Dövlətməmməd Azadi: klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biri Ədəbiyyat

Dövlətməmməd Azadi: klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biri

2-ci yazı

Bir rəvayətə görə Dövlətməmməd Azadinin 18, başqa bir rəvayətə görə isə 11 övladı olduğu bildirilir. Bütün övladlarına məhəbbətli olan Azadi Məmmədsəfa və Abdulladan sonra dünyaya gəlmiş üçüncü oğlu Məxtumqulunun gələcəyinə daha çox ümidlər bəsləyib. Dövlətməmməd Azadi atasının adını daşıyan oğlunun sənətini yüksək qiymətləndirib, onunla fəxr edib. Dövlətməmməd Azadi 1760-cı ildə 65 yaşında vəfat edib. Bu fakt bir sıra mənbələrlə yanaşı M.Fəraqinin “Atamın” adlı şeirində də təsdiqini tapır:

Altmış beşdə novruz günü, luv ili,
Durdu əcəl, yolun kəsdi atamın.
Bu dünyanın işi beləymiş bəli,
Ömrünün yarpağı əsdi atamın.

Lakin qeyd etməliyik ki, şeirin Azərbaycan dilinə tərcümə prosesində birinci misradakı “altmış beşdə” sözlərinin səhv olaraq “altmış yaşda” şəklində ifadə olunması Dövlətməmməd Azadinin tərcümeyi-halı ilə bağlı müəyyən təhriflərə gətirib çıxarmışdı. Buna görə də bu fakta əsaslananlar onun 65 il deyil (1695-1760), 60 il (1700-1760) yaşadığını iddia etmiş və Dövlətməmməd Azadinin 1700-cü ildə anadan olduğunu əsaslandırmağa çalışmışlar. Qeyd edək ki, türkmən tədqiqatçıları luv ilini 12 illik dövriyyəyə əsasən 1748, 1760, 1772 və s. illərə aid etsələr də, şeirdə ifadə olunan “novruz günü” ilə bağlı luv ilinin məhz 1760-cı il olduğunu təsdiqləyiblər. 1760-cı il isə 65 yaşlı Dövlətməmməd Azadinin vəfat tarixi hesab olunur. Buna görə də Dövlətməmməd Azadinin 1695-1760-cı illər arasında yaşaması daha inandırıcı görünür.
XVIII əsr klassik Türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb. Nurməhəmməd Əndəlib (1660¬1740), Abdulla Şahbəndə (1720-1800), Şeydayi (XVIII əsr), Qurbanəli Məğrubi (1735-1810) və s. kimi şairlərlə müqayisədə Dövlətməmməd Azadinin sənəti istər kəmiyyət, istərsə də keyfiyyət baxımından fərqlənir. Lakin o, zəngin yaradıcılıq irsinə sahib olsa da, əsərlərinin yalnız bir hissəsi zəmanəmizə gəlib çatıb. “Vəzi-Azad”, “Behiştnamə”, “Beş namaz”, “Cabir Ənsar” poemaları, o cümlədən məsnəvi, qəzəl, mürəbbe və rübailər müəllifi olan Dövlətməmməd Azadi türkmən ədəbiyyatında ilk dəfə milli birlik ideyasını ortaya atmış, ədalətli dövlət idarəçiliyini millətin nicat yolu hesab edib.
“Azadi nəsihətləri” adı ilə tanınan “Vəzi-Azad” poeması Dövlət- məmməd Azadi yaradıcılığının şah əsəridir. 1753-1754-cü illərdə məsnəvi formasında yazılmış poema 4628 misradan ibarətdir. Əsərin türkməncədən Azərbaycan dilinə uyğunlaşdırılmış variantı 2012-ci ildə çap olunmuşdur. Poema dörd baba bölünür. Şair əsərin yazıldığı tarix və onun adı ilə bağlı poemanın sonuncu dörd misrasında belə yazır:

İşbu nəzm içrə əgər sorsan sənə
Min yüz altmış yeddi ərdi, bilsənə,
Bu kitab ismi nədir, deyib sorsan ad,
Qoydular adın bunun “Vəzi Azad”.

