Bu müqaviləyə əsasən Güneydə 210 min kv. km ərazi İrana, 130 min kv. km isə Rusiyaya qatıldı
Millətimizin aqibətində bir olmaq, bütövləşmək imkanı həmişə olub, ancaq bu imkanımıza hələ ki, yetməmişik. 200 ildir ki, xalqımızı iki yerə ayıran "Gülüstan" müqaviləsi bu mənada məqamında xatırlanası dəhşətli hadisəyə şahidlik edib. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Beləliklə, Türkmənçay fəlakətinin özünə yaxın dönəmi 1813-cü il 12 oktyabra, dərin kökləri isə yüzillərlə o yana gedib çıxır. Fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən ulusumuzun aqibətinə hələlik davam edən ayrılıq, parçalanma yazıldı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı. 200 ildir ki, o müqavilədən sonra ardıcıl olaraq Azərbaycan faciələrə tuş gəlməkdədir. "Gülüstan" müqaviləsində bircə dəfə də olsun Azərbaycanın adına rast gəlinmir. "Türkmənçay" müqaviləsində də Azərbaycanın adı göstərilməyib...
Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycanın adını müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə yurdumuz bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz verdilər. A.Bakıxanov "Gülüstani-İrəm"də faciəni belə xatırlayır (sonradan özü də "Türkmənçay" faciəsini dəstəkləyənlərdən biri oldu): "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".
Bu müqaviləni İran tərəfindən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar. Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına, Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Ancaq İrəvan və Naxçıvan xanlıqları hələlik şahın hakimiyyəti altında qalırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus idi. Bu maddə Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradır, rus tacirlərini daxili gömrük vergisindən azad edirdi. Müqavilədə adı çəkilməsə də, bölünən, parçalanan Azərbaycan ərazisi idi.
Tarixçi-alim Vaqif Abışovun fikrincə, Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi: "Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güneydə Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən reallaşmadı".
Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı yüzillərdə, xüsusən Səfəvilər dövründə türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür. V.Abışov: "Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər".
"Türkmənçay" müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Rusiya və İran arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini qəti şəkildə rəsmiləşdirən Türkmənçay müqaviləsidir.
Əslində bu, bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi. Artıq həmin tarixdən 186 illik zaman keçsə də, yenə paralanmış, parçalanmış vəziyyətdəyik. Bu müddət ərzində türk xalqlarını başına çoxlu fəlakətlər gəldi. Hə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasını xilası da olmayacaq. Burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən "Gülüstan" və "Türkmənçay" fəlakətləri ilə bağlı ətraflı bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman itirdiklərimizin miqyası, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.
V.Abışov Türkmənçay faciəsinin yaranması səbəbləri barədə danışaraq deyir ki, hələ də bu faciədən bir millət olaraq dərs almamışıq: "Rusiya hələ 19-cu yüzilin əvvəllərindən başlayaraq artıq Azərbaycanda, ümumən Qafqazda vəziyyəti xeyrinə dəyişdirmək yönündə daha güclü cəhdlərə başlamışdı. "Gülüstan" müqaviləsindən qabaq Qarabağ xanlığı ilə Kürəkçay müqaviləsi, eləcə də Şəki, habelə Şamaxı xanlıqları ilə müqavilələr imzalanmışdı. Artıq Rusiya həm siyasi, həm də iqtisadi cəhətdən güclü şəkildə inkişaf etmiş bir dövlət idi. İran isə həmin dövrdə geridə qalmış feodal döləti idi, hərbi cəhətdən o qədər də güclü deyildi. Bu səbəbdən də 1826-1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi Rusiya imperiyasının qələbəsilə nəticələndi. Azərbaycan "Türkmənçay" adlı müqavilə ilə iki yerə, yəni İranla Rusiya arasında bölündü. "Türkmənçay" müqaviləsinin imzalandığı Türkmənçay kəndi Təbrizlə Tehranın arasında, Tehrana gedən yolun üstündə yerləşir.
"Türkmənçay" müqaviləsinə qədər Azərbaycanda mövcud olan xanlıqlar üç qismə bölünmüşdü. Bunların bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə bilsin. Artıq 1806-cı ildə Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasının himayəsini qəbul etdilər. Şamaxı və Bakı xanlıqları Rusiyaya qarşı müqavimət göstərsələr də, az sonra Rusiyanın tabeliyinə keçdilər. Azərbaycan yuxarıda adları sadalanan ölkələrin faktiki döyüş, siyasi mübarizə, hərbi münaqişə meydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli vəziyyətdən artıq qaçmaq mümkün deyildi".
Görəsən, Azərbaycanın "bölünmüş xalq" statusunu dünyaya necə anlatmalıyıq? Digər tərəfdən də dünya Azərbaycanın vəziyyətini, tarixi keçmişini, harda səhv etdiyini, nələri itirdiyini gözəl bilir. Ümumiyyətlə, bizi sevməyənlər bizi bizdən də yaxşı tanıyırlar. Biz isə hələ də tarixi düşmənlərimizi yaxşı tanımamışıq. 1945-ci ildə Azərbaycanın Güneyində Pişəvəri Hökuməti quruldu, ancaq bir ildən sonra bu hökumət amansızcasına boğuldu, soydaşlarımıza divan tutuldu. Belə bir zamanda yaradılan BMT ziqzaqlı məqamları "qanuniləşdirdi": bir tərəfdən millətlərin hər birinin öz müqəddəratını təyin etmək hüququ tanındı, digər tərəfdən də hər bir dövlətin ərazisinin toxunulmazlığı təsbit edildi. O zaman Azərbaycanın Quzeyinin SSRİ əsarətində olduğu dövrdə bir millət olaraq səsimizin çıxması mümkün deyildi. Bu gün çoxu deyir ki, Qarabağ dərdimizin olduğu bir zamanda Güney Azərbaycan dərdindən danışmaq yersizdir. Türk Dünyası Güney Azərbaycan dərdimizə bələdlik səviyyəsində belə hələ yanaşmır. Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, ciddi yanaşma hiss olunmur. Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. Məlumdur ki, SSRİ-nin dağılmasından az sonra Almaniya birləşdirildi. Berlin divarlarından əsər-əlamət qalmadı. Görəsən, bu gün dünyada bölünmüş xalqlar timsalında Azərbaycan türkləri sayağı 200 ildir ayrılıq əzabını dadan bir xalqı varmı? Dərinə gedəndə Şimali və Cənubi Koreyanın birləşməsi dünya üçün dəhşətli fəlakət olmaz. Baxmayaraq ki, bu birləşməyə də hər cür əngəl törədilir. Ancaq Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü özünün ağalıq iddialarına qarşı ən böyük əngəl hesab edir. Azərbaycan dərdimizin həll olunması bir günün işi deyil. Hər şeydən əvvəl gedişat bizdən daha təpərli, ayıq, yetkin fərdlər olaraq meydana çıxmağımızı tələb edir. Hətta istədiyimiz səviyyəli fərdlərin yetişəcəyi vəziyyətdə belə Azərbaycanın Birliyi ideyası müəyyən dövrün nəticəsi kimi gerçəkləşə bilər.
Azərbaycanın başına gələn faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır. Azərbaycanın yurd bölünmüşlüyü fəlakəti barədə ilk növbədə aydınlarımız car çəkməlidirlər. Milli mənafe şəxsi mənafedən üstün olmalıdır. Aydınlarımız təəssüf ki, əksər hallarda sözlə əməli bir-birindən ayırırlar. Vaxtilə baş verənlərə millət nə qədər təəssüflənsə də, sonradan səhvləri düzəltmək çətin olur.
Uğur