“Bu, İranın Dağlıq Qarabağın işğalında iştirak etməsinin göstəricisidir” Siyasət

“Bu, İranın Dağlıq Qarabağın işğalında iştirak etməsinin göstəricisidir”

Mübariz Əhgmədoğlu: "Çünki İranın Ermənistana verdiyi qaz Qarabağdan keçəcək"

"Rusiya bütün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüsü ələ alıb və bu da müsbətdir". Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. "Bu gün bizim ictimai siyasi mühitdə və xarici ekspertlər arasında elə fikir var ki, guya Azərbaycan və Rusiya sövdələşməyə gedir. Guya Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulacaq. Amma bu cəfəngiyyatdır. Bir neçə il qabaq Rusiya və Azərbaycan münasibətlərində gərginlik yaşanırdı. Ermənilər təbliğat maşınını işə salmışdılar"- deyə o bildirib.
Politoloq qeyd edib ki, Rusiya ilə münasibətlərin normallaşmasında Azərbaycanın iqtisadi, siyasi gücü dayanırdı: "Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olarkən dedi ki, Azərbaycan Rusiya münasibətləri elə həddə çata bilər ki, Azərbaycanın tarixi problemləri birgə həll edək" . Politoloq sövdələşmə məsələsi bağlı səsləndirilən fikirlərin əsassız olduğunu deyib: "Bəzilərinin dediyi kimi Rusiya əgər Azərbaycanı KTMT və Aİİ-yə üzv edəcəksə, belə çıxır ki, Rusiyaya ərazi lazımdır? Rusiyaya ərazi niyə lazımdır? Rusiyanın MDB-nin digər dövlətlərinə və Azərbaycana qarşı siyasətini görürük. Rusiyanın SSRİ dövründən qalan uğurlu siyasəti Yaxın Şərq siyasətidir. Rusiya Yaxın Şərq dövlətlərinin ərazi bütövlüyünü möhkəmləndirir. Rusiya və Çin birgə razılığa gəlib ki, beynəlxalq hüquq qorunsun. Beynəlxalq hüquq da Qarabağ məsələsində Azərbaycanın yanındadır".
M.Əhmədoğlu bildirib ki, Rusiya Azərbaycan münasibətlərinin normallaşmasında Azərbaycanın apardığı siyasət mühüm rol oynayır. O qeyd edib ki, vaxtilə ermənilər Rusiyada mətbuatı və digər sahələri ələ almışdı: "ABŞ SSRİ-ni dağıtmaq üçün plan hazırlamışdı. Bu planı Moskvanı alınmaz qalaya çevirən ermənilərin təsiri ilə ruslar həyata keçirirdi. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlyünü parçalamağı yox, SSRİ-ni dağıtmaq məqsədi daşıyırdı".
Politoloq deyib ki, Rusiya Azərbaycan münasibətlərində hazırda gərginlik yoxdur, gərginliyin aradan qalxmasına dair təşəbbüs bizim tərəfimizdən irəli sürüb: "Rusiya Qafqaza gözünü yumsa Azərbaycan ordusu Ermənistanın içərisinə qədər gedər. Lakin Azərbaycanla münasibətlər gərgin olsa, Rusiya Qafqaza göz yummaz".
Politoloq əlavə edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı ciddi uğur qazanıb, bura mərhələli həll planı daxildir.
İran-Azərbaycan münasibətlərindən danışan politoloq deyib ki, 2014-cü ildə Azərbaycandan- Lənkərandan buraxılan pilotsuz uçuş aparatının İsfahana getməsi mümkün deyildi. Politoloq İrana müraciətlə "ay iranlı siyasətçilər siz necə dövlətsiz ki, aparat 700 km ölkənin içərisinə uçur və sizin bundan xəbəriniz olmur",- deyə vurğulayıb. Politoloq bildirib ki, İranın dediyinə görə, onun alimlərini İsrailin təlim verdiyi motosikletçilər öldürüb: "Mən birinci dəfədir İranda görürəm ki, alimi belə öldürürlər. Yaxşı alimin birini motosikletçi öldürdü. Digərlərini kim öldürür?"
Politoloq xatırladıb ki, İranın ərəb dilli "ƏlMənar" televiziyası var. Əlmənar Ermənistan prezidenti Serj Sarkisyana efir ayırdı. Sonra İranın parlament spikeri dedi ki, Dağlıq Qarabağ münaqişəsində millətlərin öz müqəddəratını təyin etmək hüququnun tərəfindədir: "Niyə İrana nə maraqdır ki bu? Elədirsə, İran xalqların müqəddəratını öz ərazisində yaşayanlar üçün də nəzərdə tutsun".
Politoloq vurğulayıb ki, Azərbaycan İrana dostluq əli uzadır. O vurğulayıb ki, Azərbaycan prezidenti Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü təşəbüsünü irəli sürür: "Bu həddsiz dərəcədə stratejidir. Bu, İranın destruktiv fəaliyyətini neytrallaşdırmaq üçündür. Hər kəs bilir ki, İranı zəiflətməyin yolu İrandakı azərbaycanlılardır. Lakin prezident İlham Əliyev İrana deyir ki, gəl dost olaq".
Politoloq deyib ki, prezident İlham Əliyev 10 milyonluq xalqın dövlət başçısıdır. Lakin 52 milyon azərbycanlı İlham Əliyevi lider kimi qəbul edir. Bəs dünyada farslar nə qədərdir? Cəmi 35 milyon.
Politoloq deyib ki, hazırda Ermənistanda kənd təsərrüfatı məhsullarının satışı vaxtıdır, lakin yuxarı Larsdan yollar bağlıdır: "Rusiya Ermənistan məhsulların ən böyük alıcısı olsa da, yollar bağlıdır. Bundan başqa, Rusiya təmirə görə Ermənistana qaz verməyəcəyini elan etdi. Bu vaxt İran Ermənistana bildirdi ki, Rusiya sizə qaz vermədiyi vaxtda mən verəcəm".
Politoloqun fikirncə, bu, İranın Dağlıq Qarabağın işğalında iştirak etməsinin göstəricisidir. Çünki İranın Ermənistana verdiyi qaz Qarabağdan keçəcək.
Politoloq hesab edir ki, İranın islam dininə münasibətini də şərh edib: "İran elə bilir ki, Allah onun konstitusiyası ilə işləyir. Artıq orada ayətullah adı o adamlara verilir ki, onlar İslamın qaydalarını pozur. Azərbaycanda İranın 5 qurumu var. Bu, İranın, ermənilərin marağına xidmət üçündür. İrana təklif edirəm ki, Azərbaycanda onun marağına xidmət edən saqqallıları aparıb töksün Tehrana, onlar orada din yaysın".