Sərin apreldə qızmar dekada Siyasət

Sərin apreldə qızmar dekada

Artıq bir neçə gündür ki, tərəflər arasında döyüş əməliyyatlarının dayandırılması barədə razılığa baxmayaraq, hələ də düşmən tərəfi informasiya hücumlarını dayandırmır. Erməni, eləcə də ermənipərəst mətbuatda bu dörd gün ərzində baş verənlərin müxtəlif aspektlərdən "təhlil" edilməsinə nail olmaq və bunun sayəsində şişirdilmiş faktların arxasında uğursuzluqlarını ört-basdır etmək üçün qarşı tərəf dəridən-qabıqdan çıxır. Real baş verənləri, hətta xəyal etdikləri hadisələri belə ermənilər ağlasığmaz dərəcədə şişirtməklə məşğuldurlar. Tarix boyu proseslərin, hadisələrin təsvirində "ağ etmək", slavyanlar demişkən "pereqibat palku" məsələləri çox olub. Amma ermənilərin "ağ etməsi"nin tayı bərabəri yoxdur. Onlar əyrilərlə kifayətlənməyiblər, o qədər əyiblər ki, halqalar düzəldiblər. Bu dəfə də eyni ssenaridir. Lakin hansı tərəfdən baxsaq erməni tərəfinin bu növ çabalamaları anlaşılandır. Çünki atəşkəs elan ediləndən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə layiq olduqları cavabı aldılar. Onlar bir daha özlərinin mənəvi, döyüş ruhu, fiziki, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq, hətta demək olar ki, siyasi baxımdan belə bu prosesdə gerilədiklərini, uduzduqlarını, məğlub olduqlarını anladılar. Çünki nə etsən də, düz həmişə əyri xətləri kəsib keçir.
Azərbaycan tərəfinin erməni təxribatlarının nəticəsi olaraq cavab zərbələri endirməyə başladığı günün sabahı, yəni döyüşlərin ikinci günü, bütün dünya dövlətlərinə ermənilərin yalvarışları dediklərimizə ən əsas sübutdur. Ermənistan bir daha qoyun dərisi geyinmiş canavar olduğunu, ancaq xainliklə, ikiüzlülüklə mübarizə apara bildiyini tam çılpaqlığı ilə bir daha göstərdi. Döyüş meydanında çaqqal taktikası ilə hərəkət edən ermənilərin, informasiya mübarizəsində əl atdıqları çirkin əməlləri müqayisədə toya getməlidir desək lap yerinə düşər. Sadəcə olaraq təkcə döyüş meydanında qalan hərbi qulluqçuların meyitlərindən və ailə üzvlərini itirmiş insanların faciəsindən də şou düzəldərək çirkin niyyətlərinə alət etmələrini deməklə erməni xislətinin sərhədsizliyini asan sübut etmək mümkündür.
Başqa nüansları, yəni televiziyada, sosial şəbəkələrdə, mətbuatda, qəzetlərdə və internet saytlarında düzüb qoşduqları qurama, saxta süjetləri sadalamağa belə ehtiyac yoxdur. Son günlərdə ermənilərin apardığı müzakirələri izlərkən diqqət çəkən bir neçə məqamı sadalamaq istərdim.
Ermənilər özlərinin cinayət və işğalçılıq əməllərini ört-basdır etmək üçün sivil dünya ictimaiyyətini aldatmaqdan, saxta, ucuz şou xarakterli materiallardan istifadə etməkdən çəkinmirlər. Hər cür saxtakarlıqlara əl atan ermənilər yenə də yazıq donuna girərək ictimaiyyəti və beynəlxalq qurumları çaşdırmaq və diqqəti yanlış istiqamətə yönəltmək işi ilə məşğuldurlar. Amma döyüş meydanında olduğu kimi, bu istiqamətdə də artıq uğursuzluğa düçar olduqlarını anlamağa başlayırlar. Artıq dünya onların təqdim etdiyi saxtalıqlardan cana gəlib və yalanlara əvvəlki kimi inanmır.
İkinci məqam, ermənilərin çoxsaylı itkilər verdiyi və bu səbəbdən də həddən artıq şişirtdikləri hadisələrdir. Gündə yüz dəfə "qələbə əzmli" artsax ordusundan danışan erməni oyunbazlığını sübut etmək üçün cəmi bir cümləlik fikir qeyd etmək yerinə düşər. Əgər bu döyüşlərdə ancaq Dağlıq Qarabağda məskunlaşan separatçı rejimin quldur dəstələri "qəhrəmancasına" vuruşurdusa, niyə həlak olanların 90 faizdən çoxu Ermənistan silahlı qüvvələrinə məxsusdur və onların dəfn mərasimləri Ermənistanın şəhər və rayonlarında təşkil olunur?! Bir rus atalar misalı var: "Arsızlıq ikinci xosbəxtlikdir". Amma abırsızlığın erməni variantına dəfələrlə olduğu kimi, bu hadisələr zamanı da bir daha şahid olduq. Hadisələr baş verən günlər erməni analar övladlarının başqa ölkə ərazisində və çox erməninin də hələ başa düşə bilmədiyi davada niyə ölməsinin hesabını tələb edəndə Ermənistanın kriminal hərbi-siyasi rejimi siyasətdə görünməmiş daha bir ədabazlığa, ikiüzlülüyə imza atdı. Qoşunların təmas xəttində vuruşanların, döyüş texnikasının 80-90 faizinin Ermənistan Respublikasına aid olduğu halda onlar "şanlı Artsaxla qarşılıqlı hərbi yardım barədə müqavilə" hazırlandığı haqqında utanmadan danışmağa başladılar.
