Ərdoğanın Bakı səfəri Siyasət

Ərdoğanın Bakı səfəri

Qabil Hüseynli: "Ərdoğanın bu səfərlə Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirir"
Elxan Şahinoğlu: "Yəqin ki, Ərdoğan-Fətulla siyasi mübarizəsinin Azərbaycana təsiri də gündəmdə olacaq"
Zərdüşt Əlizadə: "Ərdoğanın səfərində bir çox məsələlər müzakirə olunacaq, o cümlədən də nurçuluq məsələsi"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin bu gün Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Türkiyənin "İhlas" agentliyi xəbər yayıb. Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Səfər zamanı Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari, energetik tərəfdaşlığın səviyyəsi və bu sahədə əlaqələri dinamik şəkildə inkişaf etdirmək barədə fikir mübadiləsinin olacağf bildirilir. İki ölkə arasında təhlükəsizlik sahəsi üzrə məsələlər və informasiya mübadiləsi də böyük ehtimalla gündəmdə olacaq. O xüsusda Azərbaycanın və Türkiyənin daxili sabitliyinə təhlükə yaradan mövzuların (Suriya, İran və s.) diqqət mərkəzinə gətiriləcəyi istisna deyil.
Təbii ki, Bakı səfərini Ukrayna böhranı və Krımın Rusiya tərəfindən işğalı ilə beynəlxalq hüquq sisteminin böhrana girməsinin regionda və dünyada doğurduğu yeni situasiya, o sırada Qarabağ məsələsinə, Rusiyaya münasibət, həmçinin Krım tatarlarının probleminə yanaşma da zəruri edə bilərdi.
Yəqin ki, iki strateji müttəfiq ölkə kimi Azərbaycanla Türkiyənin ali şəxsləri bu cür məsələlərlə bağlı "saat əqrəblərini" bir daha tutuşduracaq, ortaq mövqe formalaşdıracaqlar. Yeni situasiyada erməni təbliğatına qarşı mübarizəyə korrektələrin edilməsi, sərhəd mövzusu da diqqətdən yayınmayacaq.
Yeri gəlmişkən, bu günlərdə mətbuat belə bir məlumat yaymışdı ki, tezliklə iki qardaş ölkə arasında ilk dəfə olaraq qarşılıqlı hərbi köməyi də nəzərdə tutan geniş miqyaslı hərbi əməkdaşlıq sazişi imzalanacaq. Saytın iddiasına görə, əvvəllər NATO nizamnaməsi buna imkan verməsə də, Rusiyanın Krımı ilhaq eləməsindən sonra artıq Qərb Ankaraya "yaşıl işıq" yandırıb. Məqsəd Türkiyənin vasitəsilə Qərbin həyati maraqlarının mövcud olduğu Azərbaycanı Rusiya təhlükəsindən qismən sığortalamaqdır. Böyük ehtimalla, bu məsələ və onun detalları da diqqət mərkəzinə gətiriləcək.
Məlumata görə, Bakı səfəri çərçivəsində Ərdoğanın öz siyasi hədəfləri ilə bağlı xüsusi xahişlərin ediləcəyi də mümkün görünür. O cümlədən bu ilin avqustunda Türkiyədə keçiriləcək ilk birbaşa prezident seçkiləri ilə əlaqədar baş nazir rəsmi Bakıdan siyasi dəstək istəyə bilər. Sabahkı səfərin Türkiyədəki son seçkilərdən dərhal sonraya təsadüf eləməsi həm də bu xüsusda xeyli məntiqli görünür.
Türkiyədəki mənbələrdən daxil olan informasiyalara əsasən Ərdoğan Bakıya tək gəlməyəcək. Onunla yanaşı Bakıya Türkiyənin baş prokroru Hesen Erbilin də gələcəyi deyilir. Xatırladaq ki, Ərdoğan martın 30-da Türkiyədə seçkilər axşamı etdiyi çıxışında Türkiyə Cumhuriyyət Prokurorluğuna müraciət edəcəyini və ölkədən qaçmaq istəyən nurçuların barəsində tədbirlər görülməsini istəyib. Türkiyədəki xüsusi kəşfiyyat orqanları təkcə öz ölkələrində deyil, həmçinin də bir sıra dövlətlərdəki nurçularla bağlı olaraq tədbirlər görmək üçün böyük bir dosye hazırlayıb. Türkiyə kəşfiyyatının hazırladığı dosyedə həmçinin Azərbaycandakı nurçularla bağlı da isimlərin olduğu bildirilir.
Politoloq Qabil Hüseynli "son seçkilərdə gördük ki Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval ruhiyyəsinə təsir etmək gücündədir",- deyə bildirib. O, Ərdoğanın bu səfərlə Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirdiyini bildirib: "Ümumiyyətlə, Ərdoğandan əvvəlki prezident və baş nazirlər hər zaman birinci səfəri Azərbaycana ediblər. Ərdoğan Azərbaycanın daşıdığı strateji əhəmiyyəti başa düşüb. Həm də son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir. Xüsusən də Azərbaycan siyasi rəhbərliyinə bəslədiyi münasibət bəzən həlledici ola bilər. Mən düşünürəm ki, Ərdoğan bu səfəri etməklə həm jest edir, həm də Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirir". Politoloq səfər zamanı Baş nazirin siyasi karyerasında dəyişiklik etmək istədiyini qeyd edib: "Ərdoğan siyasi karyerasında dəyişiklik etmək istəyir. Ölkə prezidentliyinə namizədliyini vermək