Burada əsərin yazılmasına işarə edilən 1167-ci ili miladi tarixə çevirəndə poemanın 1753-1754-cü illərdə yazıldığı təsdiqini tapır. Filologiya elmləri doktoru Annaqurban Aşurov əsərin yazılması ilə əlaqədar qeyd edir ki, D.Azadi “Vəzi-Azad” poemasına uzun illər vaxt sərf etməyib, onu bir-iki ilin ərzində tamamlayıb. Alim bunun səbəbini şairin elmi və bədii təcrübəsinin yüksəkliyi ilə bağlayır.
Dövlətməmməd Azadinin elmi və didaktik görüşlərini əks etdirən bu əsərin elmi traktat və ya didaktik traktat adlandırılması təsadüfi deyil. Çünki poemada türkmən həyatı, türkmənlərin dövlət qurmaq istəkləri, milli birlik arzuları, alim, hökmdar, bəy və dərvişlərə münasibət və s. məsələlər, elmi, bədii, dini müstəvidə dəyərləndirilir, mahiyyət əxlaqi-didaktik kontekstdə açıqlanır, oxucu insanın cəmiyyətdəki yerinin, rolunun və borcunun nədən ibarət olduğunu anlamağa başlayır. “Vəzi-Azad” poemasında əsas məqsəd kamil insan formalaşdırmaqdır. Buna görə də şair əsər boyu hadisələri Tanrı-İnsan konteksində canlandırır və fikirlərini bu müstəvidə ifadə edir. Poemanın “Bismillahir-rəhmanir-rəhim...” başlanğıc hissəsində şairin insana müraciəti adi bir təbliğat deyil. Burada kamilliyə yetməyin, qəlbləri Allah nuru ilə doldurmağın, dərgaha üzüağ getməyin, məqsədə çatmağın bir növ əməl və şərtləri sadalanır:

Adəm oğlu, al bulardan ibrəti,
Eylə peyda öz-özündən qeyrəti.
Zikrin ayğıl Tanrının şamu-səhər,
Cümlə zikrlər üzə zəhmət yağar.
Kəsmə ümid rəhməti Allahdan,
Olma qafıl zikrüüllahdan.
Əhli-huş ol zikri-haqsız urma dəm,
Zar eylə, çək eşqində dərdü ələm.
Yumşadıb könlünü hikmət-söz ilə,
Dərd ilə haq fəzlindən rəhmət dilə.
Ağlagil şamu səhərlər o ki var,
Ağlasa gul, rəhmətin bəhri coşar.
...Qəlbini ücbü riyadan qıl arı,
Haqq üçün qılğıl özündən işləri.
...Bədgülükdən kimsəni incitmədən,
Nəhyi-münkər yollarına getmədən.
Həm dəxi qəhrü qəzəb eyləmədən,
Əhli-dillərə yaman söyləmədən.
Cani dil ilə tanrıya şükrün yetir,
Nəhyindən qaç, barça dərmanın bitir.

“Vəzi-Azad” poemasının birinci babı dövlət və ədalətli hökmdar probleminə həsr edilib:

Babi-əvvəlpadişahlar vəsfini,
Yarı versə vəsf edər Rəbbi-qəni.

Qeyd etməliyik ki, dövlət, cəmiyyət və ədalətli hökmdar məsələləri Şərq ədəbiyyatında aparıcı mövzu olub. F.Gürgani, Firdovsi, Nizami, S.Şirazi, Dəhləvi, Cami, Nəvai və digər sənət korifeyləri ədalətli idarəçiliyin tərəfdarları olmaqla yanaşı, həm də onun təbliğatçılarına çevrilmiş, əsərlərində ideal cəmiyyət modellərini bu və ya digər formada ifadə ediblər. Dövlətməmməd Azadinin “Vəzi-Azad” əsərində ədalətli hökmdar probleminin qoyuluşu bir tərəfdən ənənənin davamı, digər tərəfdən isə şairin yaşadığı dövrdə gərgin siyasi proseslər nəticəsində ağır həyat yaşayan türkmən xalqının birliyini, normal idarəçiliyini təmin edə biləcək ədalətli, ağıllı hökmdar ehtiyacları ilə bağlı idi. Bildiyimiz kimi XVIII əsrdə türkmən tayfa münaqişələrinin, Nadir şah zamanında türkmən-İran münasibətlərinin daha da gərginləşməsi Dövlətməmməd Azadi başda olmaqla bu xalqın qabaqcıl nümayəndələrində narahatçılıqlar yaratmış, onlar xalq birliyinə nail olmağı qarşılarına yeganə məqsəd qoyublar. Dövlətməmməd Azadi poemada adil hökmdardan bəhs açarkən həm öz siyasi görüşlərini, həm də milli maraqlarını ortaya qoyurdu. Çünki onun nəzərində millət ədalətli rəhbərin sayəsində xoşbəxt yaşayar, gələcəyə ümidlə baxa bilər. Bu cür hökmdarları Azadi həm Allahın, həm Peyğəmbərin, həm də insanların istəklisi hesab edir:

Hakim olanlar cahanda ədl ola,
Bəzəyə yer üzünü ədli bilə
Hakimi-adil Xuda peyğəmbəri,
Canişinim diyp, övüpdir oları
Padişah kim, olsa gər ədli onun,
Yer üzündə sayəsidir Tanrının.
Ədlindən olsa xəlayiq cümlə şad,
Dərgahında tapsa məzlumlar murad
Həq-təlanın sevər bəndəsi bil
Ol Rəsul ümmətlərinin xası bil.

