Vyana görüşü – reallıq və proqnozlar Siyasət

Vyana görüşü – reallıq və proqnozlar

Ekspertlər bu görüşü təhlil edirlər

Cavid

Vyanada ABŞ, Fransa və Rusiya XİN başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yerli və xarici ekspertlər tərəfindən təhlil edilir. Görüşün əhəmiyyəti və bunun gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri imkanları ilə bağlı fikirlər söylənilir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərlinin fikrincə, Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüş demək olar ki, əvvəlki görüşlər kimi Qarabağdan daha çox ATƏT-ə və onun "sülhyaratma missiyasına" xeyir gətirdi. Sözsüz ki, çətin durumda olan Ermənistanın cinayətkar və sapdan asılı qalan prezidenti Serj Sarkisyanı Rusiya çox böyük ustalıqla və məharətlə xilas etdi.
Üzeyir Cəfərli bildirib ki, görüşdə alınana qərarlardan biri də bütün cəbhəboyu müşahidə kameraları quraşdırılmasıdır: "Bundan əlavə, yenə Qarabağ hesabına kişi olub öz ailə-uşaqlarını dolandıran, keyf edən "üç bacılar"ın dəstəsinə hazıryeyən bir xeyli "kameragüdənlər" də qatılacaq. Axı bu "ağıllı diplomatlar" qoşunların təmas xəttində vəziyyətə nəzarət etmək üçün yeni "kəşf" icad ediblər. Qərara alınıb ki, bu kameraları izləmək üçün xeyli sayda təzə xarici müşahidəçi təşkil olunsun. Görünən odur ki, Qarabağ məsələsinin tam həlli yəqin ki bir xeyli sonraya qaldı. Vyanadan bizə verilən görüntülərdə Ermənistan prezidentinin sağ tərəfində lövbər salmış Rusiya xarici işlər naziri Sergey Lavrovun necə "dişlərini ağartması" və öz əlaltısı Serj Sarkisyanla necə xısın-xısın gülümsəməsi onu deməyə əsas verir ki, bu "tülkülər" öz məqsədlərinə demək olar ki, tam şəkildə nail olublar. Vyana görüşü göstərdi ki, münaqişənin həlli xeyli uzanacaq".
Milli ordunun ehtiyatda olan zabiti deyib ki, Rusiya rəhbərliyi yenə çox böyük riyakarlıq edərək bizə sayğısızlıq, hətta çəkinmədən deyərdim ki, xəyanət etdi:
"Münaqişəni həll edəcək bir qüvvə varsa, o da Azərbaycan Silahlı Qüvvələridir. Kim nə deyir desin, yalnız və yalnız güc yolu ilə bu rus-erməni hoqqabazlarını, o cümlədən bunların nağıllarına inanan Amerika, Fransa və digər ölkələri başa salmaq mümkün olacaq. Ya biz Qarabağ məsələsini həll edəcəyik, ya da bundan sonra da bizə həqarət edən, ölkəmizi təhdid edən və ona meydan oxuyan bir çox beynəlxalq güclərin çirkin oyunlarının iştrakçısı olub sonda çox ağır bir mənzərə ilə üzləşməli olacağıq".
"Vyana görüşlərində konkret bir nəticə əldə edilməsə, münaqişənin həllinin hərbi yolu gündəmə gələ bilər. Bu proses Ermənistan üçün itkilər, Azərbaycan üçün isə işğal olunan torpaqların azad edilməsi ilə bitə bilər". Bunu isə politoloq Arzu Nağıyev bildirib. Ekspert Vyana görüşü fonunda Ermənistan hakimiyyətini gözləyən reallıqlara işıq salıb: "Ermənistanda kalanlararsı siyasi çəkişmələr pik həddindədir. Bir tərəfdən Rusiya yönlü Qarabağ klanı, digər tərəfdən Qərb yönlülər, eyni zamanda, qatı millətçilər kəskin mübarizə aparırlar. Hətta müxtəlif etnik qurumlardan da istifadə edərək hakimiyyət uğrunda savaşlarını davam etdirirlər. Qarabağ klanı Dağlıq Qarabağ münaqişəsinin həllində iflasa uğramaqdadır. Bu münaqişə üzərindən İrəvanda hakimiyyəti ələ keçirib və qondarma "DQR"-ə verdikləri "müstəqillik" sözünün üstündə dura bilmirlər. Məhz buna görə də nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamağa çalışır və atəşkəsi pozurlar. Rusiya Sərkisyanı əvəz edəcək bir şəxs tapana qədər bu proses davam edə bilər. Digər qurumlar isə nə qədər özlərini Qərb yönlü göstərsələr də, iqtisadiyyatın yarıdan çoxu Rusiyanın inhisarındadır və ərazidə də Rusiyanın çoxsaylı hərbi kontingenti, texnikası var. Bir sözlə, şansları çox azdır".
Politoloqun sözlərinə görə, Vyana görüşü Sərkisyan və onun komandası üçün acınacaqlı sonluqla bitə bilər: "Hazırda Qarabağ klanına dünyada yaşayan erməni lobbisi tərəfindən dəstək var. Qatı millətçilər isə klana nə qədər yaxın olsalar da, öz məqsədlərinə çatmaq üçün etnik qarşıdurmalar yaradırlar. Bu planı istər Ermənistanda, istərsə də digər ərazilərdə yeritməyə çalışırlar. Belə bir anlaşılmaz vəziyyətdə İrəvan artıq müstəqil siyasət yeridə bilmir və bunun sonu Rusiyanın verəcəyi qərarlardan asılıdır. Düşünürəm ki, hakimiyyətin saxlanılması və ya getməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlıdır. Vyana görüşlərində konkret bir nəticə əldə edilməsə, münaqişənin həllinin hərbi yolu gündəmə gələ bilər. Bu proses Ermənistan üçün itkilər, Azərbaycan üçün isə işğal olunan torpaqlarının azad edilməsi ilə bitər".