Azərbaycan AŞPA-da Qırğızıstana dəstək verdi Siyasət

Azərbaycan AŞPA-da Qırğızıstana dəstək verdi

Bu ölkəyə qurumda xüsusi "Demokratiya naminə Tərəfdaş" statusu verilib
Qənirə Paşayeva: "Bu hadisə əməkdaşlığın müsbət təsirinin gələcəkdə Mərkəzi Asiyaya daha geniş yayılmasına təkan verə bilər"

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında günün ikinci yarısı məruzəçilər Andreas Qros, Pedro Aqramunt və Bernadet Burze-nin birgə hazırladıqları "AŞPA-dan Qırğızıstan Respublikasının Parlamentinin istəyinə əsasən, bu ölkəyə AŞPA yanında demokratiya naminə Tərəfdaş statusunun verilməsi xahişi" adlı hesabatları müzakirə olunaraq qəbul olunub.
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, bununla da AŞPA Qırğızıstana öz daxilində ayrıca status verməklə, bu Orta Asiya ölkəsini Avropaya daha da yaxınlaşdırıb.
Qeyd edək ki, Qırğızıstan Parlamenti AŞPA-da bu statusu almaq üçün Assambleyaya hələ 2011-ci ildə müraciət edib. Bu gün qəbul olunan hesabatda Assambleya Qırğızıstanda siyasi və demokratik institutların ümumi vəziyyəti təsvir olunub və bu ölkənin AŞPA daxilində belə bir statusa malik olması qurumun prosedurlarına tam uyğun olduğu bildirilir.
Müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qırğızıstanı dəstəkləyib. Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təklifi müsbət qiymətləndirərək Qırğızıstanı Avropa ailəsində görməkdən məmnun olduğunu bildirib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva çıxışında Qırğızıstanı dəstəkləyərək regionda indiki gərgin vəziyyət fonunda qurumun bu ölkəyə demokratiya üzrə tərəfdaş statusu verməsinin önəmli olduğunu vurğulayıb.
Qırğızıstana Assambleyada "Demokratiya naminə Tərəfdaş" statusunun verilməsi ilə bağlı müzakirələrdə çıxış edən Qənirə Paşayeva deyib: "Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında Assamleyamıza demokratiya üzrə tərəfdaş statusu üçün müraciət edən ilk ölkədir və onların bu addımı Assamleyamız tərəfindən ciddi şəkildə alqışlanmalı və dəstəklənməlidir. Bu addımı atmaqla Qırğızıstan ən yaxşı Avropa praktikasını və özünün gələcək inkişaf yolunda Avropa Şurası standartlarını seçdiyini göstərib. Qeyd etmək istəyirəm ki, Qırğızıstan xalqı, parlamenti Avropa Şurası dəyərlərinin, insan haqları, demokratiya, söz azadlığı, azad və demokratik seçkilər, qanun aliliyi ilə bağlı dəyərlərin ölkələrində möhkəmlənməsi istiqamətində ciddi addımlar atır və çox önəmli amma asan olmayan bir bölgədə yerlşən Qırğızıstanın bu addımları ciddi dəstəklənməlidir".
Qənirə Paşayevanın sözlərinə görə, müstəqilliyini yenidən qazandıqdan sonra iqtisadi çətinliklərə, bir sıra ciddi daxili siyasi problemlərə baxmayaraq, Qırğızıstan inkişaf edir və öz inkişafında demokratiyanın inkişafını əsas tutur: "Ölüm hökmünün ləğv edilməsi, siyasi institutların inkişafı istiqamətində həyata keçirilən konstitusiya islahatları ilə bərabər azad və ədalətli seçkilərin keçirilməsi, siyasi və ictimai həyatda qadınlarla kişilərə bərabər imkanların tanınması, korrupsiyaya mübarizə sahəsində gördüyü işlər, qeyri-hökumət təşkilatlarının qanunverici və icra orqanlarının fəaliyyətinə cəlb olunması, yerli və lokal demokratiyanın inkişafı kimi bir sıra önəmli islahat və addımlar Qırğızıstanın seçdiyi yolu açıq göstərir və onlar Assambleya tərəfindən demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu istiqamətdə addımların sürətlənməsi üçün önəmli bir dəstək olacaq".
Millət vəkili qeyd edib ki, Assambleya Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunu verməklə Bişkekin, Qırğızıstan parlamentinin, qeyri-hökumət təşkilatlarının demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi, fundamental azadlıqlar, qanun aliliyi ilə bağlı gördükləri işləri, səylərini daha da gücləndirəcək. "Qədim tarixi, gözəl mədəniyyəti olan və Avropa Şurası dəyərlərini bölüşən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi həm də son günlər çox böyük gərginliklər və günlər yaşayan regionda Qırğızıstana veriləcək böyük dəstək olacaq. Assamleyamız tərəfindən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək ki, bunun nəticəsində Qırğızıstanda demokratik instutların daha sürətli inkişafı, bir sıra vacib islahatların sürətlə həyata keçməsinə də təkan verə bilər. Bu əməkdaşlığın genişlənməsi isə təkcə Qırğızıstan deyil, təşkilatımız üçün də önəmlidir. Bu əməkdaşlığın müsbət təsirininin gələcəkdə Mərkəzi Asiyaya daha geniş yayılmasına da təkan verə bilər ki, Avropa Şurası üçün bu çox önəmlidir. Mənim ölkəm Azərbaycanla Qırğızıstan arasında da əməkdaşlıq və əlaqələr daha da inkişaf edir və biz bu əməkdaşlığım genişlənməsinə böyük önəm veririk. Çıxışımın sonunda Qırğızıstan Parlamentindən olan dostlarımızı təbrik edirik və bu status alaraq Avropa ailəmizə xoş gəldiniz demək istəyirəm", deyə Qənirə Paşayeva çıxışını yekunlaşdırıb.