“İnflayasiya olacaq deyə...” Siyasət

“İnflayasiya olacaq deyə...”

Teyyub Qənioğlu:"Elm və təhsil işçilərinə onların fəaliyyətinə müvafiq olmayan səviyyədə əmək haqqının verilməsi bu sahədə inkişafı ləngitməklə yanaşı, ölkə iqtisadiyyatının da inkişafını ləngidir"
Zaman-zaman bu sözləri dinləmişik və yaxud oxumuşuq-"müəllimlərin, həkimlərin əmək haqqı bir neçə dəfə qaldırılsa bu, infilyasiyaya gətirib çıxarar". Çox maraqlıdır ki, bu fikirlərin müəllifləri də əsasən təhsil və səhiyyə sistemində çalışanlardı. Onlar sanki müəllimin və yaxud həkimin hansı səviyyədə həyat yaşadığını, hansı miqdarda məvacib aldığını bilmirlər. Belə bir fikiri son olaraq Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev səsləndirib. Komitə sədri deyib:"Müəllimlərin əmək haqqını çox qaldırmaq inflyasiya yaradar". Şəmsəddin Hacıyevin bu fikirlərinə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Teyyub Qənioğlu partiyanın mətbuat xidmətinə açıqlamasında bu və digər məqamlara da toxunub.
Teyyub bəyin sözlərinə görə, Milli Məclisdə hər dəfə növbəti il üçün büdcə layihəsi müzakirə edilərkən millət vəkillərinin qaldırdıqları məsələlərdən biri də müəllimlərin əmək haqlarının artırılması ilə bağlı olur:"Bəli, son illər respublikamızda orta və ali məktəb müəllimlərinin, Milli Elmlər Akademiyası sistemində çalışan elmi işçilərin əmək haqlarının artırılması istiqamətində müəyyən işlər görülsə də, onları yetərli hesab etmək olmaz. Məsələ ondadır ki, hazırda orta məktəb müəllimlərinin orta aylıq əmək haqqı 200 manat civarındadır və bu, respublika üzrə orta əmək haqqından təqribən 2 dəfə azdır. Ali məktəblərdə çalışan professor müəllim heyətinin orta aylıq əmək haqqı 350-450 manat, Elmlər Akademiyası sistemində çalışan fəlsəfə doktorlarının əmək haqqı isə 250 manat, professorların əmək haqqı 350-400 manat ətrafındadır. Bu səviyyədə əmək haqqı alan elm və təhsil işçilərinin elmin və təhsilin inkişafında maraqlı olacağını düşünmək ən azından sadəlövlük olardı.
Təəssüf doğuran odur ki, Şəmsəddin Hacıyev unudur ki, hər hansı bir insan, işçi fəaliyyətinin son nəticəsində maraqlı olmayanda öz potensialından tam istifadə edə bilməz. Öz potensialından tam, səmərəli istifadə etmələri üçün işçilərə müxtəlif maddi və mənəvi stimullaşdırıcı tədbirlər tətbiq edilməli, ilk növbədə onların əmək haqqları ixtisaslarına, bilik və bacarıqlarına, fəaliyyətlərinin ictimai əhəmiyyətinə uyğun səviyyədə olmalıdır. Ona görə də elm və təhsilin inkişafı üçün ilk növbədə bu sahədə çalışan fədakar insanların əmək haqqı dəfələrlə artırılmalı, sosial müdafiəsi gücləndirilməlidir. Bu məsələ ilə ilk növbədə Milli Məclisin müvafiq komitələri məşğul olmalı, lazımi qanunların qəbuluna çalışmalıdırlar. Ancaq təəssüf ki, nə Milli Məclisin Elm və təhsil komitəsində, nə də Sosial siyasət komitəsində bu məsələlərə nəinki lazımi diqqət yetirilmir, gördüyünüz kimi, hətta əleyhinə çıxırlar.
