1993-cü ildə ölkəni vətəndaş müharibəsinə sürükləyənlərin əməlləri illər keçsə də, unudulmamalıdır - TƏHLİL Siyasət

1993-cü ildə ölkəni vətəndaş müharibəsinə sürükləyənlərin əməlləri illər keçsə də, unudulmamalıdır - TƏHLİL

Azərbaycanda 1989-1993-cü illərdə baş verən hadisələrin obyektiv təhlili son 29 il ərzində ölkədə, regionda və bütövlükdə Avrasiya məkanında cərəyan edən proseslərin, xalqımızın, dövlətimizin keçdiyi yolun, əldə olunan nəticələrin dəyərləndirilməsi baxımından mühüm önəm kəsb edir.

Məhz bu baxımdan, bölgədə erməni separatizmini stimullaşdıran Qarabağın zorla Azərbaycandan qopardılmasına çalışan mərkəzi hakimiyyətin cinayətkar əməllərinə qarşı etirazını bildirən vətənpərvər azərbaycalılarla, yüzminlərlə insanın Vətən sevgisindən sui-istifadə edərək, öz korporativ maraqlarını təmin etməyə, kütləvi etirazların dalğasında layiq olmadığı mərtəbəyə yüksəlməyə cəhd göstərən təcrübəsiz, məsuliyyətsiz, analitik təfəkkürdən uzaq, xəyallarını gerçəklik kimi qəbul edənləri fərqləndirməyin tərəfdarıyam.

Yüzminlərlə azərbaycanlının vətənpərvərlik hisslərini istismar edərək, daşıya bilməyəcəkləri yükün altına girən, Azərbaycanın bütövlüyünü, bir dövlət kimi mövcudluğunu təhlükə altında qoyan, daşıdığı, yaxud sahibləndiyi vəzifənin məsuliyyətini dərk etməyən, yanlış, başıpozuq davranışlarıyla cəmiyyəti xaosa, ölkəni vətəndaş müharibəsinə sürükləyənlərin əməlləri illər keçsə də, unudulmamalıdır. Çünki qısa bir zaman kəsiyində buraxılan səhvlərin ağır nəticələrinin aradan qaldırılmasına, təxminən 27 illik bir zaman kəsiyi, əmək, maliyyə resursları sərf olunub. Ola bilsin ki, kimlərsə hələ də məsuliyyətsizliyin, xaraktersizliyin, prinsipsizliyin nə qədər təhlükəli bir tendensiya olduğunu anlaya bilmir. Amma Azərbaycan xalqının mütləq əksəriyyəti tarixi həqiqətləri qiymətləndirməyi, tarixin dərslərindən nəticə çıxarmağı, seçim etməyi,kifayət qədər yaxşı bacarır. Bu gün dövlət və xalq olaraq əldə etdiklərimizin, milli birliyimizin, həmrəyliyimizin təməlində də geridə buraxılan zaman kəsiyini doğru dəyərləndirmək, sözə, şüara deyil, əmələ qiymət vermək bacarığımız dayanır.

Mənə görə, 1993-cü ilin yayında baş verənlər 1989-cu ildən etibarən buraxılan saysız-hesabsız səhvlərin, şüarçılığın, korafəhmliyin, təcrübəsizliyin, məsuliyyətsizliyin, nəinki dövlətçilik təfəkküründən, hətta sıradanbir idarəçilik, təşkilatçılıq bacarığından uzaq insanların hakimyyətə sahiblənmək ehtirasının doğurduğu məntiqi sonluq idi. Və əgər bu sonluğun dövlətçiliyimizi süquta aparmasının qarşısını ala biləcək zəka və xarakter sahibi olmasaydı, bu gün nəinki qələbədən, heç Azərbaycanın bir coğrafi ərazi olaraq bütövlüyündən və təbii ki, müstəqilliyyindən söz aça bilməyəcəkdik. Xalqımızın yüzillik arzuları, müsəlman Şərqində ilk demokratik respublika quran babalarımızın mənəvi mirası paramparça olmuş Azərbaycanın xarabalıqlarında dəfn ediləcəkdi...

Adını nə qoyursansa qoy, hansı emosional notlarla bəzəyirsənsə bəzə, min cür don geyindir, əgər sənin məsuliyyətsizliyin, iş bacarmamağın, xaraktersizliyin, cəsarətsizliyin ucbatından bircə adam belə ziyan çəkirsə, deməli günahkarsan. Təsəvvür edin, eyni hal dövlətə, xalqa münasibətdə baş verir. Bu baxımdan, 29 il öncə olduğu kimi, bu gün də 1993-cü ildə baş verən hadisələri özünü ölkə miqyasında büruzə verən total məsuliyyətsizliyin, özbaşınalığın məntiqi nəticəsi kimi qiymətləndirirəm. Bu xüsusda dilə gətirilən bütün bəhanələrin isə əlahəzrət fakt qarşısında heç bir işə yaramadığını düşünürəm.

Təsadüfi deyil ki, dünyanın bütün ölkələrinin qanunvericiliyində istənilən vəzifəli şəxsin işə vicdansız, laqeyd münasibəti cinayət məsuliyyəti yaradan hal kimi dəyərləndirilir. Bu qəbildən olan cinayət işlərinin istintaqında bəhanələr, ritorik, bərli-bəzəkli cümlələr deyil, faktlar nəzərə alınır.

Faktlar isə həmin dövrdə yayımlanan nəşrlərdə, videomateriallarda öz əksini tapıb və hər kəs üçün əlçatandır. Vaxtilə ölkənin qanunvericilik orqanını, dövlətin aparıcı institutlarını nəhəng bir “külqabıya” çevirənlərin bir qisminin bu gün zərrə qədər də həya etmədən özləri haqqında çeşidli əfsanələr, nağıllar uydurduqlarını görəndə təəccübümü gizlədə bilmirəm. Kimi aldadırsınız? Tarix faktların məcmusudur, emosional söz kütləsinin yox...

Faktlar isə Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi hakimiyyətinin ən yüksək pilləsinə gəlişi ilə dövlətçiliyimizin məhv olmaqdan qurtulduğunu, real dövlət idarəçiliyi institutlarının formalaşdırıldığını, ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirildiyini və addım-addım həyata keçirildiyini, Azərbaycanın regionun qüdrətli və etimadlı bir dövlətinə çevrildiyini deyir.

1993-cü ildən etibarən həyata keçirilən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun olaraq, yeni mexanizmlərlə zənginləşdirilməsi və qətiyyətlə irəliyə doğru aparılması nəticəsində Azərbaycan nəinki məğlubiyyətdən xilas olub, bütövlükdə bölgənin və daha böyük bir ərazinin gələcəyini müəyyənləşdirən faktora çevrilib. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan xalqı qəhrəmanlığı, cəsarəti, Vətənə olan nəhayətsiz sevgini, Azərbaycan dövləti isə gücü, ədaləti simvolizə edir.

Siyasi ekspert Elçin Mirzəbəyli