“Bu, Azərbaycanın dəvət olunduğu ilk sammit deyil” Siyasət

“Bu, Azərbaycanın dəvət olunduğu ilk sammit deyil”

Sahib Alıyev: "Ölkəmiz 2012-ci ildə Meksikada keçirilən sammitə də dəvətli idi"

"Əlbəttə ki, G-20 sammitində iştirak bizim üçün çox uğurlu haldır. Ölkəmizin ora dəvəti Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərini bir daha hər kəsə bəyan etdi, əlaqələrin hansı səviyyədə olduğu növbəti dəfə hər kəsin diqqətinə çatdırıldı. Bu məqam həm də Azərbaycanın nüfuzundan, iqtisadi potensialından xəbər verir. G-20 ölkələri Azərbaycanın regionda oynadığı roldan xəbərdardırlar".
Bunu millət vəkili, siyasi şərhçi Sahib Alıyev Türkiyənin Antalya şəhərində baş tutan G-20 sammiti və ölkəmizin oradakı iştirakı haqda fikirlərini bölüşərkən deyib. O, bildirdib ki, G-20 dedikdə dünyanın 20 ən güclü iqtisadi potensiala malik dövlətləri nəzərdə tutulur. Azərbaycanın onlarla eyni tədbirdə iştirakı və öz fikirlərini bölüşməsi ölkəmiz adına yalnız müsbət məqamlar vəd edir: "Elə dövlətlər var ki, öz iqtisadi potensialı ilə G-20-də təmsil olunanlardan daha güclüdür, amma orada yer almayıblar. Azərbaycanın ora dəvət olunması bizim üçün bir fürsət idi. Çox adam bu məqamı ölkəmiz ilə Türkiyə arasındakı isti münasibətlərlə əlaqələndirir. Səbəb yalnız bu deyil. Azərbaycan regionda mühüm dövlətdir və konkret söz sahibidir. Həmçinin ölkəmiz dünya dövlətləri üçün də mühüm tərəfdaşdır. Bilirsiniz ki, G-20 sammiti ilk dəfə 2008-ci ildə, həmin vaxtlarda müşahidə olunan qlobal iqtisadi böhrandan sonra Amerikada keçirildi. ABŞ başda olmaqla "Böyük səkkizlik"də yer alan ölkələr anladı ki, qlobal böhrandan çıxış yollarını təkcə bu dövlətlər müstəvisində həll etmək mümkün deyil. İndi isə tamamilə başqa bir mənzərə yaranıb. Hazırda G-20-nin gündəliyi sadəcə, iqtisadi-maliyyə məsələləri ilə bağlı deyil. Hətta belə mövzular artıq ikinci plana keçib. Buna səbəb yalnız Parisdə baş verən terror hadisəsi deyil. Son zamanlar Yaxın Şərqdəki proseslər elə idarəolunmaz həddə gedib çıxıb ki, bu məsələlər qlobal problem kimi müzakirə olunur. Avropanın özü get-gedə "Yaxın Şərqləşməyə" başlayıb. "Ərəb baharı"nı o adla təşkil etmişdilər ki, guya yaxın Şərq Avropalaşacaqdı. Amma əks prosesi görürük".
S.Alıyevin fikrincə, Azərbaycanın təhlükəsizlik və terror məsələlərinin müzakirə olunduğu tədbirə qatılması və orada belə hallardan əziyyət çəkdiyini hamının diqqətinə çatdırması bizim üçün uğurlu məqamdır: "Türkiyə oraya özünə yaxın olan başqa bir dövləti də dəvət edə bilərdi. Amma məsələ ondadır ki, dəvət olunan dövlətin öz nüfuzu və müzakirə olunan məsələlərdə iştirak potensialı olmalıdır. Heç kim inkar edə bilməz ki, Azərbaycan regionun lider dövlətidir, bölgədə konkret söz sahibidir. Xatırladım ki, bu, Azərbaycanın dəvət olunduğu ilk sammit deyil. Ölkəmiz 2012-ci ildə Meksikada keçirilən sammitə də dəvətli idi. Düzdür, o zaman Azərbaycan Prezidenti həmin tədbirə qatıla bilmədi, ölkəmiz orada xarici işlər naziri səviyyəsində təmsil olundu. Amma bu dəfə Türkiyənin bizə yaxın dost, qardaş ölkə olduğunu, həmçinin dünyada gedən siyasi prosesləri nəzərə aldıq. Prezident orada çox maraqlı çıxışı ilə yadda qaldı. Bundan əlavə, ikitərəfli görüşlər keçirildi. Erməni terroru məsələsi də qabardıldı. Terrorçunun dini, milləti olmur. Yəni bu mövzuda din faktorunun qabardılması düzgün deyil. "İslam terroru" adlandırdıqları xoşagəlməz hadisələrdən əvvəl dünya erməni terroruna şahidlik edib. Əgər beynəlxalq ictimaiyyət erməni terroruna dözümlü yanaşırsa, bu o deməkdir ki, terror üçün münbit şərait yaranıb. Belə hal yolverilməzdir".