Bundan əlavə, erməni hərbi rəhbərliyinin bacarıqsızlığı, səriştəsizliyi, qoşunların idarəsizliyi ucbatından məruz qaldıqları çoxsaylı itkilərə haqq qazandırmaq üçün Azərbaycan tərəfinin əks-həmlə əməliyyatlarında istifadə etdikləri qüvvələri o qədər şişirdirlər ki, az qalır sovet qoşunlarının Stalinqrad uğrunda döyüşlərinə çatsın. Amma ermənilər bir gün utanmadan bu "qələbələrini" "Pirr qələbəsi" ilə müqayisə etsələr təəccüblənmərik. Utanmasan oynamağa nə var ki? Ermənidə isə utanan üz yoxdur. Amma ağ edəndə, şişirdəndə də gərək ölçü, sərhəd biləsən. Şişirtmələrə ermənilərin başı elə çox qarışıb ki, şişirtdiklərinin sabun köpüyü kimi hər dəfə partlayıb yoxa çıxdığının fərqinə varmağı belə unudurlar. Buna da eyforiya deyirlər.
Daha bir məqam isə, bir çox erməni politoloqun da dilindən səsləndirilən məsələdir: "Ermənilər bu hadisələrdən dərs almalı və nəticə çıxarmalıdırlar". Bəli, sözün əsl mənasında ermənilər dərslərini aldılar və nəticə çıxarmalıdırlar. Əgər yenə də dərs almaq istəmirlərsə, daha böyük ölümlərlə, itkilərlə, sarsıdıcı zərbələrlə rastlaşmaq istəmirlərsə, Ali Baş Komandanımızın dediyi kimi, tezliklə Azərbaycan torpaqlarını tərk edib getsinlər. Çünki xalqımızın səbri artıq tükənib!
Bəli, ermənilər dərs aldılar. Bizim isə əldə etdiklərimiz nə oldu? Bunlar nədən ibarətdir? Sərin aprelin qızmar dekadasında ilk dörd gün ərzində baş verənlər bizə nəyi verdi və biz nəyi əldə etdik, nələri qazandıq?
İlk növbədə, son hadisələr Ali Baş Komandanın, dövlətimizin, hökumətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının hədər getmədiyinin və xalqımızın, Vətənimizin Ordumuza etimadının əbəs olmadığının, Ordumuzu sevməkdə yanılmadığımızın bir daha şahidi olduq.
Döyüş əməliyyatları zamanı hərbi kollektivlərdə zabitlər, gizirlər, əsgərlər arasında münasibətlərin yüksək səviyyədə, həqiqi dostluq, döyüş yoldaşlığı, qardaşlıq, bir ailə qədər səmimi, mehriban olduğunu gördük. Əsgəri qorumaq üçün komandirlər, zabit heyəti döyüşə birinci atılıb, irəlidə gedərək gəncləri öz arxası ilə aparıblar. Bu amil komandirlərlə əsgərlər arasında qarşılıqlı münasibətlərin inam üzərində qurulmasıyla qələbəmizin əsasını qoyub.
Ümumilikdə döyüşlərdə iştirak edən hərbi qulluqçularımızın davranışı göstərib ki, bizim əsgər düşməndən bir baş üstündür. Onun igidliyi, qəhrəmanlığı, şücaəti sərhədsizdir. O, sübut etdi ki, nəinki torpaqlarımızı son damla qanınadək müdafiə etməyə, hətta hər an əmrə hazır olaraq irəli atılmağa, düşməni əzib keçməyə, onun müdafiə xəttini yararaq dərinliyə irəliləməyə, qələbə çalmağa və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir.
Döyüşlərdən çıxarılan daha bir və bəlkə də ən vacib nəticə bu dörd gün ərzində bir nəfər də olsun hərbi qulluqçunun döyüş mövqeyini, döyüş meydanını özbaşına tərk etməməsi, silahı son ana qədər yerə qoymaması oldu. Bu meydandan yalnız şəhidlər və yaralılar çıxarıldı. Hətta bəziləri yaralı olduğu halda belə, döyüşü tərk etmək istəmirdi. Unutmayaq ki, Birinci Qarabağ savaşı zamanı döyüş mövqelərini və səngərləri tərk edib qaçanların sayı yetərincə idi. Bu dörd gündə isə Azərbaycan əsgərinin ancaq irəli yürüməsinin, düşmən üzərində həm fiziki, həm də mənəvi baxımdan qələbə çalmasının şahidi olduq. Bunun nə üçün belə olmasının iki amillə izah etmək mümkündür. Birincisi, müstəqilliyimiz illərində orta və yaşlı nəsillərdən fərqli olaraq gəncliyimiz daha çox Azərbaycana sevgi, düşmənə qarşı isə hədsiz nifrət hissi ilə tərbiyə olunmasıdır. Qarabağı canlı deyil, yalnız virtual olaraq görən, hiss edən bugünkü gənclər onun həqiqətən Azərbaycanın ayrılmaz hissəsi qalması üçün canından keçməyə hazır olduqlarını bir daha sözdə deyil əməldə isbat etdilər.