niyyətindədir. Bayaq dediyim kimi, Türkiyədəki seçkilərdəki əhval-ruhiyyəyə Azərbaycanın təsir etmək imkanını Ərdoğan hər zaman anlayıb. Ən azı, orada 2 milyon azərbaycanlı var və bir sıra partiyalarla Azərbaycanın yaxşı əlaqələri mövcuddur. Bu səfər proqramına həm Azərbaycan rəhbərliyinin əhval-ruhiyyəsini proqnozlaşdırmaq, həm də onların xeyir-duasını almaq kimi məsələlər daxildir". Qabil Hüseynli iki ölkə arasında müzakirə ediləcək məsələnin çox olacağını söyləyib: "Düzdür, nurçularla bağlı hansısa siyasi, diplomatik formada məsələlərə eyham vurula bilər. Amma gündəlik müzakirələrə çevrilə bilməz. Çünki bu, artıq daxili işlərə qarışmaq kimi görünərdi. Hər şey diplomatik etika çərçivəsində olmalıdır. Amma iki ölkə arasında kifayət qədər müzakirə ediləcək ciddi problemlər var. Problemlər içərisində yaxınlaşan erməni məsələsinin 100 illiyi ərəfəsində iki ölkənin koordinasiya edilmiş hərəkəti müzakirə oluna, İzmir yaxınlığındakı neftayırma zavodunun məsələsi müzakirəyə qoyula bilər. "Petkim" deyilən iri neft sənayesi kompleksinin bütün səhmlərinin hamısının Azərbaycana satılması məsələsi də müzakirə mövzusuları sırasındadır". O, nurçularla bağlı məsələyə də toxunula biləcəyini deyib: "Ola bilsin, nurçular məsələsinə də toxunulsun. Çünki Azərbaycan siyasi hakimiyyəti bununla bağlı kifayət qədər diqqətli addımlar atıb. Onların bütün şəbəkələrinin hamısı dövlət nəzarətinə alınıb. Bundan artıq nəsə etmək mümkün deyil. Doğrudur, mətbuat bəzi adamlar haqqında ifşaedici məlumatlar yayır, amma hər halda məsələ cəmi 90% qapanmış hesab edilə bilər".
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın Bakı səfərini şərh edərkən deyib ki, bələdiyyə seçkilərindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfər etməsi gözlənilən idi. O bildirib ki, Azərbaycan Türkiyənin əsas strateji müttəfiqlərindən biri olduğu üçün iki ölkə arasında hərbi-siyasi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq. Politoloqun sözlərinə görə, Krımın Rusiya tərəfindən işğal olunması məsələsi də gündəmdə ola bilər: "Bunlarla yanaşı ən önəmlisi, Azərbaycan-Türkiyə birliyinin Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsiri mövzusu da müzakirəyə çıxarıla bilər. Həm də yəqin ki, Ərdoğan-Fətulla siyasi mübarizəsinin Azərbaycana təsiri də gündəmdə olacaq. Çünki Ərdoğan dəfələrlə qeyd edib ki, Gülən hərəkatı Azərbaycanda çirkli qara planlar həyata keçirmək istəyir".
Ekspert Suriyada gedən vətəndaş müharibəsinin müzakirəsinin diqqətdə saxlanacağı qənaətindədir: "Türkiyə hökuməti Bəşər Əsədə müxalif olan qüvvələri dəstəkləyir. Azərbaycan isə kiçik dövlət olduğundan proseslərə qarışmır və kənarda dayanıb. Amma Suriyada baş verənlər bizi də çox narahat edir. Çünki Azərbaycan vətəndaşlarının bir hissəsi Suriyada Əsədə qarşı döyüşür. Bu insanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriyaya yollanır. Suriya ilə bağlı geniş fikir mübadiləsi olmasa da, Azərbaycan tərəfi vətəndaşları ilə bağlı yaranmış təhlükəni gündəmə gətirə bilər".
Politoloq Zərdüşt Əlizadə deyib ki, Ərdoğanın səfərində bir çox məsələlər müzakirə olunacaq, o cümlədən də nurçuluq məsələsi. Lakin politoloq hesab edir ki, buna o qədər də əhəmiyyət verilməyəcək: "Hurçuluqla bağlı Azərbaycandakı kadr dəyişikliyi ölkənin daxili məsələsidir. Bu, Türkiyə ilə dolayısı yolla bağlıdır. Nurçuların da əsas istehkamı Türkiyədir, Azərbaycan deyil. Ərdoğan bu məsələni həll etmək istəyirsə türk ictimaiyyətində hərəkətə keçəcək. Azərbaycanda isə bu məsələ 3 ya da 5 faiz həll oluna bilər. Lakin güman ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqdan tutmuş enerji məsələləri, bölgədəki və Ukraynadakı vəziyyət müzakirə mövzusu olacaq, həmçinin bunların arasında nurçuluq məsələsi də danışıla bilər".
Zərdüşt Əlizadə qeyd edib ki, səfərdə hərbi məsələlər müzakirə olunsa da, Qarabağ məsələsinin üzərində dayanılmayacaq: "Çünki bu məsələ Türkiyədən az asılıdır. Bu, əsasən İrəvan, Bakı və Moskva üçlüyünə bağlıdır". Politoloq Ərdoğanın Rusiya məsələsinə görə Qərbin Bakıya mesajını gətirdiyi iddialarını doğru hesab etmir: "Qərbin mesajını Ərdoğan çatdırmayacaq. Qərbin özünü dili də var, dilçəyi də. Bakıda səfirlikləri də var, mütəmadi mesaj ötürən kanalları da".

Əli