Fransanın "məxməri diskriminasiya" siyasəti Siyasət

Fransanın "məxməri diskriminasiya" siyasəti

Fransada Korsika dilinin qadağan edilməsi ilə bağlı mərkəzi hökumətin adadakı yüksək satuslu nümayəndəsinin iddiasına əsasən çıxarılan məhkəmə qərarı rəsmi Parisin insan hüquq və azadlıqlarına, etnik və dini azlıqların mədəni haqlarına olan gerçək münasibətini əks etdirir.
Sözügedən qadağa Fransanın götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən “Bütün növ diskriminasiyanın ləğvi haqqında” Konvensiyanın, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın, eləcə də BMT Baş Assambleyasının “Milli və ya etnik, din və dil azlıqlarının hüquqları haqqında” və “Yerli xalqların hüquqları haqqında” bəyannamələrinin, Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Sazişinin tələblərinə ziddir.
Qeyd edim ki, Korsika xalqı sözügedən adanın və Fransanın yerli sakinləridir, öz mədəniyyətləri və dilləri var. BMT-nin “Yerli xalqların hüquqları haqqında” Bəyannaməsində qeyd olunur ki, yerli xalqlar bütün digər xalqlarla eyni hüquqlara malikdirlər. Sözügedən sənəddə, “Milli mənşə, irqi, dini, etnik və mədəni fərqliliklərə görə xalqların və ya şəxslərin üstünlüyünə əsaslanan və ya belə üstünlüyü təsdiq edən bütün doktrinaların, siyasət və təcrübələrin irqçi, elmi cəhətdən əsassız, hüquqi cəhətdən etibarsız, mənəvi cəhətdən qınanan və sosial cəhətdən ədalətsiz olduğu” bəyannəməyə qoşulan dövlətlər, o cümlədən Fransa tərəfindən təsdiqlənir.
Bəyannamədən də göründüyü kimi, Fransa məhkəməsinin Korsika dilindən istifadəni məhdudlaşdıran qərarı elmi cəhətdən əsassız, hüquqi cəhətdən etibarsız, mənəvi cəhətdən qınanan və sosial cəhətdən ədalətsizdir. Lakin Fransanın mərkəzi hakimiyyət orqanları nəinki bu əsassız, etibarsız və ədalətsiz qərarın qəbulundan utanc hissi keçirmir, hətta dünyanın müxtəlif ölkələrində “azlıqların hüquqlarının qorunması” adı altında iyrənc və riyakar siyasət yürütməyə davam edirlər.
Korsika dilinin yasaqlanması ilə bağlı Fransa məhkəməsinin qərarında diqqət çəkən məqamlardan biri də ölkə konstitusiyasının 2-ci maddəsinə istinadla bağlıdır. Fransa konstitusiyasının 2-ci maddəsinin birinci bəndində isə deyilir: “Respublikanın dili fransız dilidir” (La langue de la République est le français). Göründüyü kimi Fransa konstitusiyasının iqtibas gətirdiyim maddəsində söhbət, BMT üzvü olan əksər ölkələrin konstisusiyalarında qeyd olunduğu kimi dövlət dilindən yox, bütövlükdə Fransa Respublikasının dilindən gedir. Fransa konstitusiyası, faktiki olaraq, ərazisində yaşayan digər xalqların dillərinin, mədəniyyətlərinin, özünəməxsusluqlarının mövcudluğunu inkar edir və dinskriminasiya siyasətini konstitusiya norması kimi həyata keçirir.
Nümunə üçün qeyd edirəm: Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin I bəndində qeyd olunur ki, “ Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Konstitusiyamızın 21-ci maddəsinin II bəndində isə bildirilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Bu o deməkdir ki, Azərbaycan dövləti nəinki ölkə əhalisinin danışdığı dillərdən sərbəst istifadəyə imkan yaradır, hətta bu dillərin inkişafını təmin edir. Fərq göz qabağındadır və konstitusiya ilə başqa xalqların diskriminasiyasına hüquqi don geyindirməyə çalışan Fransanın Azərbaycanda yaşayan erməni azlığının “hüquqları” ilə bağlı ağlasığmaz iddialarla çıxış etməsi isə, simasızlığın ən son həddi hesab oluna bilər.
Xatırladım ki, Fransanın sonuncu konstitusiyası 1958, “Bütün növ diskriminasiyanın ləğvi haqqında” Konvensiya 1965, , “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt 1966, “Milli və ya etnik, din və dil azlıqlarının hüquqları haqqında” Bəyannamə 1992, “Yerli xalqların hüquqları haqqında” bəyannamə 2007, Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Sazişi isə 1995-ci ildə qəbul olunub. Mahiyyət etibarilə Fransa yuxarıda adları qeyd olunan bəyannamə, pakt və sazişlərə qoşulduqdan sonra öz qanunvericiliyini sözügedən sənədlərin tələblərinə uyğunlaşdırmalıydı, amma məlum olduğu kimi rəsmi Paris isə burnunu ona aid olmayan bütün məsələlərə soxmağa imkan tapdığı halda, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb.

Elçin Mirzəbəyli