Son dövrələr alınmış yeni müasir silahların tətbiqi zamanı şəxsi heyətin onlardan istifadə bacarığını, silahların zərbə gücünü, effektivliyini sınamış olduq. Silahın zəhminin əsgərlərimizi sarsıtmadığını, əksinə onların bacarıqları sayəsində həmin silahların düşmən üçün daha da qorxunc olduğunu seyr etdik. Elə bunun nəticəsidir ki, düşmən tərəfi yalnız iki gün sonra, o da beynəlxalq qurumların və digər dövlətlərin təkidli xahişləri sayəsində yaranmış sakitlikdən, özündə ermənilərə xas xaincəsinə istifadə edərək cavab verə bildilər. Bölmələrimizin artilleriyadan, raket zərbələrindən bacarıqla istifadə etmələri, PUA-ların köməyi ilə müəyyən edilmiş koordinatlar əsasında düşmən mövqelərinə endirdiyi dəqiq zərbələri nəticəsində düşmən itkiləri nəinki erməni ordusunda, Qarabağda, hətta Ermənistanda vahimə yaşamalarına və dünyaya əməliyyatların dayandırılması barədə yalvarışlarına səbəb oldu.
Bundan əlavə, dörd gün ərzində hərbi qulluqçularımızın səmərələşdirici təklifləri əsasında həyata keçirilən yeniliklərin döyüşlərdə tətbiqi imkanlarını və effektivliyini də sınaqdan çıxarmaq, yoxlamaq imkanı əldə etdik. Həmçinin döyüşdə iştirak edən rəhbər heyətin, zabitlərin, komandirlərin peşəkarlığı, idarəetmə qabiliyyəti, başqa birləşmələrlə uzlaşmada əlaqəli fəaliyyətini praktiki izlədik, təhlil etdik. Tətbiq edilən yeniliklərin, aparılan islahatların artıq müsbət bəhrə verdiyini bir daha gördük.
Döyüş təchizatının durmadan təmin olunması, ehtiyatların vaxtında çatdırılması, qoşun xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyatın və radiolektron mübarizənin uğurlu icrası, tibbi xidmətin yüksək səviyyəsi, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin səmərəli təşkili bu əməliyyatlarda Ordumuzun qələbə əzmini, inamını qat-qat artırdı, Ordumuzun uğur qazanacağına heç bir şübhə olmadığını hamıya bir daha göstərdi. Ordumuz bu əməliyyatlarda inam, etibar sahibi, sözündə və əməlində vəhdətin olduğunu sübut etdi, döyüş təcrübəsi qazandı, öz qüdrətinə daha da əmin olaraq irəli atıldı.
Cəbhəyanı kəndlərdə yaşayan əhali bir daha əmin oldu, inandı ki, artıq onları qoruyan, onların təhlükəsizliyini təmin etməyə qadir bir güclü qüvvə - Ordumuz var.
Bundan əlavə, şəhidlərin dəfni zamanı onlara nümayiş etdirilən hörmət, ehtiram, diqqət, qayğı, münasibət, vətənpərvərlik hissləri ilə dolu sərgilənən coşqu böyük bir uğurdan xəbər verdi. Ölkədə hər kəsin Silahlı Qüvvələrimizlə fəxr etdiyinin, Azərbaycan Ordusuna minnətdar olduğunun da bir daha şahidi olduq. Bu dörd gün davam edən proseslər döyüş ruhumuzun ölməzliyini açıq-aşkar nümayiş etdirdi, hərbi-vətənpərvərlik hisslərinin inkişafına böyük təkan verdi.
Sonda əldə etdiyimiz daha bir uğurdan danışmaq istərdim. Rəsmi açıqlamalardan da göründüyü kimi, Ordumuzun qarşısına qoyulan tapşırıq cəbhəboyu zonda ermənilərin yasayış məntəqələrimizi və dinc sakinlərimizi atəşə tutmasına cavab vermək, ətrafda olan vacib yüksəklikləri azad etmək, qoruyub saxlamaq, mökəmlənmək və əhalinin təhlükəsizliyini təmin etmək idi. Dəfələrlə bəyan edilmişdi ki, düşmən bu cür çirkin əməllərindən əl çəkməsə, ona layiq olduğu dərs veriləcək. Ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi və erməni tərəfinə layiq olduqları dərsi verildi.

İsa İsmayılov
Hərbi jurnalist