“İran sahibkarları həmişə böyük maraqla Azərbaycanda sərmayələr yatırıblar” Siyasət

“İran sahibkarları həmişə böyük maraqla Azərbaycanda sərmayələr yatırıblar”

Vahid Əhmədov:" Ola bilər ki, növbəti vaxtlarda maşınqayırma sənayesinin inkişafı üçün də vəsait yatıracaqlar"

Azərbaycan və İran prezidentlərinin verdiyi tapşırığa müvafiq olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətni imzalanıb. Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün zəmin yaradıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə başçısının vaxtında təyin edilmiş səfərini yüksək qiymətləndirib: "Azərbaycan Prezidenti İlham Əliyevdən bir müddət əvvəl Ermənistan prezidenti İrana səfər etmişdi. Faktiki olaraq İlham Əliyevin yüksək səviyyədə qarşılanması, 11 sənədin imzalanması, bir sıra iqtisadi məsələlərin yüksək səviyyədə həll olunması bir daha göstərdi ki, İran tərəfinin Azərbaycana marağı çoxdur və ölkəmiz onlar üçün əhəmiyyətli dövlətlərdən biridir. Xüsusilə İrana qarşı sanksiyaların dayandırılmasından sonra İrana səfər edən ilk rəsmi şəxs İlham Əliyev oldu. Bu baxımdan Astara yolunun çəkilməsi, dəmir yolunun birləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və s. məsələlər bizim üçün böyük əhəmiyyət daşıyır". Parlament üzvü dünya ölkələrinin İrana qarşı sanksiyaları dayandırmasının ölkəmiz üçün əhəmiyyətini də vurğulayıb: "Hazırda dünya dövlətləri tərəfindən İrana qarşı sanksiyalar dayandırılıb və bu ölkə xarici iqtisadi əlaqələrini bərpa edib. Qonşu dövlət olaraq bizim əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Bu gün İran sahibkarlarının iqtisadiyyat nazirinin müavini ilə görüşü, onların bir çox təkliflərlə Azərbaycanda olması olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, cənab prezidentin vaxtında edilən səfəri Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir". V.Əhmədov həmçinin rəqabətli mühit şəraitində qiymətlərin aşağı salınması məsələsinə də aydınlıq gətirib:"İran sahibkarları həmişə böyük maraqla Azərbaycanda işləyiblər və müəyyən sərmayələr yatırıblar, xüsusilə yüngül və yeyinti sənayesində fəaliyyət göstəriblər. Ola bilər ki, növbəti vaxtlarda maşınqayırma sənayesinin inkişafı üçün də vəsait yatıracaqlar. Bu dəqiqə iranlılar tərəfindən investisiya qoyulması üçün Azərbaycan ən stabil dövlətlərdən biridir. Hansı sahəyə maraq göstərmələri isə sahibkarlarla aparılacaq danışıqların nəticəsindən asılı olacaq. Bizi ən çox narahat edən kənd təsərrüfatının inkişaf etdirilməsidir ki, bunun nəticəsində idxaldan asılılıq azaldılsın və ixracyönümlü məhsullar istehsal edilsin. Həmçinin İranın hərbi potensialı da böyükdür". Nəzərə alaq ki, İranda kənd təsərrüfatı məhsulları Azərbaycana nisbətdə xeyli aşağıdır. Belə olan təqdirdə rəqabətli mühit yaranarsa, bu, ölkəmizdə kənd təsərrüfatı məhsullarının qiymətinin enməsinə zəmin yarada bilər. Deputat deyib ki, bu, onların maraq göstərəcəyi sahədən asılı olacaq: "Əgər kənd təsərrüfatı sahəsinə maraq göstərəcəklərsə, Azərbaycanda bu sahədə imkan böyükdür. Müəyyən texnologiyalardan istifadə edərək emal müəssisələri, əkin sahələrini inkişaf etdirmək olar. İnkişaf nə qədər çox olacaqsa, daxili bazarda qiymətlər də bir o qədər aşağı düşəcək".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Prezident İlham Əliyevin İrana səfəri hər iki dövlət üçün əhəmiyyətli və faydalıdır. O qeyd edib ki, dövlət başçısının İrana səfəri son iki il ərzində ikitərəfli görüşlərin məntiqli davamı olaraq, hər iki dövlətin maraqlarını əks etdirən gələcək əməkdaşlığın məqsəd və istiqamətlərinin müəyyən olunması ilə nəticələnib: "Səfər zamanı aparılan danışıqlar, ətraflı müzakirələr, 11 sazişin imzalanması ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bu sazişlər, müasir dövrdəki prosesləri nəzərə alsaq, iki dövlətin əməkdaşlığının intensivləşməsi, yeni iqtisadi imkanların açılması, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini əhatə edir". Millət vəkili bildirib ki, dövlət başçıları arasında aparılan danışıqlar, həmçinin bütün dünyanı narahat edən terrorizmə qarşı birgə mübarizə baxımından da çox əhəmiyyətli olub.
Politoloq Elşad Mirbəşiroğlu isə bildirib ki, son 2 il yarım müddətində Azərbaycan və İran prezidentləri 5 dəfə görüşüblər: "Bu, iki ölkə arasında olan münasibətlərin dinamik inkişaf etdiyindən xəbər verir".
Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında imzalanan sənədlər Azərbaycan-İran münasibətlərində yeni səhifənin açılmasını göstərir: "Ölkə başçısının İrana səfəri zamanı bir çox istiqamətlərdə ciddi müzakirələr aparıldı, müxtəlif sahələri əhatə edən 11 sənəd imzalandı. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın strateji səviyyədə olduğu və münasibətlərin inkişaf etdirilməsinin yaxşı perspektivlərinin olduğu qeyd olundu. Səfər çərçivəsində dünyada gedən proseslər və regional təhlükəsizlik ətrafında fikir mübadiləsi aparıldı".
Politoloq qeyd edib ki, görüş zamanı müzakirə olunan əsas məqamlardan biri iki ölkəni birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsi olub: "Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olduqlarını qeyd etdilər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi İrana qədər olan dəmir yol hissəsini ilin sonunadək yekunlaşdıracaq. Bilirsiniz ki, İrana tətbiq olunan beynəlxalq sanksiyalar götürülüb və qonşu ölkənin məhsullarının dünya bazarına çıxarmaq imkanı yaranıb. Belə olan halda, İran məhsullarının gələcəkdə Avropa bazarına çıxarılmasında Azərbaycanın tranzit imkanlarından istifadə olunması ehtimalları böyüyür".
Səfər zamanı imzalanan sənədlərin ölkələr arasında münasibətlərə müsbət təsir edəcəyini söyləyən. E. Mirbəşiroğlu qeyd edib ki, hər iki xalqı eyni dəyərlərə və keçmiş tarixə malik olması amili, onlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi təsir edə bilər: "İki ölkə arasında dəmiryolu xəttinin çəkilməsi təbii ki, xalqların daha da yaxınlaşmasına, bu ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da intensivləşməsinə kömək edəcək. Bir sözlə bu addım həm Azərbaycan, həm də İran iqtisadiyyatı üçün əhəmiyyətli olacaq".