“Hökumət ölkənin real potensialını dəyərləndirməlidir” Siyasət

“Hökumət ölkənin real potensialını dəyərləndirməlidir”

Qüdrət Həsənquliyev: "Bank sektoruyla bağlı mövcud acınacaqlı durum hətta banklara kredit borcu olmayan insanları da qəzəbləndirib"

"Bu gün İlham Əliyevdən başqa ölkədə iqtidarlı-müxalifətli gözlənilən islahatları həyata keçirə biləcək ikinci bir şəxs görmürəm"


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsinin davamını oxucularımıza təqdim edirik


- Bank sektoruyla bağlı mövcud acınacaqlı durum hətta banklara kredit borcu olmayan insanları da qəzəbləndirib. Bir dəfə bizə Hesabalama Palatasının rəyini vermişdilər ki, xaricdə saxlanılan vəsaitlərin illik gəliri 0,89 faizdir. Onda dedim axı mən demirəm ki, bu pulun hamısını gətirin Azərbaycana, heç olmasa 2-3 milyard gətirib banklara verin ki, onlar da millətə ucuz kredit versin. Hər dəfə mən bu məsələni qaldıranda Elman Rüstəmov deyirdi ki, Azərbaycan iqtisadiyyatı bu həcmdə pulu həzm edə bilməz. Bildirirdim ki, axı bu barədə prezidentin də göstərişi var, 3 milyard gətirilərək bankalara verilsin ki, sahibkarlar ucuz kredit əldə edə bilsinlər. Axı dövlət ona məxsus pulunun bir hissəsini öz banklarında saxlamırsa niyə vətəndaş saxlamalıdır? Yəni ortada bir etibar olmalıdır və bunu da hökumət yaratmalıdır ki, vətəndaş banka tərəddüd etmədən pul yatırtsın. Bilirsiniz, ölkə iqtisadiyyatını bir canlı orqanizmə bənzətsək, bank onun qan – damar sistemidir. Yəni qan o damarlarla normal axmasa bu orqanizm işləməyəcək və getdikcə iflic olacaq. Mərkəzi Bank da ürək funksiyasını həyata keçirməlidir və həmin orqanizmi qanla təmin etməlidir. Ona görə də mən həmişə deyirdim ki, sadəcə bazara dollar buraxmaqla manatın kursunu sabit saxlamaqdan başqa əlindən bir şey gəlməyən Mərkəzi Bank rəhbərliyinin bu yarıtmazlığına son qoyulmalıdır. Məhz belə səriştəsizliyin nəticəsidir ki, hələ iqtisadiyyatımızın pul bolluğunda olduğu dönəmlərdə belə, Azərbaycan sahibkarı iş görmək üçün pul tapmırdı, bank qapılarında növbə gözləyirdi ki, ona 35-40 faizlə kredit versinlər, bu azmış kimi hələ üstündə də "şapka" verməyə məcbur edilirdi. Belə bir yanaşma ilə iqtisadiyyatı doğrudanmı inkişaf etdirmək mümkün olacaqdı? Ona görə də bir daha hökumətə çağırış edirəm ki, ölkənin real potensialını dəyərləndirərək təxirəsalınmaz addımlar atsınlar. Onu da vurğulamağı vacib hesab edirəm ki, bu gün İlham Əliyevdən başqa ölkədə iqtidarlı-müxalifətli gözlənilən islahatları həyata keçirə biləcək ikinci bir şəxs görmürəm. Bunu mən tam səmimiyyətimlə söyləyirəm. Yəni bu gün İlham Əliyevin imkanı var ki, həmin addımları atsın. Təbii, mən görürəm ki, bu istiqamətdə cəhdlər və təşəbbüslər var, amma o yetərli deyil. İlham Əliyev ya bu islahatları dərinləşdirərək ölkəni modern bir ölkəyə çevirməklə adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazacaq, ya da bu dəyişikliklər sadəcə dekorasiya xarakteri daşıyacaqsa və köklü islahatlara gedilməyəcəksə, bu həm bizim Qarabağ kimi ağır problemimizin həllinə imkan verməyəcək, həm də gələcəkdə ciddi sosial narazılıqlara yol açacaq, xarici ölkələrin Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə rəvac verəcək, hətta bundan pis ssenarilər gözləmək olarki, bu barədə nəinki danışmaq, düşünmək belə qorxuludur.

- Elman Rüstəmovun peşəkar bir bankir olmadığı ortada. Amma AXC iqtidarının uğursuz kadrı adlandırdığınız Elman Rüstəmov həm də Şahmat Federasiyasının prezidentidir və bir peşəkar şahmatçı olduğunu məmləkəti mat etməklə ortaya qoymuş oldu...

