Faşist zabitinin qızının anti-Azərbaycan fəaliyyəti Siyasət

Faşist zabitinin qızının anti-Azərbaycan fəaliyyəti

Ölkəmizə qarşı Avropa Parlamentində qəbul edilən son qətnamənin müəlliflərindən olan Mariya Kalyurandın atası “SS” briqadasının zabiti olub və iki dəfə “Dəmir xaç” ordeni ilə təltif edilib

Avropa Parlamentinin Azərbaycan əleyhinə son qətnaməsi, yalan, böhtan, qarayaxma xarakterli və aqressiv ritorika ilə zəngin olmaqla yanaşı, həm də sözügedən təsisatda ölkəmizə qarşı sistemli fəaliyyət göstərən bəzi parlamentarilər, onların iş üslubu, bağlı olduqları dairələr haqqında nəticə çıxarmağa imkan verir.

Öncə qeyd edim ki, qətnamə layihəsini müzakirəyə “Yenilənən Avropa” (Avropa Demokrat partiyası və Liberal-demokratların Avropa naminə alyansının birgə qrupu) fraksiyasından19, Avropa mühafizəkarlar və islahatçılar fraksiyasından 12,

Sosial-demokrat fraksiyasından 5, solçulardan və bitərəflərdən 2 nəfərin imzasıyla təqdim olunub. Layihənin müəllifi isə Estoniyadan olan deputat, bu ölkənin İsrail, Rusiya, Qazaxıstan və ABŞ-dakı keçmiş səfiri və nəhayət sözügedən ölkənin sabiq xarici işlər naziri Marina Kalyuranddır. Qızlıq familyası Rayevskaya olan Marina tərcümeyi-halında atasının latış, anasının rus, nənəsinin isə kəraim olduğunu bildirir. Amma nədənsə Rusiya ilə bağlılığını rus anası ilə deyil, türk əsilli kəraim nənəsi (yəhudi inanclı Krım türkləri) ilə əlaqələndirir. Ümumiyyətlə, Marina Kalyurandın siyasi karyerasında və fəaliyyətində sağlam məntiqin çökdüyü məqamların sayı çox olduğu üçün, onun milli mənsubiyyəti ilə bağlı söylədiklərinə diqqət çəkməyəcəyəm. Hərçənd ki, onun vaxtilə prezidentliyə iddialı olması və Estoniyada yaşayan rusların səslərini almaq üçün “Rayevskaya” soyadını xüsusi olaraq qabartması haqqında iddialar da var.

Marina Kalyurand Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”nun ən fəal üzvü, Azərbaycanın qatı düşmənidir. Bunu müxtəlif vasitələrlə gizlətməyə, bəzən azərbaycanlı parlamentarilərlə ünsiyyət qurmağa çalışsa da, bu keçmişinin ağır ideoloji və siyasi “zədə”lərindən xilas ola bilməyən Kalyurandda bir o qədər də alınmayıb. “Rayevskaya” Marinanın anasının soyadıdır. O zaman ortalığa belə bir sual çıxır: Marina Kalyurand ailə həyatı quranadək hansı səbəblərdən atasının yox, anasının soyadını daşıyıb?

Məsələ buradındadır ki, Marinanın atası İmants Uyts (İmant Uits) İkinci Dünya müharibəsində faşist Almaniyasına xidmət edib, “SS” briqadasının (die Waffen-SS) aviasiya hissəsində kiçik zabit rütbəsini daşıyıb. Faşizmə xidmətlərinə görə iki dəfə “Dəmir xaç” ordeni ilə təltif olunan İmants Uyts tərcümeyi-halındakı izləri silmək üçün müharibədən sonra evləndiyi qadının soyadını götürüb. Amma Estoniya SSRİ-dən ayrıldıqdan sonra Almaniyaya qızı Marina ilə birlikdə səfər edən İmants Uyts vaxtilə “SS”-çi dostlarından birində qalan “Dəmir xaç”ı geri alıb (bəzi mənbələrdə onunla birlikdə faşist ordusunda xidmət keçən dostunun hədiyyə etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, özünün dediyinə görə, İmants Sovet dövründə gizlətdiyi “dəmir xaç”ları sonradan tapa bilməyib).

Marina Kalyurandın tərcümeyi-halındakı “qara dəlik”lərin sayı kifayət qədərdir. Onun ABŞ-da səfir olduğu dönəmdə erməni diasporu və lobbisi ilə qurduğu sıx əlaqələr, Con Makkeyn, Frenk Palloni kimi sabiq və hazırda fəaliyyətdə olan ermənipərəst konqresmen və senatorlarla münasibəti, şübhəsiz ki, faşist zabitinin övladının Azərbaycana qarşı amansız bir aqressiya ilə çıxış etməsini əsaslandıran faktorlar kimi dəyərləndirilə bilər. Amma əsas amil Kalyurandın atasından ona qalan ideoloji “miras”la bağlıdır. Marina Kalyurand İkinci dünya müharibəsində faşizmə qarşı vuruşan bütün xalqlara eyni aqressiya ilə yanaşır, Qaragin Njdenin sələfləri istisna olmaqla...

Bu baxımdan, Marinanın Azərbaycana qarşı nifrətinin köklərini, zənimcə, daha çox onun faşizmə xidmət edən xələflərində axtarmaq lazımdır.

Elçin Mirzəbəyli

Əməkdar jurnalist, siyasi şərhçi

Mənbə: https://rus.postimees.ee/3846175/otec-mariny-kalyurand-voyuya-v-ryadah-ss-byl-nagrazhden-dvumya-zheleznymi-krestami