Konkret olaraq Şəmsəddin Hacıyevin "Müəllimlərin əmək haqqını çox qaldırmaq inflyasiya yaradar" fikrinə gəldikdə isə, Teyyub Qənioğlu bunları bildirdi: "Həqiqətən müəllimlərin əmək haqlarının artırılması (eləcə də digər kateqoriyadan olan işçilərin əmək haqlarının artırılması) tədavül dairəsində olan nəğd pulun həcminin artmasına gətirib çıxarar və müvafiq tədbirlər görülməsə, bu, inflyasiyaya səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya əmtəə və xidmətlərin artım səviyyəsi, əmək haqqının artım səviyyəsindən geri qaldıqda baş verir. Ona görə də, birinci, əmək haqlarının artmasının inflyasiyaya səbəb olmaması üçün ölkədə əmtəə və xidmətlərin həcmi artırılmalı, onların keyfiyyəti yaxşılaşdırılmalıdır. İkinci, elm və təhsil işçilərinin əməyinin ictimai əhəmiyyətini unutmaq olmaz! İnflayasiya olacaq deyə, elm və təhsil işçilərinə onların fəaliyyətinə müvafiq olmayan səviyyədə əmək haqqının verilməsi bu sahədə inkişafı ləngitməklə yanaşı, ölkə iqtisadiyyatının da inkişafını ləngidir, onu on illərlə geri salır. Həm də unutmaq olmaz ki, elm və təhsilin inkişaf etməməsinin ölkə iqtisadiyyatına vurduğu ziyan inflyasiyanın vurduğu ziyandan dəfələrlə çoxdur. Elmin və təhsilin inkişafının ölkənin iqtisadi qüdrətinin artırılmasında oynadığı rolu ABŞ-ın, Yaponiyanın və Almaniyanın timsalında aydın görmək olar. Bu ölkələrdə elmə və təhsilə, bu sahədə çalışan insanlara olan münasibət, xarici ölkələrdən "zəka axını" onların iqtisadi qüdrətinin artmasına imkan və zəmin yaradır. Bizdə bu sahədə aparılan siyasət, "inflyasiya qorxusu" isə əksinə, ölkəmizdən "zəka axınına" səbəb olur və təəssüf ki, bu proses ildən-ilə sürətlənir".
BAXCP yetkilisi bir məsələni də unutmamağı qeyd etdi:"Əmək haqqının olduqca aşağı səviyyədə olması təhsil sistemində neqativ hadisələrin baş verməsinin başlıca səbəbidir və bu da gələcək nəslin tərbiyəsinə, mənəviyyatına, dünyagörüşünə ziyan vurur. Hətta deyərdim ki, bu, gənclərin vətənpərvərlik hissini də ciddi zədələyir".
"Sizcə əmək haqlarının artırılmasından əlavə hansı tədbirlərin həyata keçirilməsi elm və təhsil sistemində yaxşılığa doğru dəyişikliklərə gətirib çıxara bilər?" sualına cavab olaraq Teyyub Qənioğlu dedi:"Elm və təhsil sahəsində islahatların aparılması daim BAXCP-nin diqqət mərkəzindədir. Elə bu yaxınlarda BAXCP-nin İdarə Heyətində təhsil sahəsində islahatların genişləndirilməsinə dair geniş müzakirələr aparıldı və müvafiq təkliflər irəli sürüldü. Həmin təkliflər isə partiyanın rəsmi saytında (baxcp.az) yerləşdirilib, KİV tərəfindən yayılıb və ictimaiyyətin nəzərinə çatdırılıb. BAXCP bu məqsədlə aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini təklif edib:
1. Xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər dövlət ali məktəblərinin özəlləşdirilməsini;
2. Ali məktəblərin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi məqsədi ilə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsini;
3. Ali məktəblərə qəbul olunması haqqında müvafiq sənəd təqdim edən Azərbaycan vətəndaşlarına müvafiq banklar tərəfindən faizsiz təhsil kreditlərinin verilməsini;
4. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədi ilə ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, "hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet" proqramının həyata keçirilməsini;
5. Bütün səviyyəli dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, professor-müəllim heyətinin, elmi işçilərin və yardımçı heyətin əmək haqqının ən azı 3 dəfə artırılmasını;
6. Gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsini;
7. Ölkəmizdə təhsilin səviyyəsi yüksək standartlara çatdırılana qədər, Təhsil Nazirliyi tərəfindən, müvəqqəti olaraq, bütün təhsil müəssisələrində tədris prosesinin təşkilinin yüksək səviyyəyə çatdırılması üçün müvafiq Proqramın hazırlanmasını, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə onun icrasına nəzarətin təşkil edilməsini.
BAXCP hesab edir ki, qeyd olunan istiqamətlərdə əsaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanda elmin və təhsilin səviyyəsinin yüksəldilməsinə imkan yarada bilər.
Biz BAXCP olaraq hesab edirik ki, bu təkliflərin həyata keçirilməsi Azərbaycanda elmin və təhsilin səviyyəsinin yüksəldilməsinə və onun beynəlxalq səviyyəyə qaldırılmasına imkan verərdi".