni sayı çap olunub

"Azərbaycan xalçaları" jurnalının 21-ci sayı nəşr olunub. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Jurnalda "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti işıqlandırılıb. Cəmiyyətin Füzuli filialının açılışı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları barədə məlumat, həmçinin Əməkdar jurnalist Ləman Əliəşrəfqızının filialın fəaliyyətindən bəhs edən "Güllə səsi hana səsinə qarışan Horadiz" adlı reportaj yazısı təqdim edilib.
Nəşrin bu sayında "Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları", "Türk və fars halı-kilimlerinin temel özelliği", "Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti", "Xovlu Şahsevən xalçası", "Baharlıların tarixi keçmişi və bu günü", "Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam", "80 illik ənənə", "Yundan toxunmuş tarix" və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub. Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.



Tarixi Muzeyində qadın geyim bəzəyi bərpa olunub

Milli Azərbaycan Tarixi Muzeyində XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyi bərpa olunub. Eksponatın bərpası muzeyin bərpaçı-rəssamı İ.Rəhimova tərəfindən həyata keçirilib. Əl işi olan geyim bəzəyi, qırmızı və göy rəngli ipək parçadan üçkünc formada tikilib, ətrafına metal sərmə, güləbətin bafta və kiçik rəngli parçalardan tikmə salınıb.