Elmi, mərhəməti, düzgün idarəçiliyi, ağlı, fərasəti və s. şahın vacib sifətlərindən hesab edən Azadi I babın “Adil padşahların sifətinin bəyanında durar”, “Ötən zamanda hekayəti-iki şahın sözləşməsi”, “Allah-təalanrn şahı bağışlamasının bəyanı”, “Bir padşahın bir dərviş hüzuruna gəlib sözləşməsi”, “Zalım padşahların əzabının bəyanı”, “Mahmud şahın ağıldan kəm istəməsinin bəyanı” və s. bölümlərində fikirlərini daha çox rəvayət şəklində çatdırır. Şair bu üslub ilə mahiyyətin düzgün və asan mənimsənilməsinə kömək göstərir, həmin parçalarda hökmdarlar üçün vacib saydığı prinsipləri saraydaxili proseslərlə məhdudlaşdırmır, onu geniş ictimai dairədə təqdim edir. Məsələn, şair “Allah-təalanın şahı bağışlamasının bəyanı”nda hökmdarın ov zamanı tutduğu ahunun fəryadlarına dözməyib onu azad etməsini şair hökmdar mərhəmətinin nümunəsi kimi təqdim edir. Azadi bu detalda mərhəmətin saray idarəçiliyində tətbiqi məsələsinə önəm verir, mərhəmətin insanlıq üçün əhəmiyyətini göz önündə canlandırır. Və yaxud “Bir padşahın bir dərviş hüzuruna gəlib sözləşməsi” hekayətində dərvişlərin simasında elmi, irfanı təcəssüm etdirən şair hökmdarın dərviş hüzuruna gəlişini onun elmə səcdəsi kimi dəyərləndirir:

İşbu sözdür olpeyğəmbərdən hədis,
Dinləgil, canın bilə, olma xəbis.
Padişahların əzizi ol olar,
Elm əyəsinə ziyarətə gələr.
Elm əyəsindən yamanraq ol olar,
Padişahlara ziyarət gətirər.

“Adilliyin fəzilətinin bəyanı” hekayəsinin məzmunu belədir ki, bir padşah Həcc ziyarətinə getmək istəyir. Lakin xalq hökmdarın ziyarətə getdiyi təqdirdə çətinliklərlə üzləşəcəyini bildirir və ona Həcc ziyarətinə getməməyi məsləhət bilirlər. Hökmdar bununla razılaşsa da, Həcc ziyarətinin səvabın almaq məqsədi ilə 60 dəfə ziyarətə getmiş bir vəlinin hüzuruna gedir. Lakin hökmdarın bütün var-dövləti bir Həcc ziyarəti səvabını almağa kifayət etmir. Onun kədərləndiyini görən bir dərviş hökmdara ədalətli olmağı məsləhət bilir, bir saatlıq ədalətli rəftann min Həcc ziyarətindən üstün olduğunu ona bildirir:

Gər ədalət eyləsən bir saəti,
Həm səvabın, bizə qılsan şəfqəti.
Bir səat ədlin səvabın, ey xoca,
Vermək olmaz haqq qatında min Həccə.
Padişah olsan ulus üzrə bu dəm,
Eyləgil hər yaxşı yarana kərəm.
Alimü dərvişlərə ikram edə
Həm təvazölər qılıb, ənam edə.
Gər buların şöhrətin etsə qəbul,
Sevər onu ol Xuda birlə Rəsul.

Ümumiyyətlə, Azadi əsərdə hökmdarlara üz tutaraq onlara rəiyyətin könlünü almağa, Tanrı, peyğəmbər əmrinə tabe olmağa, hökm edəndə nəfsinə qalib gəlməyə, cahillikdən uzaq olmağa səsləyir. O, əsərin “Zalım padşahların əzabının bəyanı” adlı hissəsində bu cür keyfiyyətlərindən məhrum olan hökmdarlara üz tutaraq belə deyir:

Padişahlar gər ədalət etməsə,
Tanrı, peyğəmbər əmrini tutmasa,
Padşaha ol ziyan eylər, ziyan,
Hər iki aləmdə ona olar yaman.
Padişahlar, qazılar cahil ola,
Hökm edəndə nəfsinə mail ola.
Üzünə qara salıb məhşər günü
Kör edərlər oların gözlərini
Həm dəxi kəsərlər olar dillərin,
Bağlayarlar arxasında əllərin.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor