Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi Siyasət

Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1993-cü il 4 noyabrda keçmiş beynəlmiləlçi döyüşçülərlə görüşdə demişdir ki, “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissdir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir. Ordumuz, müdafiə qüvvələrimiz möhkəmləndirilməlidir. Bunu da xalq etməlidir. Bu, bütün vətəndaşların işidir. Bunu ordunun özü, ordunun rəhbərləri etməlidirlər. Nəhayət, bunu biz etməliyik. Bu, bizim borcumuzdur. Ancaq hamımız birlikdə, sizinlə bərabər etməliyik.”

Ulu Öndər Heydər ƏIiyev və Azərbaycan dili! Bu iki ad 20ci əsrin 60-cı iliərindən həmişə qoşa çəkilmişdir. Çünki H.ƏIiyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan – 1969-cu ildən bu günə kimi Azərbaycan dilinə təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən yayındırmamışdır.H.ƏIiyevin ayrı-ayrı nitqində dil haqqında söylədiyi düşüncələri onun Azərbaycan dilinin inkişafındakı rolunu, mövqeyini bir daha qabarıq şəkildə göstərir, dilimizin inkişaf istiqamətlərini müəyyənləşdirir:

«Hər bir azərbaycanlı birinci növbədə öz dilini bilməlidir. Ondan sonra başqa dilləri bilməlidir. Mən bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, indi biz müstəqil dövlətik və bizim vətəndaşlarımız, xüsusən gənclərimiz başqa dilləri öyrənməlidirlər. Amma birinci növbədə öz dilini, yəni Azərbaycan dilini, bizim doğma dilimizi bilməli, sevməlidirlər. Doğma dilimizdə həm danışmalı, həm oxumalı, həm də yazmalıdırlar. Ondan sonra rus dili də, ingilis dili də, fransız dili də, başqa dillər də lazıımdır».

... «Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsində qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyyəti nəticəsində mümkün olur».

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. Bu, onun müqəddəs vətəndaşlıq borcu idi.Ana dilli hər millətin mənəvi sərvətidir.

22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə olan görüşdə Ulu Öndər qeyd etdi ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur”.

Ulu Öndər 2 noyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində qeyd etdi ki, “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur”. Həmçinin, vurğuladı ki, “Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür”.

Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.

Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı.

Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti