Ermənistanda siyasi çevriliş ola bilər Siyasət

Ermənistanda siyasi çevriliş ola bilər

Nail Cəlil: “Kənar təsirlərin güclənəcəyi təqdirdə bu, istisna deyil”

“Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı davam edən etirazlar Brüssel görüşündən sonra aktuallaşan sülh sazişi gündəmini ləngitməyə, dayandırmağa hesablanıb. Doğrudur, Azərbaycana münasibətdə indiki baş nazirin mövqeyini, davranışlarını çox da adekvat hesab etmək mümkün deyil. Bununla yanaşı, 44 günlük müharibədən sonra Paşinyanın Azərbaycanın ədalətli gücü qarşısında az-çox konstruktiv mövqe nümayiş etdirdiyi sezilir”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə özəl açıqlamasında son günlər Ermənistanda yaşanan siyasi etirazları şərh edən politoloq Nail Cəlil səsləndirib. O qeyd edib ki, erməni müxalifətinin Paşinyanın istefası tələbiylə Yerevanın Fransa meydanından başlatdığı müqavimət hərəkatının yerli hökuməti dəyişmək imkanları yetərincə məhduddur: “Əksəriyyət revanşistlərin hakimiyyət və yeni müharibə planlarını dəstəkləmir. Etiraz nümayişlərində iştirak edən insanların sayı da məhduddur, iştirakçılıq kütləvilik həddinə çata bilməyib”.

Politoloqun sözlərinə görə, Ermənistan daxilindəki siyasi böhranın hansı istiqamətə yönələcəyi, eyni bu ölkənin gələcəyi ilə bağlı bir sıra suallar hələ də açıq qalır: “Ermənistan parlamentinin müxalifətdən olan sədr müavini Saqatelyan, onu dəstəkləyən, Köçəryan, Sarkisyan və digərləri müqavimət hərəkatı adı ilə hakimiyyəti dəyişməyə, sülh prosesini qeyri-müəyyən zamana təxirə salmağa çalışırlar. Onlar iddia edirlər ki, artıq Paşinyanın erməni xalqının milli iradəsini təmsil etmir, etirazların yeni mərhələsinin kütləvi itaətsizlik və hakimiyyətin ələ keçirilməsi olacaq”.

Nail Cəlilin fikrincə, revanşist müxalif cəbhə Paşinyanla onun öz taktikasına uyğun davranmağa çalışır, 2018-ci ildə reallaşan ssenarini əks istiqamətdə gerçəkləşdirməyə çalışır: “Söhbət vaxtilə Ermənistan iqtidarını iflic vəziyyətinə salan və Paşinyanın hakimiyyətə gedən yolunu açan küçə etirazlardan gedir. Hər şey sanki forma və məzmunca təkrar olunur. Yeganə ciddi fərq ölkədə siyasi rəğbətin müxalifətə qarşı olmasıdır. Çünki revanşistlərin tələbləri ilk növbədə, Ermənistanın milli maraqlarına təhdidlər yaradır. Digər tərəfdən, dəyişiklik üçün bütün parametrlər üzrə o zamankı siyasi şərait, ruhi-psixoloji ovqat, ideoloji zəmin mövcud deyil. Ermənistan ətrafındakı geosiyasi çıxılmazlıq müxalifətin isterik tələblərinin reallaşmasını qeyri-mümkün edir. Həlledici amil 44 günlük müharibədə Azərbaycanın parlaq zəfəridir, Türkiyə - Azərbaycan tərəfdaşlığının, Rusiya ilə konstruktiv münasibətlərin formalaşdırdığı yeni reallıqlardır”. Bu mənada, Ermənistanın birinci prezidenti, münaqişənin başladığı gündən bu yana prosesin, danışıqların bütün təfərruatlarına bələd olan L. Ter-Petrosyan hazırkı şəraitdə müxalifətin istefa tələbiylə başlatdığı etirazların Ermənistanın vəziyyətini daha da ağırlaşdıra biləcəyini bildirib. O, erməni dövlətçiliyinin tamamən təhlükə altına düşməsi ehtimalıyla bağlı açıq xəbərdarlıq etməyi də unutmayıb. “Erməni xalqı üçün, bütün bunları unudaraq, Ermənistan üçün təcrid və fəlakətin başqa bir yol təklif etməyən bu korrupsioner siyasət dəllalarının təhriklərinə uyması könüllü intihar deməkdir. Rəsmi Bakının Cənubi Qafqazın müstəqilliyinin daha da möhkəmləndirilməsi, münaqişə üzərindən müstəmləkə həvəslilərinin regiona müdaxiləsinə imkan verməmək, Avropanın Rusiyadan qaz asılılığının azaldılmasına töhfə vermək, ticarət yolları və dəhlizlərin canlandırılması istiqamətində uğurlu siyasəti revanşistlərin bu xülyalarını heçə endirir” - deyə, Nail Cəlil bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın sülh təkliflərini qəbul etdiyini bəyan etsə də, daxili təzyiqlər altında tərəddütlü siyasət çizgisi izləyən Paşinyanın bu reallıqları anladığı bəllidir: “Əslində, Ermənistanın düşdüyü dalan vəziyyəti heç onun maraqlarınan cavab vermir. Nəzərə almaq gərəkdir ki, məğlubiyyət dönəmi -10 Noyabr bəyanatının imzalandığı günlər Paşinyan üçün daha çətin və ağır günlər idi: “Buna baxmayaraq, o, növbədənkənar seçkilərə getdi və seçkidə qələbəsini təmin etdi. Bu mənada, yeni sülh sazişini imzalayacaq siyasi fiqurun da Paşinyan olması tərəflərin maraqlarına uyğundur. Lakin Rusiya ətrafında yaranan vəziyyət 10 Noyabr bəyanatının imzalandığı dövrün siyasi mənzərəsindən xeyli fərqlənir. Qafqazda meydana çıxarılan Erməni proyektinin Rusiya qədər kollektiv Qərbin də əsəri olduğu bəllidir.

Politoloq Nail Cəlil əlavə edib ki, Azərbaycanla yanaşı, Türkiyə də Ermənistanda baş verənləri, etirazları müşahidə altında saxlayır. Bəlli olan odur ki, Ermənistanın baş naziri Nikol Paşinyana dəstək səviyyəsi azalmayıb. İstənilən halda, kənar təsirlər güclənərsə, Ermənistanda hansısa dövlət çevrilişi ehtimalını istisna etmək mümkün deyil. Belə olduğu halda Ermənistanla münasibətlərin normallaşması prosesi dayana bilər: “Belə vəziyyətdə Nikol Paşinyan, müəyyən taktiki gedişlərlə iqtidarla müxalifət arasında gərginliyi azaltmaq istəyir. Ermənistan XİN-in Türkiyə ilə sərhədin demarkasiyasına dair danışıqları istisna etməsi bununla bağlıdır.Rəsmi İrəvan həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddialarından əl çəkməyə, Ağrıdağı unutmağa məcburdur. İstənilən halda Nikol Paşinyana məsələni konstruktiv məcrada həll etmək üçün şans verilməlidir. Bundan ötrü Ermənistanda emosional-siyasi gərginliyin azalması, zəiflədilməsi mühüm şərtdir”.

Cavid