
Novruz Məmmədov: "O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır"
"Serj Sarkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir ".
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.
Novruz Məmmədov deyib ki, aprel hadisələri zamanı Serj Sarkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: "Serj Sarkisyan bütün bunları unudub, belə bir bəyanat verir".
Novruz Məmmədov Serj Sarkisyanın bundan əvvəl "Bloomberg" dərgisinə müsahibəsində isə hər an müharibəyə başlayacağını söylədiyini xatırladıb: "O, işğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, hər an müharibə ola bilər. Amma prezident gərək xalqının, ölkəsinin taleyini düşünsün, hər şeyi öz maraqlarına qurban verməsin. Serj Sarkisyan isə bunun əksini edir, öz mənafeyi naminə "status-kvo"nu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki həzz alır. Eyni zamanda "Bloomberg"ə müsahibəsində dediyi kimi, hərdən müharibənin başlana biləcəyini də düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sarkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik".
Novruz Məmmədov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır: "Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb".
Novruz Məmmədov bildirib ki, Elmar Məmmədyarovun Brüsseldə apardığı görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.
Prezident Administrasiyası rəhbərinin müavini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib: "Serj Sarkisyan yalan, böhtan danışmağa alışıb, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək ".
Novruz Məmmədov apreldə 800 hektar deyil, 2500-3000 hektar ərazinin işğaldan azad edildiyini də qeyd edib: "Serj Sarkisyan bu məsələdə də yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik".