Andreas Qross yeni ampluada Siyasət

Andreas Qross yeni ampluada

Bu dəfə Türkiyəyə qarşı


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası Parlament Assambleyası (AŞPA) noyabrın 1-də Türkiyədəki parlament seçkilərinin nəticələrini və seçki kampaniyasındakı atmosferi sərt tənqid edib.
Avropanın siyasi qurumlarının nümayəndələri bəyan ediblər ki, Türkiyədə seçkiqabağı vəziyyət bir çox namizədləri kampaniyanı aparmaq imkanlarından məhrum edib.
AŞPA-nın üzvü Andreas Qross isə daha kəskin çıxış edib. "Təəssüf ki, bütün seçki kampaniyası güc tətbiqi və qorxu atmosferi ilə müşayiət olunurdu. Güc tətbiqi və qorxu isə demokratiya və seçim azadlığının düşmənidir", - deyə Andreas Qross bildirib.
Qərb dövlətlərinin bəzi müşahidəçiləri isə Türkiyədə mətbuata qarşı təzyiqin gücləndiyini iddia ediblər.
Türkiyə hakimiyyətinin isə Avropa təşkilatları nümayəndələrinin ittihamlarına cavabı gecikməyib. Son seçkilərdə təkbaşına hökumət qurmaq üçün xalqdan mandat alan AKP ATƏT və AŞPA nümayəndələrinin zorakılıq və qorxu atmosferinin yaradılması ilə bağlı söylədikləri bütün ittihamları rədd edib. Türkiyə rəsmiləri ATƏT və AŞPA-nın bu cür mövqeyini "ikili standartların növbəti nümunəsi" adlandırıblar.
Azərbaycan da ATƏT və AŞ PA-nın ikili standartları ilə yaxından tanışdır. Doğrudur, son parlament seçkilərindən sonra AŞ PA nümayəndələri Azərbaycanda seçkilərin tam demokratik keçirildiyini bəyan etsələr də, ATƏT DTİHB bir daha qərəzli mövqeyini nümayiş etdirərək, seçkilərə müşahidəçi göndərməkdən imtina etdi.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun qənaətinə görə, ikili standartların əsas səbəbi odur ki, Qərb dairələri müsəlman və türk dünyasına ayrı, xristian dünyasına isə tamam ayrı gözlə baxırlar: "Yəni, eyni qanunların və eyni halların tətbiqi zamanı Azərbaycan və Türkiyəyə qərəzli mövqe, daha çox tələbkarlıq nümayiş olunur. Əgər Azərbaycan və Türkiyədə hər hansı kiçik nöqsan olursa, bunu şişirdib böyütmək adi hal alıb. Biz daim bu cür halları tənqid edirik. Bu, ikili standartların birinci nəticəsidir ki, bu cür ikili standartlar artıq dünyanı yeni dünya müharibəsi ərəfəsinə çıxarıb. Artıq Yaxın və Orta Şərqdə baş verən hadisələr ikili standartlar nəticəsində yaranıb. Bir sıra ölkələrdə rəngli inqilabları təşkil etmək, demokratiya adı altında inqilab ixracı və sairə, ona gətirib çıxarıb ki, artıq bu gün Avropa miqrantların ayaqları altında qalıb. Onları nə qədər dənizdə batırsalar da, nə qədər ayrı-seçkilik salıb geri qaytarsalar da, Avropa qaçqın və miqrant tapdağından xilas ola bilməyəcək. Bu isə ikili standartların ikinci nəticəsidir. Bütün bunlar dünyanın idarə olunması prinsiplərinə uyğun deyil. Ən böyük prinsip pozğunluğu isə ikili standartın mövcudluğudur. Ona görə də Azərbaycan və Türkiyə artıq bu cür hallara adət edib. Həm Azərbaycan, həm də qardaş Türkiyə öz parlamentini seçir, öz xalqlarının maraqlarını güdürlər. Bizim üçün öz maraqlarımız, dövlətimizin və xalqımızın maraqları hər şeydən üstündür. Bütün bunlar isə Qərbi və Avropanı narahat edir. Əgər qardaş Türkiyədə keçirilən seçkilər zamanı polis və hərbiçilər tərəfindən ərazilərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülməsəydi, o zaman terror aktı törədilə bilərdi. Terror aktı törədilən zaman isə insanlar həlak ola və ya qorxuya düşə bilərdi. İnandırım ki, əgər Türkiyədə seçki günü partlayış baş versəydi və hər hansı insan xəsarət alsaydı, həmin ATƏT və AŞPA yenə də Türkiyəyə qarşı bəyanatlar yayıb deyəcəkdi ki, Türkiyə hökuməti seçki günü öz vətəndaşlarına qarşı laqeydlik nümayiş etdirdi, onların təhlükəsizliyini təmin etmədi və sairə. İkili standartlar da məhz bu deməkdir. Almanların məşhur bir deyimi var: "Kim nə deyirsə desin, eybi yox, sən öz yolunla get". Ona görə Azərbaycan və Türkiyə xalqları dövlətlə birliklərini daha da gücləndirməli və ölkənin daxilindəki sabitliyi hər zaman qorumalıdırlar".

Deputat Aqil Abbas isə bildirib ki, noyabrın 1-də Azərbaycan kimi, qardaş Türkiyədə də seçkilər tam demokratik və şəffaf təşkil olunub. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə halal qələbəsini qazanıb: "Hazırda Türkiyədə yeganə xarizmatik lider Rəcəb Tayyib Ərdoğandır. İndi Türkiyədə Ərdoğanın qarşısında dayanan digər bir lider yoxdur. Bütün bunlara görə də AKP seçkilərdə qalib gəlib. Çox təəssüf ki, mənim hər zaman tərəfini saxladığım və dəstəklədiyim Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkiləri uduzub. Dövlət Baxçalı bundan sonra MHP-yə sədrlik etməsə daha yaxşı olar. Çünki onun rəhbərlik etdiyi partiya seçkiləri çox pis şəkildə uduzub. Amma AKP artıq 12-ci ildir ki, Türkiyədə iqtidardadır və bu illər ərzində Türkiyə çox inkişaf edib. Təbii ki, Türkiyə xalqı da öz ölkəsinin inkişafını görür və bunun başında dayanan insana - Rəcəb Tayyib Ərdoğana və onun partiyasına dəstək verir. Bu baxımdan da AKP-nin tam qələbə qazanması və seçkilərin demokratik təşkil olunması gözlənilən idi".
Aqil Abbas ATƏT və AŞPA-nın Türkiyədə keçirilən seçkilərlə bağlı mövqeyini də sərt tənqid edib: "Bu təşkilatların nə deməsinin Türkiyəyə heç bir təsiri ola bilməz. Çünki həmin təşkilatların mövqeyi tamamilə qərəzli və cəfəngiyatdır. Türkiyə müstəqil və nüfuzlu dövlətdir. Ona görə də xarici təşkilatların Türkiyənin daxili işlərinə qarsımağa heç bir ixtiyarları yoxdur".