- Mənim o çıxışımdan sonra bəziləri mətbuatda çıxıb Elman Rüstəmovu bir istedadlı maliyyəçi kimi təqdim etməyə çalışdılar. Amma gəlin razılaşaq ki, istedadlı maliyyəçi ölkə iqtisadiyyatını, bank-maliyyə sistemini gözləyən təhlükələrdən prezidenti vaxtında məlumatlandırmalıydı, hökumətdən də yubanmadan konkret qərarların qəbul olunmasını istəməliydi. Buna nail olamayacğı təqdirdə isə üzüsulu istefa verib getməliydi. Ancaq bunun heç biri edilməyibsə, onunla bağlı vəziyyət göz qabağındadır. Amma çox təəssüf ki, mənim Elman Rüstəmovla bağlı parlamentdə səsləndirdiyim həmin sözüm hətta AXC-nin baş naziri olmuş şəxsi də qıcıqlandırmışdı. Bəli, mən demişdim ki, Elman Rüstəmov AXC iqtidarının ən uğursuz kadrlarından biri idi, amma AXC-nin ən uğursuz kadrı Pənah Hüseyn olub. Bilirsiniz, bir ölkənin baş nazirinə canlı efirdə 9 milyon insanın qarşısında tabeçiliyində olan naziri çıxıb deyirsə ki, tüpürüm sənə, bu adamın da ləyaqəti çatmırsa istefa verib getsin, ya da həmin nazir haqqında dərhal cinayət işi qaldırılmasını təmin etsin, bu adamın xarakteri hər şeyi deyir. Yaxud bir ölkənin ki, baş naziri onu baş nazir təyin edən prezidentə xəbər vermədən müxalifətdə olan başqa partiyanın sədrinə daxili işlər nazirinin otağından zəng edirsə, belə adamların mənim açıqlamalarıma verdiyi reraksiya da elə o cür olmalıydı. 1992-ci ilin dekabrında o dövrdəki Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini təyin olunan adamı - Elman Rüstəmovu əgər Pənah Hüseyn AXC hökumətinin kadrı saymırsa daha deməyə söz qalmır. Bu adamlar ötənlərdə minlərlə fədakar adamların həyatını məhv edərək onları küçələrdə qoydular. Onlar özlərinin qorxaq xarakterlərinə və səriştəsizliklərinə görə xeyli cəsarətli insanları uzun illər aldadaraq onların həyatını cəhənnəmə döndərdilər. İndi bu hakimiyyəti hər gün sağdan-soldan qılınclayan həmin şəxslər vaxtilə onlar dəvət edib gətirmədilərmi? Ölkə bundan da pis gündə idi, amma prezident Elçibəyə demədən Pənah Hüseyn, isa Qəmbər və Əli Kərimli daxili işlər nazirinin otağından Heydər Əliyevə zəng edərək onu Bakıya dəvət etdilər. Elçibəy yana-yana deyirdi ki, Heydər Əliyev götürüb ona zəng edəndə ki, bəs Pənah Hüseyn mənə zəng edib Bakıya dəvət edir, mən də soruşuram ki, bu dəvətdən prezidentin xəbəri varmı, o telefonda bir anlıq duruxur və sonra mənə deyir ki, siz razılıq versəniz, biz Elçibəyə deyərik. Heydər Əliyev Pənaha deyir ki, de görüm bu yalnız sənin fikrindir, yoxsa yanında kimsə var orda? Pənah Hüseyn də qayıdır ki, yox, tək deyiləm, İsa Qəmbərlə Əli Kərimli də yanımdadır. Elçibəy deyirdi ki, bunları eşidəndən sonra qulaqlarım necə uğuldadısa sonradan telefonda Heydər Əliyevin nə danışdığını eşitmədim. Çünki artıq bu cavabdan sonra sanki günün günorta çağı məni ildırım vurmuşdu və mən artıq heç nə eşitmirdim. Elçibəy deyir ki, mən ondan sonra telefonu götürüb Pənaha dedim ki, təcili istefa ver. Elçibəy deyirdi Pənaha dedim ki, İsaya de, o da istefa versin. İsa Qəmbər imtina edəndən sonra Elçibəy deyir ona da götürüb telefonla dedim ki, istefa ver. Əli Kərimliyə gəldikdə isə bilirsiniz ki, hətta AXC-nin şöbə müdirlərinə desə də Elçibəy Əli Kərimliyə Kələkiyə getməsiylə bağlı heç nə deməmişdi. Yəni onun bir satqın olduğuna tam əmin olduğundan ona Bakını tərk etməsiylə bağlı nəsə deyilməsini məsləhət bilməmişdi. Necə ki, Heydər Əliyev bu barədə danışanda Elçibəyin qulaqları batmışdı, eləcə də Elçibəy bütün bunları Kələkidə mənə danışanda mənim qulaqlarım batdı ki, o dövrdə prezidentə qarşı nə qədər ləyaqətsiz bir davranış nümayiş etdirilib. Ona görə də belə qorxaq və satqın insanlardan formalaşdıran hökumət bu cür acınacaqlı bir aqibət yaşamalıydı. Bax buna görə də bəzən biz deyəndə ki, bu qədər çətinliklərə rəğmən insanlarımız etiraz etməyə həvəs göstərmirlər, üstündən 23 il keçməsinə baxmayaraq çox təəssüf ki, o dövrü gözlərinin önünə gətirərək "buna da şükür" deməkdən özlərini saxlaya bilmirlər. İndi də bunlar yenidən hakimiyyət iddiasına düşüblər. O dövrdə rəhmətlik Elçibəy özünün şəxsi nüfuzundan istifadə edərək hakimiyyəti bir il saxlaya bildi, amma indikilər hakimiyyət quşu çiyinlərinə qonsa belə heç bir ay da hakimiyyətdə qala bilməzlər və ölkə param - parça olar.