“Qərb Aralıq dənizi qan gölünə çevriləndən sonra ayıldı” Siyasət

“Qərb Aralıq dənizi qan gölünə çevriləndən sonra ayıldı”

Liviya səfiri: "Avropa İttifaqı Liviyada radikalizmin mövcudluğunu qəbul etmirdi"

"Bu gün şahidi olduğumuz ekstremizm keçmişdə başlayıb".
Bunu Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi "İnsan hüquqları və gender məsələləri ilə bağlı artan məlumatlılığın qlobal təbliği" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbin regionda müxtəlif maraqları var: "Keçmişi unutmaq olmaz, lakin keçmişdə yaşaya da bilmərik. Əfqanıstanda terrorçuları vaxtilə kim silahlandırırdı, bizim diktatorlara kim silah verirdi? Bunların hamısı faktlardır. Biz əvvəlcə özümüzü günahlandırırdıq. Amma çəkdiyimiz əziyyətin bir hissəsinin günahkarı da sizsiniz. Liviyada vətəndaş müharibəsi gedir və onun gələcəyi barədə proqnoz vermək çətindir".
Səfir qeyd edib ki, hakimiyyət hərisliyi nəticəsində yaranan xaosdan bütün Liviya əhalisi əziyyət çəkir: "Bura regional müdaxilə, Avropa İttifaqı, BMT-nin uğursuzluqları da daxildir. Onlar bizə kömək etmirlər, heç kömək etmək iqtidarında da deyillər. NATO Qəddafini bombaladı, 24 saat sonra isə getdi. Avropa İttifaqı Liviyada radikalizmin mövcudluğunu qəbul etmirdi. Onlar yalnız Aralıq dənizi qan gölünə çevriləndən sonra ayıldılar".
Diplomat qeyd edib ki, BMT kimi təşkilatlar bir çox məsələləri həll edilməmiş saxlayırlar.